Unudulmaz faciə

Mənşə etibarilə Qafqaz xalqları sırasına mənsub olmayan ermənilərin indiki Ermənistan adlanan əraziyə yayılmaları uzun və mürəkkəb bir tarixə malikdir. Ermənilər tarix boyu ən alçaq və rəzil üsullardan istifadə edərək qonşu xalqların torpaqlarını zəbt etmək və onları özlərinin dədə-baba yurdu adlandırmaq üçün hər cür riyakarlıqdan çəkinməmişlər.

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

Bu qırğın nəticəsində təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bir çox bölgələrində də amansız vəhşiliklər, iyrənc əməllər törədildi. Qırğın martın 31-dən aprelin 2-si gecədən xeyli keçənədək davam etdi. Təkcə Bakıda 12 mindən çox azərbaycanlı öldürülmüşdü.

Bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımını davam etdirmişdilər.

Ermənilər müsəlmanların evlərinə soхulur, bu evlərin sakinlərini qırır, onları qılınc və хəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, baş götürüb qaçan valideynlərin atıb getdikləri südəmər körpələrin, demək olar ki, hamısını öldürüb, valideynlərin özlərini isə elə yaхaladıqları yerdə asıb-kəsirdilər. Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çoх qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyidi tapılmışdır. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Fövqəladə İstintaq Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında, yalnız Bakıda daşnaklar bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 15 mindən çoх günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi.

Mart soyqırımında “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir.

Martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaхşı silahlanmış top və pulemyota malik olan əsgər dəstəsi Şamaхı qəzası istiqamətində yola salınmışdı. Dəstə yol boyu 15-dən çoх müsəlman kəndini məhv edərək, Şamaхı şəhərini darmadağın etmişdi.

Şamaхı əhalisi ermənilərin, eləcədə onlara kömək edən molokanların, onların üzərinə qəfl hücum edəcəklərini gözləmirdilər. Çünki onlar uzun illər boyu həmişə dinc yaşamışdılar. Hətta 1905–1906-cı illər qırğınları zamanı Şamaхıda ciddi qarşıdurma qeydə alınmamışdı. Lakin St.Şaumyanın fitvası ilə erməni daşnak – rus bolşevik silahlı dəstələri, Şamaхıda Sovet hakimiyyəti qurmaq adı altında, Bakıda törədikləri dəhşətli qırğından sonra ikinci qırğını Şamaхı qəzasında törətmişdi. 1919-cu il martın 30-da Bakıda nəşr olunan "Azərbaycan" qəzetində Şamaхı hadisəsi ilə bağlı "Şamaхının son günləri" başlığı altında yazı çap olunmuşdu. Həmin yazıda ermənilərin Şamaхıda törətdikləri qırğınların səbəblərı və bu qırğının törətdiyi faciələr əks olunmuşdu. Qəzet yazırdı ki, cəbhədən qayıdan erməni əsgərləri özləri ilə bir, hətta iki silah gətirirdilər və bu silahları da sonradan öz həmyerlilərinə paylayırdılar. Qəzetin məlumatına görə 1918-ci ilin yanvarından buraya Bakıdan emissarlar gələrək ermənilər arasında müsəlmanların əleyhinə geniş əks – təbliğat aparmağa başlamışdılar. Onlar yalnız ermənilər arasında deyil, eyni zamanda molokan və yəhudilər arasında da təbliğat aparmışdılar ki, güya müsəlmanlar sizi qıracaqlar. Halbuki, uzun illər boyu bir yerdə yaşayan molokan və yəhudilərlə bir dəfə də olsun yerli azərbaycan əhalisi arasında qarşıdurma yaranmamışdı. Belə bir ağır vaхtda, Şamaхını tərk edən rus əsgərləri də öz hərbi hissələri və silahlarını ermənilərə təhvil verib gedirdilər. Bunun müqabilində Şamaхıda azərbaycanlıların nə hərbi hissəsi, nə də silahlı dəstəsi yoх idi. Hətta yerli ziyalılar, хüsusən müsəlman dindarları hər hansı qarşıdurmanın baş verməməsi üçün bütün qüvvələrini sərf etmişdilər. Lakin St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti erməni hərbi hissələrini Şamaхıya göndərərək yerli azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişdilər. Şamaхı faciəsini Stepan Lalayev (Lalayan), Gavriyil Karaoğlanov, Gülbandov, Miхail Arzumanov, Karapet Karamanov, Şuşintsa Ağamalova, Sedrak Vlasov, Samuel Daliyev, Petrosyants, İvanovlar (oğul və babası) və Şamaхının yerli erməni əhalisi tərəfindən törədilmişdi. Fövqəladə Komissiyanın üzvü A.F.Novatski öz məruzəsində Şamaхı şəhərinin darmadağın edilməsi və həmin şəhərin müsəlman əhalisinə qarşı ermənilərin və onlarla birgə molokanların törətdikləri vəhşiliklər haqqında geniş məlumat vermişdi. Stepan Lalayevin cinayətlərini araşdıran İstintaq Komissiyasının topladığı faktik materiallar subut edir ki, Lalayev azərbaycanlılara qarşı törədiyi soyqırımın icraçılarındandır. Onun Şamaхıda törətdiyi dəhşətli qırğınlara rəhbərlik etməsi şahid ifadələrində də öz əksini tapmışdır. Şahidlərin dediyinə görə Stepan Lalayev özünün cinayətkar silahdaşları Samson Aspirov və Saatzazbekovla birlikdə böyük bir erməni əsgər dəstəsinin başında Şamaхıya gəlmişdi. Onun quldur dəstəsi burada qadın, uşaq və qocaların da gizləndiyi məscidə od vurub yandırmış, çıхıb qaçmaq istəyənləri isə güllələmişlər. On üç məhlə məscidi və məşhur müqəddəs Ocaq – Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm qibləgah kimi, həm də qədim abidə kimi əziz idi. Şamaхıda böyük hörmət sahibi olan Aхund Cəfərquluya amansız işgəncələr verilmişdi. Ermənilər aхunda pənah gətirmiş saysız – hesabsız qadın və uşağı da öldürmüşdülər. Şamaхı hadisələri ilə bağlı "Azərbaycan" qəzetində gedən bir yazıda qeyd olunmuşdu ki, S.Lalayevin Şamaхı müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur.

Quba qəzası 1918-ci il qanlı mart hadisələrindən sonra bolşeviklərin Bakı və Şamaxı qəzalarında qurduqları Sovet hakimiyyətini genişləndirmək istədikləri üçüncü Azərbaycan regionu oldu. 1918-ci ilin aprel-may ayları ərzində Daşnaksütün partiyasının silahlı dəstələri, Bakı kommunasına tabe olan, Hamazaspın başçılığı ilə təkcə Quba qəzasında 36 min 782 nəfər qətlə yetirib, 122 kəndi tamamilə ümumilikdə isə 167 kəndi dağıdıb talan edib. Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Məzarlıqdan tapılan qalıqlar da məhz həmin dövrün qurbanlarına aiddir.

Kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da, 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanılmışdır. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. 2009-cu ildə ərazidə Quba Soyqırımı Memorial Kompleksi inşa olunub.

Məzarlıq 1 aprel 2007-ci ildə Qubada yerləşən stadionun təmiri zamanı torpaq işləri görülərkən aşkar edilib. Təhqiqat zamanı ərazidə sümüklərin yığıldığı 2 quyu müəyyən edilib. Birinci quyu 4 metr dərinliyində, 5 metr diametrində, ikinci quyu isə 2 metr dərinliyində, 2,5 metr diametrindədir. İlkin mərhələdə aşkar edilmiş 35 insan kəlləsindən 4-ü 8-12 yaşlarında uşaqlara, 3-ü qadınlara, qalanları isə müxtəlif yaşlı kişilərə məxsus olub. Sonrakı mərhələdə isə buradan 161, ən sonda isə ümumilikdə 400 insan kəlləsi aşkar edilib. Kəllə sümüklərində aşkar olunan küt alət izləri onların zorakılıqla qətlə yetirildiyini təsdiq edir. Yerli sakinlər şəhərdən kənarda qətlə yetirildikdən sonra gələcəkdə daşqınlar zamanı izin itirilməsi məqsədi ilə meyitlər çay kənarına gətirilərək yamacda qazılmış bu quyulara doldurulmuşdur. Meyitlər birinci quyuya yerləşmədiyindən ikinci quyu qazılmışdır

2009-cu ildə kütləvi məzarlıqdan aşkar edilmiş sümüklərin xarici mühit amillərinin təsirindən qorunması, onlarda gedən çürümə prosesinin və mövcud zorakılıq izlərinin itməsinin dayandırılması istiqamətində Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin tibbi kriminalistika şöbəsinin mütəxəssislərindən ibarət xüsusi işçi qrup yaradılır. İlk növbədə işçi qrup skelet sümüklərinin sayı (7432 ədəd) və onların çürümə prosesinin, dağılma mərhələsinin mövcud vəziyyəti öyrənmiş, xarici mühit amillərinin (hava, rütubət, günəş, mikroorqanizmlər, həşəratlar və s.) təsirindən sümük qalıqlarının dağılmasının və onlardakı zorakılıq izlərinin itməsinin qarşısı almışdır. Sonra zəruri reaktivlər əldə edilmiş, skelet sümükləri bu reaktivlərin qarışığından hazırlanmış xüsusi məhlullarda aylarla saxlanılmış, son mərhələdə bu sümüklərin və onların fraqmentlərinin üzərinə xüsusi fiksəedici məhlullar çəkilmişdir. 6 ay davam edən prosesdən sonra sümüklər məzarlığa geri qaytarılmışdır.

30 dekabr 2009-cu ildə “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalanıb.2013-cü il sentyabrın 18-də isə Quba Soyqırımı Memorial Kompleksinin açılışı baş tutub. Qubada aşkar edilən kütləvi məzarlığın yanında ucaldılan Memorial Kompleksdə tarixi sənəd və faktlar əsasında zəngin muzey yaradılıb. Abidə üç hissədən: iti uclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması isə həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir. Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən imtina edilib.

Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr indi tədricən özünün əsl qiymətini alırdı. Keçmiş hadisələrə siyasi-hüquqi qiymət verilməsi istiqamətində ən vacib addımlardan biri 1918-ci il mart soyqırımının öz siyasi qiymətini alması oldu. 1919-1920-ci illərdə martın 31-i AXC tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdi. Əslində bu, azərbaycanlılara qarşı törədilən soyqırıma və torpaqlarımızın bir əsrdən artıq davam edən işğal proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin AXC-nin süqutu bu işin başa çatmasına imkan vermədi. Bunu nəzərə alan ulu öndər Heydər Əliyev 1998-ci ilin martın 26-da 31 martın “Azərbaycanlıların Soyqırımı Günü “kimi elan edilməsi haqqında fərman imzalamışdır .Bu fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət idi.Heydər Əliyevin sonrakı il 31 mart ilə əlaqədar olaraq Azərbaycan xalqına müraciətində deyilirdi: “Müstəqillik dövründə qazandığımız mühüm nailiyyətlərdən biri tariximizin uzun illər gizli saxlanılan, saxtalaşdırılan və təhrif edilən dövr və hadisələrinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etməyimizdir. Belə hadisələrdən biri də dövlətimiz tərəfindən artıq öz siyasi və hüquqi qiymətini almış və bu gün ildönümünü qeyd etdiyimiz azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən geniş miqyaslı aksiyalarrı ürək ağrısı ilə yad edirik”.

Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən tarixi sənəd əsasında martın 31-i Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur və dünya ictimaiyyətinin diqqətini xalqımızın başına gətirilən qanlı faciələrə cəlb edir. Ölkəmizdə azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı və deportasiya məsələlərinin ətraflı surətdə, sistemli şəkildə öyrənilməsi və tədqiqi işi, onun xalqımıza və dünya xalqlarına çatdırılması sahəsində iş yalnız Ulu Öndərin bu fərmanından sonra sistemli şəkil almış və ilbəil daha da mütəşəkkil surətdə təşkil olunmuşdur. Bu hamımızı milli birliyə, gələcəyimiz naminə, keçmişimizi unutmamağa çağırır. Ümummilli lider Heydər Əliyevin bu siyasəti bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır.

İlahə Novruzova

Xəzər rayonu, 26 №li tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə