Türkiyə görüşündə qarşılaşan maraqlar - TƏHLİL

Türkiyə görüşündə qarşılaşan maraqlar - TƏHLİL

Rusiya ilə Ukrayna arasında olan müharibə bütün dünyanın diqqət mərkəzindədir və dünya ictimaiyyəti mövcud vəziyyəti diqqətlə izləməklə yanaşı, həm də bunun nə ilə yekunlaşacağını maraqla gözləyir. Donetsk və Luqanskın “müstəqilliyini” Ukraynanın tanıması, eləcə də ukraynalıların Krımdan imtina etməsini tələb edən Rusiyanın bu anda öz tələblərindən imtina edəcəyinə ümid edənlər azdır. Bu arada Ukrayna da döyüş meydanındakı real vəziyyətə istinad edərək, Rusiyanın şərtlərini dəyişdirə biləcəyinə ümid edir, amma sözsüz ki, bütün bunların reallığa nə qədər yaxın olduğu tərəflər arasında görüş keçirildikdən sonra bəlli ola bilər.

Tərəflər özləri də bu maraqların nə qədər reallığa yaxın olduğunu bilmək istəyirlər və görüş keçirilməsi razılıqları da sözsüz ki, bundan qaynaqlanır. Doğrudur, bundan əvvəl, yəni 28 fevral və 3 mart tarixlərində keçirilən iki görüşdən konkret razılaşma əldə edilməsə də hər iki tərəfin növbəti görüşlərdən müəyyən gözləntilərinin olduğu bir daha özünü göstərir. Rusiyanın ağır şərtlərinin Ukrayna tərəfindən qəbul edilməyəcəyi bəlli məsələdir, çünki bu şərtlər konstruktiv şərtlər deyil, əksinə, Rusiyanın qarşı tərəfə diqtə etmək niyyətidir. Məhz bu baxımdan da Ukrayna artıq Rusiyaya inanmır. Rusiya da Ukraynanın bundan sonrakı davranışlarına şübhə ilə yanaşır və etibar etmir. Bu baxımdan cəsarətlə deyə bilərik ki, vasitəçilər olmadan tərəflərin müəyyən bir razılığa gəlməsi mümkünsüz görünür. Maraqlıdır, Türkiyənin vasitəçiliyi ilə keçirilən görüşdə Ukrayna və Rusiyanın uzlaşması, bir razılığa gəlməsi mümkündürmü?

Diqqətə çatdıraq ki, bu vaxta qədər Fransa da, Almaniya da tərəflər arasında, yəni Ukrayna ilə Rusiya arasında danışıqlarda vasitəçi olmağa çalışıb. Məhz bu mənada Fransa prezidenti Emmanuel Makronun bir-birinin ardınca həm Rusiyaya, həm də Ukraynaya səfərlər təşkil etməsi təsadüfi deyildi. Məqsəd bəlli idi və Fransa prezidenti müharibənin qarşısını almağa çalışırdı, amma buna nail ola bilmədiyi göz qabağındadır. Əlbəttə ki, Almaniya tərəfinin də səylərinin nəticəsiz olduğu özünü göstərdi və bu iki Avropa ölkəsinin məsələyə müdaxilə etməsinə baxmayaraq heç nəyə nəil ola bilmədiyini bütün dünya ictimaiyyəti müşahidə etdi.

Heç şübhəsiz ki, Ukrayna ilə Rusiya arasında sülhün təmin edilməsi istiqamətində Türkiyənin əldə edə biləcəyi nəticəyə Türkiyə və Azərbaycanın nüfuzu və söz sahibi olması fonunda bütün dünya ictimaiyyəti inanır. Dünya ictimaiyyəti inanır ki, Ukrayna ilə Rusiya arasında müharibənin sülhlə nəticələnməsi istiqamətində real addımları ata biləcək ölkə Türkiyə və Azərbaycandır. Yeri gəlmişən bu məqam Qərb diplomatiyasının fiaskosundan, eləcə də Türkiyə və Azərbaycanın uğurundan xəbər verir. Çünki, Ukrayna və Rusiya arasında müharibənin başlamasının qarşısını ala bilməyən, bu müharibəni sonlandırmağı, sülhü bərqərar etməyi bacarmayan Qərb indi Türkiyənin bu məsələni çözəcəyinə, tərəfləri sülhə gətirəcəyinə inanır və sadəcə indi bunu müşahidə edəcək. Bu isə geosiyasi müstəvidə qardaş ölkənin, Türkiyənin diplomatik qələbəsi deməkdir.

Diqqətə çatdıraq ki, istər Ukrayna prezidenti Zelensi, istərsə də Rusiya prezidenti Putin hər məqamda Türkiyə Prezidenti cənab Ərdoğana inanır və böyük rəğbət bəsləyir. Bunu inkar etmək mümkün deyil və hər bir dövlət başçısının ayrı-ayrılıqda görüşlərindən də bu görünürdü. Məhz bu fonda tərəflərin məhz Türkiyənin vasitəçiliyi ilə bir araya gələcəyini söyləməkdə hər kəs haqlıdır. Onu da xatırladaq ki, müharibənin başlanılmasından öncə də, müharibə başlanıldıqdan sonra da əksər dünya ölkələrinin liderləri Rusiyadan, şəxsən Putindən üz döndərdiyi halda, Türkiyə və onun lideri Ərdoğan aparılan balanslı siyasətə uyğun olaraq hər iki ölkə ilə dialoqu davam etdirir və bu məqam tərəflərin diqqətindən yayınan deyil. Həm də Putin çox yaxşı başa düşür ki, danışıqları aparması üçün onun başqa bir alternativi də yoxdur və Türkiyə tərəfinə ümid etməyə dəyər. Çox güman ki, hər iki ölkənin, Ukrayna və Rusiyanın XİN rəhbərlərinin 10 mart tarixində Antalya şəhərində görüşünün ardınca bu ölkələrin prezidentlərinin də görüşü məhz Türkiyədə təşkil oluna bilər və bu gözləniləndir. Təbii ki, bu görüşlərin nəticəsiz qalacağını ağıla belə gətirmək olmur və Türkiyənin tərəflər arasında sülhə nail olacağına hər zamankı kimi ümid böyükdür.

Niyə məhz Türkiyənin vasitəçiliyi ilə sülhə nail olunacağına inanılır? Niyə bu boyda Qərbin vasitəçiliyi deyil, Türkiyənin vasitəçiliyi önəmli sayılır? Məsələ burasındadır ki, Rusiya lideri Putinin Qərbin vasitəçiyi ilə danışıqlara getməsi, sülhə razılıq verməsi onun məhz Qərb diplomatiyası qarşısında davam gətirməməsi, ən azından geri çəkilməsi kimi bir görüntü yaradar, hansıki bu onun üçün qəbuledilməzdir. Amma Türkiyənin vasitəçiliyi Rusiya üçün ən doğru seçim sayılır və bununla rəsmi Kreml həm də bütün dünyaya, xüsusilə Qərbə göstərmək istəyir ki, heç də təklənməyib. Ukrayna tərəfi isə yaxşı bilir ki, məhz Türkiyənin vasitəçiliyi ilə kompromis belə Rusiyanın ağır şərtləri ilə yox, ədalət çərçivəsində olacaq. Türkiyənin ədalətli mövqeyini nəzərə alsaq, cəsarətlə deyə bilərik ki, buna təkcə Ukrayna tərəfi deyil, bütün dünya ictimaiyyəti də inanır.

Sözsüz ki, istər Ukrayna tərəfi olsun, istərsə də Rusiya, hər ikisi bu qarşıdurmadan qalib kimi çıxmaq istəyir. Eləcə də tərəflərin danışıqlar zamanı belə üstünlüklər əldə etmək cəhdləri də təkzibedilməzdir. Yəni, bunu hər iki tərəf arzulayır və buna çalışır. Türkiyənin vasitəçiliyi ilə keçən görüşdə də bu müşahidə edilməlidir və burada təəccüblü heç nə yoxdur. Xüsusilə, rəsmi Moskvanın daha böyük şərtlər, ağır şərtlər diqtə etmək niyyəti də anlaşılandır, amma məsələ burasındadır ki, müharibənin uzanması, itgilər də öz sözünü deyir. Nəzərə almaq lazımdır ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların təsirləri də var və bu təsirlər rəsmi Moskvanı müəyyən yumşalmalara məcbur edə bilər. Yəni, Rusiya əvvəlki kimi diqtə etməkdənsə, bunun nəticəsindən də sanksiyalarla üzləşməkdənsə, şərtlərinin müəyyən qisminin razılaşdırılması ilə kifayətlənə bilər. Amma yenə də qeyd etmək lazımdır ki, bu hal yalnız Türkiyənin vasitəçiliyi ilə mümkündür və Rusiya da bundan faydalanmağa çalışacaq. Təbii ki, Ukrayna tərəfi də öz növbəsində bu vəziyyətdən yararlanmaq niyyətindədir və hər bir halda bu ölkə də müharibə faciəsinin davam etdirilməsi niyyətində ola bilməz. Bir sözlə, Türkiyə görüşündə qarşılaşan maraqlar tərəflər arasında qarşıdurmanın, mübahisələrin bundan sonra necə olacağı barədə proqnozlar verməyə ən azından imkan verəcək və sülhün bərqərar olması üçün təkan olacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə