“Azərbaycan Qarabağda antiterror əməliyyatları keçirə bilər” MÜSAHİBƏ
- Anar müəllim, Qarabağda rus sülhməramlılarının məsuliyyət zonasında qalan erməni separatçılarının yenidən təxribatlarının sayı artıb. Bu təxribatların arxasında xarici qüvvələrin dayandığını ehtimal etmək olarmı?
- Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında erməni separatçı qüvvələri tərəfindən Azərbaycana qarşı təxribatçı addımları son günlər daha da artıb. Hesab edirəm ki, Ukrayna-Rusiya münasibətləri və Rusiyanın Ukrayna daxilində separatçı rejimləri, “Luqanskı” və “Donetsk”ini müstəqil respublika kimi tanıması Qarabağdakı separatçı qüvvələrdə müəyyən əsassız ümidlər formalaşdırıb. Bu ümidlərdən çıxış edən separatçı qüvvələr hesab edirlər ki, Azərbaycana qarşı təxribatlar törətməklə Rusiyanın diqqətini özünə cəlb etməklə onları “respublika” olaraq tanınmasına nail ola bilərlər. Ancaq unudurlar ki, 2020-ci ildə Azərbaycan ordusu ərazisindəki separatçı qüvvələrə və işğalçıya qarşı hansı addımları atdı, hansı cəza tədbirlərini həyata keçirdi. Onlar deyəsən unudublar ki, Azərbaycan dövləti onun ərazi bütövlüyünə, dövlət suverenliyinə qarşı hər hansı bir separatçı addıma kəskin formada cavab verəcəkdir.
- Yəni antiterror əməliyyatlarının aparılması gözləniləndir?
- Bəli, hər şey mümkündür. Növbəti dəfə Qarabağdakı separatçı qüvvələrə və onların havadarlarına eyni zamanda, Ermənistandakı revanşist qüvvələrə ciddi zərbə vurulacaqdır. Təxribatların baş verməsi həm də Qarabağda rus sülhməramlı qüvvələrinin öz fəaliyyətlərinə məsuliyyətlə yanaşmamalarını, üzərlərinə düşən işin məsuliyyətini tam olaraq dərk etməmələrindən irəli gəlir. Rus sülhməramlı qüvvələri unudurlar ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
- Rus sülhməramlıları Qarabağa “Laçın dəhlizi” vasitəsilə kimi istədilər buraxırlar və bununla da üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər.
- Birmənalı şəkildə demək olar ki, rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan “Laçın dəhlizi” vasitəsi ilə istənilən şəxsin daxil olub və ya bu ərazini tərk etməsi qanunsuzluqdu və Azərbaycanın daxili işlərinə müdaxilə etməkdir. Separatçı qüvvələrin bu davranışları rus sülhməramlı qüvvələrin gözü qarşısında baş verdiyindən hesab edirəm ki, bu, həm də rus sülhməramlı qüvvələrinin Azərbaycan daxilində separatizmə dəstək vermə meyilərindən xəbər verir. Ona görə də Azərbaycan dövləti bu kimi addımlar təkrarlanarsa və davamlı xarakter alarsa, qısa müddətli antiterror əməliyyatları formalaşdırıb həyata keçirməli və Azərbaycan ərazisindən 10 noyabr bəyanatının 4-cü bəndinin tələbinə uyğun olaraq bütün erməni qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasına nail olmalıdır və olacaqdır. Həm Ermənistanın revanşist düşüncəli insanları, həm Qarabağdakı separatçı qüvvələri həm onların havadarları, həm də rus sülhməramlı qüvvələri unutmamalıdırlar ki, Azərbaycan dövləti bütün beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyü və dövlət suverenliyinin təmin olunması istiqamətində bütün hüquqlarını özündə saxlayır, bu hüquqların təmin olunması istiqamətində zəruri addımları atmaq səlahiyyətinə sahibdir. Eyni zamanda, 2021-ci ilin iyun ayının 15-də imzalanmış “Şuşa bəyannaməsi” və 2022-ci ilin fevral ayında imzalanmış “Moskva bəyannaməsi” ilə Azərbaycanın daxili işlərinə heç kimin qarışa bilməyəcəyi və Azərbaycanın öz daxili ərazilərində istənilən əməliyyatları həyata keçirməyin dövlətin suveren hüquqları olduğu bir daha təsdiq olunubdur. Bu hüquqların qarant rolunda çıxış edəcək qüvvələrdən biridə həm Türkiyə, həm də Rusiyadır. Bu vəziyyəti, reallıqları qarşı tərəf düzgün qiymətləndirməlidir və bundan sonra əgər Qarabağda erməni əhalisi qalıb yaşamaq istəyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Ermənilər yalnız Azərbaycan qanunvericiliyinin verdiyi hüquqlardan istifadə etməklə Azərbaycan qanunlarına tabe olmaqla bu istəklərini həyata keçirə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB