“Rusiya Ukraynada özünü çox pis duruma salıb” AÇIQLAMA

“Rusiya Ukraynada özünü çox pis duruma salıb” AÇIQLAMA

“Rusiyanın Ukraynaya hərbi təcavüzü beynəlxalq aləmdə çox ciddi rezonans yaradıb. Bütün dünya Rusiyanın bu təcavüzkar siyasətini birmənalı olaraq pislədi”. AMİP funksioneri Əli Orucov “Səs” qəzetinə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, beynəlxalq aləm çalışır ki, Moskvanın bu cür qeyri-insanı rəftarının qarşısını alsınlar və Rusiya işğalını durdursunlar: “Amma təəssüflər olsun ki, hələlik bu yetərli deyil. Güman edirəm ki, getdikcə Rusiyanın beynəlxalq aləmdən təcrid olunması nəticə etibarı ilə onun siyasətində dəyişiklik edəcəkdir. Məsələ ondan ibarətdir ki, Ukraynanın tezliklə təslim olacağını və yaxud da bu müharibədən biabırçı şəkildə Rusiyanın tələbləri qarşısında geri çəkiləcəyini düşünmürəm. Görünən odur ki, Rusiya Ukraynada özünü çox pis duruma salıb. Təbii ki, bu müharibə Rusiya cəmiyyətində də heç də birmənalı qarşılanmır. Yəni buna çox ciddi etirazlar var. Hesab edirəm ki, burada Rusiyanın hər hansı bir uduşla çıxacağı və Ukraynanı öz istədiyi kimi idarə edə biləcəyi və yaxud marionet bir hakimiyyət quracağı barədə planları gerçəkləşməyəcək. Moskva bu müharibədə çox sürətli qələbəni gözləyirdi, eyni zamanda düşünürdü ki, orada rus icması, rus dilli əhali Moskvanı gül-çiçəklə qarşılayacaq, amma görünən o oldu ki, hətta rus dilli əhali də çox ciddi müqavimət göstərir. Biz istərdik ki, Ukrayna bu ədalətli müharibədə qalib olsun. Çünki bu müharibənin nəticələrindən sonra dünyada və xüsusən də, regionda proseslər tamamilə kökündən dəyişiləcək, coğrafi mənada, istər siyasi mənada çox ciddi dəyişikliklərin biz şahidi ola biləcəyik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə