Ermənilər Ukrayna müharibəsindən nəticə çıxarırlar: artıq “sınaq daşı” atılıb ANALİTİK+AKTUAL

Ermənilər Ukrayna müharibəsindən nəticə çıxarırlar: artıq “sınaq daşı” atılıb ANALİTİK+AKTUAL

Armenianreport: “Azərbaycanlılar Rusiyanın müharibə nəticəsində zəifləməsini və bu ölkəyə qarşı tətbiq ediləcək sanksiyaların hansı nəticələrə gətirib-çıxaracağını hiss edərək özlərini daha sərt şəkildə aparacaqlar”

Ermənistan Ukraynada baş verən müharibə nəticəsində hansı siyasi-iqtisadi və s. cəhətlərdən zərbələrə məruz qalacağını hesaba almağa başlayıb. Ölkədə yaşanan ciddi təlaşla yanaşı, həm də sonrakı proseslər üzərində müxtəlif fikirlər səsləndirilir və onların hər biri pessimizmlə müşahidə olunur. Bu xüsusda daha çox yazan isə əlbəttə ki, mətbuatdır.

SİA xəbər verir ki, sözügedən mövzu ilə bağlı armenianreport saytı müxtəlif proqnozlarını irəli sürməklə cərəyan edən hadisələrin Ermənistana və erməni xalqına yaxşı heç nə vəd etmədiyini yazıb.

“Rusiyanın iqtisadiyyatı Latın Amerikası səviyyəsində olacaq”

Misal üçün, Ukraynada davam edən müharibənin Ermənistana hansı iqtisadi zərbə vuracağı ilə bağlı qeydlər aparan erməni saytı bildirir ki, müharibə ilk növbədə “spryuka” (diaspora) zərbə endirəcək. SİTAT: “Sirr deyil ki, bizim həmvətənlərimizin çoxu vətənlərində hərbi xidmət keçməmək üçün Ermənistandan Rusiyaya köçüblər. Onlar Qarabağa, ya da sərhədlərə göndərilmək riskindən özlərini sığortalayıblar. Onların valideynləri hesab edirdilər ki, övladları rus ordusunda bir il xidmət keçməklə hərbi biletlərini alacaq və yaşayacaqlar... İndi isə bu olmayacaq. Hərbi xidmətdə olmusan? Onda çıx bana. O hərbi yük maşınının banına ki, üzü Ukraynaya tərəf gedir”.

Erməni saytı erməni iş adamlarını da gözləyən acınacaqlı vəziyyətdən yazır. “İş adamları üçün də yaxşı günlər gözlənilmir. Rusiya elə bir sanksiyalar altında qalıb ki, hətta dünyanın ən təcrid edilmiş ölkələri belə sanksiyalara məruz qalmayıblar. Rusiyanın iqtisadiyyatı Latın Amerikası səviyyəsində olacaq”, deyə armenianreport erməni iş adamlarının Rusiyadakı ağır aqibətlərini proqnozlaşdırıb.

Digər bir amilə də toxunan erməni media qurumu proqnozlaşdırır ki, yoxsulluq və acınacaqlı həyat fonunda rus millətində şovinizm hissləri baş qaldıracaq və onlar həmin acı və çıxılmaz hisslərini xarici miqrantların, o cümlədən ermənilərin üzərinə boşaldacaqlar.

Armenianreport Ukraynadakı ermənilərin də acı aqibətlərini proqnoz edib və eyni zamanda, Rusiya və Belarusda yaşayan ermənilərin də bənzər vəziyyətlə üzləşəcəklərini bildirib. Qeyd olunub ki, onların Ermənistanda yaşayan qohumları həmin ölkələrə pul köçürməkdə ciddi problemlərlə üzləşəcəklər. Lakin ən maraqlısı..!

Azərbaycan Ordusunun Xramort kəndinə doğru səsgücləndirici vasitəsi ilə xəbərdarlıq etməsi faktını xatırladan armenianreport həmin olayı ermənilərə tərəf atılan “sınaq daşı” kimi qiymətləndirib

Ən maraqlısı isə əlbəttə ki, ermənilərin bu vəziyyətdə Azərbaycanın necə davranacağı ilə bağlı fikirləridir. Çünki o da sirr deyil ki, ermənilər hər yerdə, əllərində olan hər imkanlarında dərhal Azərbaycan faktorunu qabardaraq əslində nə qədər təlaşlar, narahatlıqlar keçirdiklərini açığa çıxarmış olurlar.

Gəlin yalnız bir ifadəyə diqqət yerirək. “Azərbaycanlılar Rusiyanın müharibə nəticəsində zəifləməsini və bu ölkkəyə qarşı tətbiq ediləcək sanksiyaların hansı nəticələrə gətirib-çıxaracağını hiss edərək özlərini daha sərt şəkildə aparacaqlar”, deyə qeyd edən erməni saytı əlavə edir ki, azərbaycanlılar Rusiyanın ikinci cəbhə aça bilməyəcəyini anlayaraq bu addımlarını atacaqlar. Onlar hətta buna misal da gətiriblər. Belə ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunun Əsgəran yaxınlığında, hazırda erməni separatçılarının yerləşdikləri və orada hərbi məqsədli səngərlər, istehkamlar hazırladıqları Xramort kəndinə doğru səsgücləndirici vasitəsi ilə xəbərdarlıq etməsi faktını xatırladan armenianreport həmin olayı ermənilərə tərəf atılan “sınaq daşı” kimi qiymətləndirib.

Beləliklə, artıq ermənilər özləri Ukraynadakı vəziyyətin onlara necə təsir göstərdiyini açıq-aydın ifadə edirlər və eyni zamanda, çıxılmaz dalana söykəndiklərini etiaf edirlər. Bu zaman düşünməli və nəticə çıxarmalı da məhz ermənilər olmalıdırlar, nə qədər ki, gec deyil...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə