Paşinyanın danışıqları onun səmimi olmadığını sübut edir - POLİTOLOQ ŞƏRH ETDİ

Paşinyanın danışıqları onun səmimi olmadığını sübut edir - POLİTOLOQ ŞƏRH ETDİ

“Söhbət Ermənistandan getdiyi halda səmimilikdən danışmaq sadəlövlük olardı. Nikol Paşinyanın bəyanatları və davranışları arasındakı fərq onun səmimi olmadığını sübut edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Paşinyan gah “status”dan danışır, gah sərhədlərin delimitasiya və demarkrasiyasının vacibliyindən, sülh müqaviləsindən danışır və sülh haqqında danışdığı vaxtda belə Ermənistan tərəfdən Azərbaycanın sərhədyanı rayonlarını atəşə tutulması davam edir: “Paşinyanın bu gün sülhdən danışması daha çox məcburiyyətdən irəli gəlir. Bu məcburiyyətin də bir neçə səbəbi var. Bunlardan birincisi Ukraynaya təcavüzü fonunda olduqca sərt sanksiyalarla üzləşən Rusiyanın maliyyə durumu və iqtisadi vəziyyətinin hər keçən gün daha da ağırlaşması ilə bağlıdır. Bu isə o deməkdir ki, Ermənistanın ən vacib iqtisadi tərəfdaşı olan Rusiyanın bundan sonra əvvəlki şəkildə Ermənistan iqtisadiyyatını ayaqda tutmaq imkanları minimuma enəcək. Rusiyadan yardım ala bilməməsi isə Ermənistanı çökdürə bilər. Üstəgəl Rusiyada yaşayan və ailəsinin dolanışığını həmin ölkədən təmin edən iki milyona yaxın erməni də çıxılmaz durumda qalacaq və bu da ölkəyə göndərilən maliyyə kütləsinin çəkisində azalmaya səbəb olacaq. Belə olan halda Ermənistanın baş naziri anlayır ki, bölgədə sülhün olması, kommunikasiyaların açılması bu ölkə üçün mövcud vəziyyətdən yeganə çıxış yoludur. Çünki bölgədə Rusiyanın iqtisadi gücünü sığortalaya bilən tək qüvvə Türkiyədir.

Türkiyə ilə münasibətlərin bərpası isə Azərbaycanla sülh müqaviləsi bağlamaqdan keçir. İkincisi güclü iqtisadi böhranla üzləşən Rusiyanın ayrı-ayrı ölkələrdə hərbi baza saxlamaq imkanları da minimuma enəcək və Ermənistan bu gedişlə rus hərbi kontingentinin Qarabağ ərazisindən və eləcə də Ermənistandan çıxacağından da narahatlıq duyur. Paşinyan anlayır ki, hətta həmin hərbi qüvvələr qalsa belə Rusiyanın Ermənistana olan himayəsi əvvəlki dövrlərdəki kimi olmayacaq. Ermənistanda olan hərbi bazaya və eləcə də Suriya və digər ərazilərdəki hərbi əməliyyatlara diqqət azalacaq.

Odur ki, Paşinyanın indiki mərhələdə sülh sazişindən danışmaqdan başqa yolu yoxdur. Amma bu heç də o demək deyil ki, əgər Paşinyan sülhdən danışırsa demək ki, sülh istəyir. O sadəcə danışır. Danışıqlara yeni dəstəkçilərini, Qərb ölkələrini cəlb etmək üçün müəyyən vaxt qazanmağa çalışır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə