Ölkəmizdə tarixi memarlıq abidələrimizin qorunması strateji əhəmiyyət daşıyır - MÜNASİBƏT BİLDİRİLDİ

Ölkəmizdə tarixi memarlıq abidələrimizin qorunması strateji əhəmiyyət daşıyır - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu gün cənab Prezidentin sərəncamı ilə deputat həmkarımız Dövlət Tarix Memarlıq Qoruğu İdarə Heyətinin sədri vəzifəsinə təyin edildi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, bu olduqca önəmli və gözəl bir seçimdir: "Həm də eyni zamanda ölkəmizdə tarixi memarlıq abidələrimizin qorunması strateji əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, biz 30 ildən artıq işğal altında olan torpaqlarımız üçün mübarizə aparmışıq. Biz sadəcə torpaqlarımız uğrunda deyil, eyni zamanda bu torpaqlarda Qafqazın ən qədim sakini olan azərbaycanlılara aid bütün tarixi memarlıq abidələrimiz uğrunda da mübarizə aparmışıq və nəhayət 44 günlük savaşda biz qələbə qazandıq. Bu müddət ərzində işğal altında qalan tarixi mənəvi milli abidələrimizin yenidən bərpa edilməsi bu gün Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Biz bu gün qarabağımızı yenidən qururuq, Şuşamızı yenidən bərpa edirik. İtirdiyimiz hər bir abidəni, hər bir yaddaş əsərimizi biz yenidən canlandıracağıq. Yenidən xalqımızın, millətimizin mənəvi abidəsinə çevirəcəyik. Eyni zamanda Azərbaycanın hər bir bölgəsində mövcud olan tarixi abidələr, etnoqrafik muzeylər, diyarşünaslıq muzeyləri- bunların hər biri bizim qan yaddaşımızdır, tarix yaddaşımızdır. Onların hər birinin qorunması istiqamətində şəxsən ölkə rəhbərinin tapşırıqları ilə, sərəncamları, eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə, böyük işlər həyata keçirilir. Bakı kəndlərində unudulmuş, yeraltında qalmış bütün abidələrimiz məhz Heydər Əliyev Fondunun layihələri çərçivəsində yenidən xalqımıza qaytarıldı. Qapılarını turistlərin üzünə açdı. Bütün bu abidələr əlbəttə bizim xalqımızın qədimliyini, tarixiliyini özündə əks etdirir. Bu torpaqların əzəli sahibi olduğumuzu özündə ehtiva edir. Əlbəttə ki, bu abidələrin qorunması, saxlanması, bərpa edilməsi gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılması bizim siyasi istiqamətlərimizdən biridir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə