İki ölkə arasında əlaqələr daha geniş spektri əhatə edəcək

İki ölkə arasında əlaqələr daha geniş spektri əhatə edəcək

Bu günlərdə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı mütəffiqlik fəaliyyəti haqqında” bəyannamə imzalandı. Bu cümləni eşidən kimi özünü müxalifət adlandırıb, müxalifətin necə olduğunu bilməyən, siyasət qavramını dərk etməyən şəxslər bəyannamənin məzmunundan xəbərdar olmadan cəmiyyətə yanlış məlumatlar verməklə məşğuldurlar. Guya ki, SSRİ yenidən bərpa olunur, Azərbaycan Rusiya-Ukraniya məsələsində Rusyanın yanındadır və s. Əvvəla gəlin sadə bir məntiqlə baxaq, çox dərin düşünməyə ehtiyac da yoxdur. Birincisi, qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik, qarşılıqlı fəaliyyət, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar və hər iki ölkə öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər. Bundan əlavə cənab Prezident İlham Əliyev fevralın 2-də gənclərlə görüşündə SSRİ dövründə Azərbaycan torpaqlarının Ermənistana necə verilməsi hadisələri barədə ətraflı danışdı, bir sıra Sovet rəhbərlərinin Azərbaycan xalqına qarşı xəyanətinə toxundu, əgər bundan sonra da kimsə Azərbaycan hakimiyyətinin SSRİ-ni bərpa etmək prosesində guya iştirakı barədə danışırsa, yəqin ki, o, ümumiyyətlə, Azərbaycan dövlətinin yürütdüyü siyasətdən xəbərsizdir.

“Azərbaycan Rusiya-Ukrayna məsələsində Rusyanın yanındadır” absurd fikirinə gəldikdə isə, əslində yuxarıda qeyd etdiyim kimi, bəyannamədə olan bir hissə tamamilə bu fikiri alt-üst edir. Yenə qeyd etmək istəyirəm ki, hər iki ölkə öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər. Qısası, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu barədə mövqeyi tam aydındır. Azərbaycan heç vaxt üçüncü ölkələrə qarşı ərazisindən istifadə olunmasına imkan verməyib. Prezident İlham Əliyevin bu yaxınlarda Ukraynaya səfəri zamanı bu mövqe bir daha ifadə olunub.

Ötən aylarda cənab Prezident İlham Əliyev Yeni il ilə bağlı xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksələcəyinin anonsunu vermişdir. Bəyyanamənin yeni gündəmə gələn məsələ olmadığıda buradan aydın olur.

Rusiya və Azərbaycan arasında imzalanmış yeni mütəffiqliyin əhəmiyyəti ondan ibarətdir ki, artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək. Ona görə də bu hadisəni Azərbaycanın növbəti uğuru adlandırmaq olar.

Etibar Hacıyev,

YAP Ağstafa rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə