İLHAM ƏLİYEV: “Hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir”
Ulu öndər Heydər Əliyevin siyasi xəttinin və onun nümunəvi dövlət xadimi kimi fəaliyyətinin layiqli davamçısı olan Prezident İlham Əliyev bu gün nəinki məmurlara, bütövlükdə Azərbaycan gəncliyinə və hər bir vətəndaşa örnəkdir. Hər bir kəs miqyasından asılı olmayaraq, gördüyü işə məsuliyyətlə, vicdanla yanaşmaqla həm cəmiyyətə fayda verir, həm də ölkəsinin inkişafında az da olsa pay sahibi olur. Elə peşələr də vardır ki, onlar birbaşa olaraq, sahibinin üzərinə xalqa, dövlətə xidmət məsuliyyətini qoyur. Xüsusən də, məmur peşəsi bu missiyanı üzərinə götürən insanda vətənpərvərlik, peşəkarlıq, təvazökarlıq, məsuliyyət və digər bu kimi keyfiyyətlərin olmasını tələb edir.
Dövlət başçısı, xüsusilə, məmurları vəzifələrə təyin edərkən onlarla görüşlər zamanı əsas xəbərdarlığı neqativ məsələlərlə bağlı olur. Çünki dövlət məmurlarının vəzifə borclarını layiqincə yerinə yetirməsi Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Ölkə başçısı dəfələrlə öz nitqlərində layiqli məmuru səciyyələndirən keyfiyyətləri xarakterizə edərək, fəaliyyətində ciddi nöqsanlara yol verən şəxsləri törətdikləri əməllərdən çəkinməyə çağırıb, kimlər nəticə çıxarmırsa, onlar cəzalanırlar.
PREZİDENTDƏN MƏMURLARA NÖVBƏTİ XƏBƏRDARLIĞI DÖVLƏT SİYASƏTİNİN ƏSASINDA AZƏRBAYCAN VƏTƏNDAŞI DAYANDIĞININ TƏSDİQİDİR
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən zaman bir daha bildirib.
Prezident qeyd edib ki, hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir: «Bildiyiniz kimi, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir»,-vurğulayaraq bildirib ki, siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız: «Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm. Ancaq əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul idi, korrupsiya ilə, rüşvətxorluqla məşğul idi. Kasıb insanların malına göz dikmişdilər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən insanların maaşını mənimsəmişdilər. Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı. Bildiyiniz kimi, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir”.
“PREZİDENT KİMİ HƏMİŞƏ SAHİBKARLARA DƏSTƏK OLMUŞAM”
Dövlət başçısı son vaxtlar özəl sektorun inkişafı nəticəsində daha böyük uğurlara nail olunduğunu deyib: «Son vaxtlar özəl sektorun inkişafı nəticəsində biz daha böyük uğurlara nail olmuşuq. Bu sahə deyə bilərəm ki, ilk günlərdən mənim Prezident kimi fəaliyyətimdə önəmli yer tuturdu və məhz bunun nəticəsində biz ümumi daxili məhsulumuzun əsasını, əksər hissəsini indi özəl sektor tərəfindən, qeyri-neft sektoru tərəfindən təmin edirik».
Azərbaycan Prezidenti onu da bildirib ki, indiki şəraitdə, xüsusilə postmüharibə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşür: «Əlbəttə ki, ilk növbədə, onlar azad edilmiş torpaqlara fikir verməlidirlər və orada öz işlərini qurmalıdırlar. Bu məsələ ilə bağlı mən artıq dəfələrlə öz fikirlərimi demişəm və eyni zamanda, fəaliyyət göstərdikləri bütün bölgələrdə fəal olmalıdırlar. Bu fəallığı dövlət təmin edir. Mən Prezident kimi həmişə sahibkarlara dəstək olmuşam həm mənəvi cəhətdən, həm də yaradılmış infrastruktur, güzəştli şərtlərlə verilmiş kreditlər və digər addımlar atılmışdır. Yerlərdə isə onlara elə şərait yaradılmalıdır ki, onlar həvəslə investisiya qoysunlar, iş yerləri yaratsınlar. Bir sözlə, onlara maneçilik törətmək yox, əksinə, kömək göstərmək lazımdır. Özəl sektorun inkişafı ümumi iqtisadi siyasətimizin istiqamətlərini nəzərə almalıdır” – Prezident vurğulayıb.
“BİZ İNDİ NADİR ÖLKƏLƏRDƏNİK Kİ, HEÇ KİMDƏN ASILI DEYİLİK, İQTİSADİ CƏHƏTDƏN TAMAMİLƏ MÜSTƏQİLİK, HEÇ BİR KREDİTƏ EHTİYACIMIZ YOXDUR”
“Biz indi dünyada nadir ölkələrdənik ki, heç kimdən asılı deyilik, iqtisadi cəhətdən tamamilə müstəqilik, heç bir kreditə ehtiyacımız yoxdur»,-deyən dövlət başçısı söyləyib ki, böyük uğurlara nail olmuş ölkə qarşısında problemlər kifayət qədər çoxdur və yerlərdəki bu problemin həlli böyük dərəcədə məmurlardan asılıdır: «Bir sözlə, baxmayaraq ki, biz böyük uğurlara nail olmuşuq, ölkə qarşısında problemlər kifayət qədər çoxdur və yerlərdəki bu problemlərin həlli böyük dərəcədə məmurlardan asılıdır. Çünki dövlət və hökumət öz üzərinə nə düşürsə, onu edir. Eyni zamanda, qanunvericilik orqanımız - Milli Məclis qanunlar qəbul edir. Prezident sərəncamlar imzalayır, dövlət proqramları qəbul edilir. Hökumət gündəlik fəaliyyətdə islahatların dərinləşməsi ilə bağlı addımlar atır. Yəni, bütün lazımi tədbirlər görülür. Bundan əlavə, bizim uğurlu siyasətimiz nəticəsində əldə edilmiş maliyyə resursları buna imkan verir. Biz indi dünyada nadir ölkələrdənik ki, heç kimdən asılı deyilik, iqtisadi cəhətdən tamamilə müstəqilik, heç bir kreditə ehtiyacımız yoxdur. Əksinə, mən göstəriş vermişəm ki, xarici dövlət borcumuz ildən-ilə azalsın və keçən ilin nəticələrinə görə, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mən göstəriş vermişdim ki, onu 15, 12, 10 faizə endirək. Yəni, bizim qarşımızda indi maliyyə problemlərimiz yoxdur desəm, səhv olar. Ancaq, eyni zamanda, bütün bu işləri özümüz görürük. O cümlədən Qarabağı və Zəngəzuru dirçəltmək üçün heç kimdən bir manat yardım, yaxud da ki, kredit almamışıq. Yəni, bu, onu deməyə əsas verir ki, sadəcə olaraq, yerlərdə işlər düzgün təşkil olunduqda problemlər də öz həllini tapacaq”.
“VƏTƏN MÜHARİBƏSİNDƏ QƏHRƏMANLIQ GÖSTƏRMİŞ ÖVLADLARIMIZIN MƏŞĞULLUQ MƏSƏLƏLƏRİ DƏ MƏNİM GÖSTƏRİŞİMLƏ ÖZ HƏLLİNİ TAPIR”
Dövlət başçısı öz canını fəda etməyə hazır olan gənclərimizin işlə təmin edilməsində daha diqqətli olmağı da tapşırıb. Bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə genişmiqyaslı işlər görür - Məşğulluq Marafonu keçirilir: “Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni, biz onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər, bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları olmalıdır”.
“İCRA BAŞÇISI BÜTÜN KƏNDLƏRƏ GETMƏLİDİR, İNSANLARLA GÖRÜŞMƏLİDİR”
“Kürdəmir rayonunun kəndlərində mövcud olan problemlər təhlil edilməlidir. İcra başçısı bütün kəndlərə getməlidir, insanlarla görüşməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, onda demək olar ki, bütün problemlər həll olunar”.
Bunu Prezident İlham Əliyev təyin etdiyi rayon icra hakimiyyətinin başçıları ilə görüşündə deyib. Dövlət başçısı bildirib ki, o cümlədən Nizami və Nərimanov rayonlarının bütün guşələrində işlər elə getməlidir ki, bu rayonlar nümunəvi olsun: “Yerlərdə həlli mümkün olmayan problemlərin, - elə problemlər təbii ki, var, - həlli üçün siz mərkəzi icra orqanlarına müraciət etməlisiniz, həlli mümkün olan problemləri isə özünüz həll etməlisiniz ki, insanlar sizdən razı olsun. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam. Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Bu təyinatı mən ictimaiyyət üçün açıq edirəm ki, hər kəs bir daha görsün mənim tövsiyələrimi və sizin məsuliyyətinizi. Sizə uğurlar diləyirəm».
“BAKI ŞƏHƏRİ GÖRDÜYÜMÜZ İŞLƏR NƏTİCƏSİNDƏ DÜNYANIN ƏN GÖZƏL ŞƏHƏRLƏRİNİN BİRİNƏ ÇEVRİLİB”
Azərbaycan Prezidenti görüşü zamanı vurğulayıb ki, bölgələrdə canlanma və inkişaf imkan verdi ki, Azərbaycanın bütün bölgələrində genişmiqyaslı işlər aparılsın. Amma bu günə qədər mövcud olan problemlər də var, o cümlədən Bakı şəhərində. Dövlət başçısı deyib ki, baxmayaraq ki, Bakı şəhəri gördüyümüz işlər nəticəsində dünyanın ən gözəl şəhərlərinin birinə çevrilib: “Bakıya gələn qonaqlar və əlbəttə ki, yerli sakinlər bunu məmnunluqla qeyd edirlər. Ancaq əgər biz desək ki, Bakının bütün problemləri həll edilib, əlbəttə ki, səhv edərik. Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq Bakının bütün yerləri heç də bu meyarlara cavab vermir. Ona görə xüsusilə inkişafa yönəlmiş addımlar Bakının hər bir guşəsində atılmalıdır. İnsanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır”.
“Bu, təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün məmurlara aiddir. Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir”,-deyən dövlət başçısı bildirib ki, dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir: «Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız. Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə alınmalıdır. Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə alınmalıdır".
Göründüyü kimi, dövlət başçısının bu sözləri məmurların necə işləməli olduqlarını aydın dərk etmələri üçün Heydər Əliyev irsini öyrənməklə yanaşı, xalqın etimadı sayəsində 2003-cü ildən bəri Azərbaycan dövlətinin başçısı kimi fəaliyyət göstərən Prezident İlham Əliyevin idarəçiliyindən örnək almalıdırlar. Çünki özünün iradəsi, bilik və bacarıqları, Vətənə, xalqa sədaqəti, yorulmaz əməyi, çalışqanlığı ilə Prezident İlham Əliyev xalqın ona həvalə etdiyi ən məsul və ağır işin öhdəsindən uğurla gəlir və bu gün görülən işlərin nəticəsi bir daha bunu təsdiq edir. Bir sözlə, zaman göstərdi ki, Prezidentin siyasətinin mərkəzində vətəndaşların rifahı dayanır. Məhz hər bir dövlət məmuru xalqın xidmətçisidir və onlar bundan nəticə çıxarmalıdırlar.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB