Cənub Qaz Dəhlizi: dünyaya açılan enerji qapısı TƏHLİL

Cənub Qaz Dəhlizi: dünyaya açılan enerji qapısı TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Cənub qaz dəhlizi” layihəsi başa çatıb, bizim işimiz isə davam edir”

Bu gün enerji siyasəti dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Son illər bu problem bəşəri əhəmiyyətli məsələ kimi dünyanın diqqət mərkəzində qalmaqdadır. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində də aparıcı mövqe tutur, Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi unikal sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın innovativ inkişafı və dərindən şaxələndirilməsi həlledici rol oynamışdır. Dövlətimizin başçısı daim bu inamı ifadə edir ki, gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq işğaldan azad edilmiş torpaqlarda bərpa proqramına uyğun olaraq görüləcək işlər 30 ilə yaxın öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın Böyük Qayıdışı ilə başa çatacaq və bu ərazilərin malik olduğu imkanlardan səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı daha da sürətlənəcək, ölkəmiz bu sahədə mövcud imkanları ilə dünyanın diqqətində olmaqla yanaşı, investisiya cəlbediciliyini artıracaq.

CƏNUB QAZ DƏHLİZİNİN REALLAŞMASI AZƏRBAYCAN PREZİDENTİNİN PRİNSİPİAL MÖVQEYİNİN BƏHRƏSİDİR

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin çoxşaxəli, müasir qərarlarla inkişaf etdirdiyi enerji siyasəti nəticəsində Azərbaycan enerjiyə olan daxili tələbatı tam təmin edilməklə bərabər, bu sahədə ixracatçı ölkəyə çevrildi. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan regional və qlobal əhəmiyyət daşıyan enerji və nəqliyyat layihələrinə imza atır, bu layihələrin əsas təşəbbüskarı və fəal iştirakçısı statusunu şərəflə daşıyır. Belə layihələrdən biri də zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi layihəsidir. Xatırlatmaq istərdim ki, bu dəhlizin ərsəyə gəlməsində önəmli rola malik olan Avropa İttifaqı ilə Azərbaycan arasında 2011-ci ildə Birgə Bəyannamə imzalanıb. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi isə 2020-ci il dekabrın 31-də tamamlandı. Artıq reallığa çevrilən Cənub Qaz Dəhlizi layihəsi 7 ölkəni birləşdirən, 3500 km uzunluğa malik olan kəmərin ilkin layihə dəyəri 44.6 milyard dollar idi. Bu nəhəng layihə ilə ölkəmiz dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə etməklə yanaşı öz ixrac imkanlarını şaxələndirərək dünyanın nüfuzlu qaz ixracatçılarından birinə çevrilir.

Və 21-ci əsrin ən nəhəng enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin reallaşması Azərbaycan Prezidentinin prinsipial mövqeyinin bəhrəsidir. 4 fevral 2022-ci il tarixində Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının çərçivəsində nazirlərin 8-ci toplantısında Avropa İttifaqının komissarlarının, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı, həmçinin dünyanın bir sıra aparıcı şirkətlərinin və maliyyə qurumlarının qatılması layihəyə durmadan artan marağı və onun genişlənməkdə olan miqyasını göstərir. Həmçinin, səslənən fikirlər, irəli sürülən təkliflər bir daha təsdiqləyir ki, bütün sahələrdə, o cümlədən enerji təhlükəsizliyi məsələsində Azərbaycan etibarlı tərəfdaş kimi öz mövqeyini beynəlxalq arenada möhkəmləndirməkdədir. Dövlətimizin başçısı cənab İlham Əliyev də çıxışında bu məsələyə xüsusi diqqət yetdirdi. Ölkəmiz ixrac prosesinə başladığı vaxtdan bu günə kimi təchizatda heç bir ləngimə baş verməyib, müqavilə şərtləri pozulmayıb, Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq üzərinə düşəni ləyaqətlə yerinə yetirib.Cənub Qaz Dəhlizi dünyanın ən nəhəng layihələrindən biridir. Kəmərin çox ağır mürəkkəb relyeflərdən – hündür dağlardan, dəniz çökəkliyindən keçməsinə bağmayaraq, boru xətti yüksək keyfiyyəti ilə standartlara tam cavab verir. Layihənin uğurla tamamlanması istiqamətində də Azərbaycan öz üzərinə düşən vəzifələri vaxtında və çevik şəkildə icra etdi. İqtisadçıların hesablamalarına görə, ölkəmiz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan milyardlarla dollar gəlir əldə edəcək. Bu da ölkəmizin valyuta ehtiyatlarının, büdcə gəlirlərinin artması, iqtisadi imkanlarının daha da genişlənməsi deməkdir.

Dövlət başçısı hazırda dəyəri 33 milyard dollar ilə ölçülən Cənub Qaz Dəhlizi layihəsinin əsas yatağının “Şahdəniz” yatağı olmasını vurğulayaraq, “Ümid”, “Babək”, “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarının da böyük karbohidrogen ehtiyatlarına malik olmasını qeyd edib. Hesablamalara görə, Azərbaycanın 2022-ci ildə Avropaya 9 mlrd kubmetr, 2023-cü ildə isə 11 mlrd kubmetr qaz ixrac etməsi nəzərdə tutulub. Bundan başqa 2021-ci ilin sonunda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair imzalanmış üçtərəfli saziş Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qazın nəql edilməsini nəzərdə tutur ki, bu da Avropaya qaz nəqlinin indikindən nəzərə çarpacaq dərəcədə artması deməkdir. Bu, eyni zamanda, ölkəmizin Avropa üçün vacib qaz habına çevrilməsi kimi də qiymətləndirilir.

AVROPA İTTİFAQININ ENERGETİKA MƏSƏLƏLƏRİ ÜZRƏ KOMİSSARI: “CƏNUB QAZ DƏHLİZİ” DAVAMLI UĞUR HEKAYƏSİDİR”

“Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı bir daha təsdiqlədi ki, Azərbaycanın təşəbbüsləri ilə ərsəyə gələn bu enerji dəhlizi onun bütün iştirakçıları tərəfindən yüksək dəyərləndirilir. Avropa İttifaqının komissarlarının, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksəksəviyyəli nümayəndələrinin toplantıda iştirak etmək üçün Bakıya gəlmələri bunu təsdiq etdi. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson “Cənub qaz dəhlizi”nin əhəmiyyətini qeyd edərək dedi: “Hamımız bu layihə zamanı dəf etdiyimiz çətinlikləri və maneələri yaxşı xatırlayırıq. Lakin bu gün hətta ən skeptik yanaşan insanlar onun baş tutmasına görə minnətdarlıq bildirir. Etibarlı, rəqabətcil və qəbul edilən qiyməti olan qaz Cənub-Şərqi Avropaya yol tapmaqdadır. Evlər qazla təchiz olunur, binalar isidilir və vətəndaşlar ehtiyac duyduğu enerjini alırlar. Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyət kəsb edir. Fikrimizcə, “Cənub qaz dəhlizi” davamlı uğur hekayəsidir”.

“Cənub qaz dəhlizi”nin Cənub-Şərqi Avropa ölkələrinə gözəl töhfə olduğunu deyən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson məşvərət şurası çərçivəsində təşkil olunan mətbuat konfransında bununla bağlı deyib ki, yaxın gələcəkdə bu boru kəmərinin imkanlarını genişləndirmək düşünülür, xüsusilə, Qərbi Balkan istiqamətində genişləndirməklə bağlı müzakirələr aparılır.

“BİZİM ENERJİ SİYASƏTİMİZ HƏMİŞƏ ÇOX AÇIQ, ŞƏFFAF, BİZNES VƏ NƏTİCƏLƏRƏ HESABLANMIŞ OLUB, ƏMƏKDAŞLIĞA VƏ QARŞILIQLI DƏSTƏYƏ GƏTİRİB ÇIXARIB”

Prezident toplantıdakı çıxışında Azərbaycanın həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olduğunu qeyd edib: “Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq. Bu il biz keçən illə müqayisədə daha çox ixrac edəcəyik - böyük potensial var, xüsusilə indi, qaz bazarındakı vəziyyətin sabit olmamasını nəzərə alaraq. Həmçinin qiymətlər də çox dəyişkəndir”. Eyni zamanda, Azərbaycanın özünün də qaza tələbatı artır. Çünki əhalinin sayı getdikcə çoxalır, sənaye sahəsi genişlənir. Dövlət başçısı bunları qeyd etməklə onu da bildirib ki, öz tələbatımızı qarşılamaq üçün daha çox qaza ehtiyacımız var. Həmçinin, işğaldan azad edilmiş ərazilərimizi qazlaşdırmaq üçün tezliklə bizə əlavə həcmdə qaz lazım olacaq. Prezident yeni uğurlar qazanılacağına, yeni nəticələr əldə olunacağına əminliyini bildirərək deyib ki, “Cənub qaz dəhlizi” layihəsi başa çatıb, bizim işimiz isə davam edir».

“İşğaldan azad edilmiş ərazilər üçün bizim xüsusi proqramımız var”

“Bizim işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramımız var. Energetika Nazirliyimiz aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb”.

Bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışında deyib.

“Biz artıq Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsini aparmışıq və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Yeri gəlmişkən, sizi məlumatlandırmaq istərdim ki, bizim neft-qaz sahəsində strateji tərəfdaşımız olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Biz artıq orada 200 meqavatdan çox gücə malik bərpaolunan enerji mənbəyinin tikintisi ilə bağlı BP ilə danışıqlar mərhələsindəyik”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti çıxışında onu da deyib ki, hazırda Azərbaycanın Energetika Nazirliyi bərpaolunan enerjiyə investisiyaların yatırılması ilə bağlı aparıcı beynəlxalq enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindədir: “Bizim, həmçinin Xəzər dənizinin qiymətləndirilməsinə dair xüsusi proqramımız var. İlkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur. Artıq biz bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər almışıq. Düşünürəm ki, bu, çox təbii olacaq. Çünki, Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edib”.

Təsadüfi deyil ki, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson toplantıdakı çıxışında bu məsələyə də toxunub: “Bərpaolunan enerji mənbələrinə gəldikdə, onlar Avropanın uzunmüddətli planlarının təməl daşını təşkil edir. Bu, nəinki bizə dekarbonlaşmanı təmin etməyə, o cümlədən daha böyük bərpaolunan enerji mənbələrinin təmin edilməsinə yardım göstərəcək. Bizim bilik və təcrübəmiz, bu sahədə atdığımız addımlar tərəfdaşlarımıza açıqdır. Məsələn, Azərbaycandan başlayaq. Hörmətli cənab Prezident, mən maraqla onu öyrəndim ki, hazırda Xəzər dənizindəki bu potensial qiymətləndirilir. Yəni aydındır ki, həmçinin “Küləklər şəhəri” kimi tanınan Bakıda bu, Azərbaycan üçün çox böyük imkandır”.

Bir sözlə, bir vaxtlar Cənub Qaz Dəhlizini yalnız möcüzə kimi qiymətləndirənlər, bu gün nəhəng layihənin reallaşmasına şahidlik edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində, sözün həqiqi mənasında, dəyişkən enerji xəritəsi formalaşdıra bildi. Bu gün dünyanı heyrətləndirən meqalayihələrin təşəbbüskarına çevrilən ölkəmiz yalnız regionun deyil, Avropanın belə enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bu isə Azərbaycanın həm coğrafi, həm də regional mövqeyini möhkəmləndirir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə