Azərbaycan gənci dövlətçilik ənənələrinə sadiq olan bir qüvvədir - DEPUTAT ŞƏRH ETDİ
“Bu gün Azərbaycan gənclərinin cəmiyyətdə yeri və rolu böyükdür. Hər bir dövlətin gələcəyi onun gəncliyidir. Eyni zamanda hər bir gənc öz dövlətinin gələcəyi olduğunu dərk etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan gənclərinin dövlət tərəfindən böyük bir diqqətlə himayə olunması bu gün gənclərimizin daha aktiv bir şəkildə dövlət quruculuğu işlərində iştirak etməsinə bir zəmin yaradır, stimul verir: “Azərbaycan gəncləri bu gün ali, beynəlxalq kürsülərdə, müxtəlif səpkili toplantılarda öz sözlərini deyirlər. Azərbaycan gənci yaxşı idmançıdır, yaxşı sənətkardır, alimdir. Eyni zamanda Azərbaycan gəncləri idarəetmədə gözəl təmsil olunurlar. Yəni həqiqətən də biz gənclərimizlə fəxr edə bilərik. Gənclərimizin qarşısında hələ təməlini Ulu Öndər Heydər Əliyevdən almış böyük bir platforma dayanır. Ulu Öndər Heydər Əliyev istər Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu dövrdə, istərsə də müstəqil dövlətin rəhbəri olduğu zamanlarda gənclərimizin yetişməsi, inkişaf etməsi üçün çox böyük addımlar atıb. Hələ Sovet dövründə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması və orada yüzlərlə, minlərlə yeniyetmənin, gənc azərbaycanlının hərbi təhsil ala bilməsi əlbəttə ki, gələcəyimizə yönəldilmiş bir sərmayə kimi qəbuledilməlidir. Biz bunun nəticəsini də ötən ilki 44 günlük şanlı qələbəmizlə bariz şəkildə görmüş olduq. Həmin məktəbin milli kadrlardan ibarət zabit heyətimizin təşəbbüskarlığını, əzmkarlığını gördük. Bu əlbəttə ki, ölkənin gələcəyini görə bilən Ulu Öndər Heydər Əliyevin zamanında atdığı əhəmiyyətli addım sayəsində mümkün oldu. Daha sonra Sovet dövründə Ulu Öndər Heydər Əliyev SSRİ-nin ən ali məktəblərində təhsil almasına şərait yaradırdı. Onları bunun üçün təşviq edirdi. Hətta şəxsən onların yolasalma mərasimində iştirak edib, onlara xeyir duasını verirdi. Ölkəyə ali savadlı, gənc mütəxəssis kimi geri qayıtmaları üçün onlara bütün imkanların yaradılacağını bildirirdi. Bunların hər biri təbii ki, müstəqilliyimizə hesablanmış addımlar idi. Həmin gənclər bu gün Azərbaycan dövlət idarəetmə qurumlarında, müxtəlif təşkilatlarda savadlı kadr kimi yetişərək, ölkənin quruculuğunda yaxından iştirak edirlər. Əlbəttə ki, gənclərimiz barəsində danışırıqsa, öz canını suverenleyimiz, torpaqlarımızın bütünlüyü uğrunda qurban edən şəhidlərimizi mütləq bir daha anmalıyıq. Onların ruhu qarşısında bir daha baş əyir, qəhrəman qazilərimizə can sağlığı diləyirik.
Cənab Prezident İlham Əliyevin gənclərin forumunda dilə gətirdiyi bütün fikirlər əslində həm gənclərimizə, həm ölkə vətəndaşlarına, həm də bütün dünyaya verilən mesajlardan ibarət idi. Bəli, Azərbaycan gənci bu gün sağlam düşüncəli, vətənpərvər, dövlətçilik ənənələrinə sadiq olan bir qüvvədir. Biz bu gənclərimizlə fəxr edirik və əminik ki, Azərbaycanın parlaq gələcəyinin qurucuları içərisində bu gənclərimiz hər bir zaman öndə gələcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB