Şuşa yenidənqurmanın, mədəniyyətin simvoludur - MÜTƏXƏSSİS AÇIQLADI

“Hesab edirəm ki, 2022-ci ilin "Şuşa ili" elan edilməsi cənab Prezidentin ən strateji planlarından biridir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.

Əziz Əlibəyli qeyd edib ki, burada çoxvektorlu düşüncə əsas götürülüb: “Birinci növbədə qeyd etmək lazımdır ki, Şuşa Azərbaycan mədəniyyətinin mərkəzidir, Qafqazın konservatoriyasıdır və Azərbaycan mədəniyyətinə xas spesifik tərkib hissəni təşkil edir. Bu da ən önəmli məsələdir. İkinci olaraq tarixi bir nüans var. Bu nüans ondan ibarətdir ki, Şuşa Azərbaycan tarixində önəmli bir yer tutur, onun yaradıcısı, əsasını qoyan Azərbaycan tarixinin mühüm bir hissəsini təşkil edən Qarabağ xanı Pənahəli xandır. Bu Şuşanı erməniləşdirmək istəyənlərə böyük bir zərbədir”.

Mütəxəssis vurğulayıb ki, üçüncüsü isə Şuşa həm də II Qarabağ müharibəsinin, yəni Vətən savaşının simvollarından biridir: “Hansı ki, bu simvol nəticəsində dünya müharibə tarixində unikal bir hərbi ədəbiyyata düşəcək əməliyyat həyata keçirildi. Bu Azərbaycan tarixində qalibiyyətin zirvəsini təşkil edən ən önəmli faktorlardan biridir. Önəmli məqam ondan ibarət idi ki, bu həm də düşməni məğlubetmə üzərində çox böyük ideoloji fəlsəfə təşkil etməyə başladı. Daha önəmli bir faktor isə ondan ibarətdir ki, bizim qarşımızda Qarabağın azad edilməsi ilə yanaşı həm də Azərbaycan xalqının dədə-baba yurdlarına qayıtması prosesi dayanır. Bu böyük prosesin həyata keçirilməsində çox önəmli mərhələlərdən biri də Şuşaya qayıdış təşkil edəcək. Şuşa yenidənqurmanın, mədəniyyətin, Azərbaycan hərbisinin, Azərbaycan sərkərdəliyinin simvoludur”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə