Radikal müxalifət partiyalarının gəlir bəyannamələrini verməmək şakərləri TƏRS BAXIŞ
Müsavat partiyasının başqanı Arif Hacılı da bu sıralamada liderlik mövqeyini qoruyub-saxlayır
Öz təbirlərincə ictimai rəyə “ağıl öyrətdiklərini” sanan, ümummilli məsələlərdə isə yaxalarını kənara çəkib dövlət maraqları əleyhinə fəaliyyət gösətərən AXCP, Müsavat kimi partiyaların rəhbərləri pərçimləndikləri sədarət kreslolarına elə aludə olublar ki, zaman-zaman təşkilatlarının gəlir bəyannamələrini xalqa açıqlamaqdan da boyun qaçırırlar. Halbuki, onların partiyalarında “siyasi fəaliyyət” pərdəsi altında daha hansı qanunsuz əməllərlə məşğul olmaları, təşkilatlarını şəxsi biznes məkanlarına çevirmələri haqqında da kifayət qədər faktlar, dəlillər və sübutlar mövcuddur.
Və bu yerdə Kərəmi ağlamaq, Əslini isə gülmək tutur...
Daha bir maraqlı məqam budur ki, antimilli xüsusiyyətləri və pul-para eşqləri onların başlarını elə qarışdırıb ki, öz gözlərindəki tiri görməyə-görməyə hakimiyyətə qarşı ittihamlar səsləndirir, üstəgəl özlərini “aydan-arı, sudan duru” kimi göstərməyə çalışırlar. Hansı ki, qaranlıq əməllərini araşdırdığımız zaman bu ünsürlərin daha hansı “yuvaların quşları” olması insanları heyrətləndirir...
Bütün bunlar öz yerində. Amma bu yaxınlarda müsavatçıların başbiləni Arif Hacılının “Amerikanın Səsi”nə verdiyi açıqlamasındakı fikirlərinə istehzasız yanaşmamaq olmur. Onun sözlərinə görə, məmurların gəlirləri, əmlakları barədə bəyannamə verməməsi korrupsiyanın inkişafı üçün çox ciddi yol açır. Və bu yerdə Kərəmi ağlamaq, Əslini isə gülmək tutur – yəni maraqlıdır ki, öz adı dəfələrlə (!) mühacir alverində, saxta arayış vermək və s. kimi bənzər korrupsiya əməllərində hallanan Arif Hacılı həmin ifadələrini səsləndirərkən bunu hansı üzlə edir? Yəni bu, insanda az da olsa utanan sifət, yaxud vicdan hissi mövcud deyilmi? Belə ki, bu günün özündə yalnız onu tanıyanlar deyil, həm də siyasətlə maraqlanan ictimai rəy də bilir ki, Arif Hacılı Müsavatın başqanı adı altında bazarkomluqla məşğuldur və bazarı da əməlli-başlı işləyir.
Müsavatın bazarkomu Arif Hacılının birbaşa xeyir-duası və razılığı ilə!

Yeri gəlmişkən, nə zamansa Sevinc Osmanqızı öz etirafında demişdi ki, Müsavat başqanı Arif Hacılının göstərişi ilə müsavatçı funksionerlər saxta viza alverində iştirak ediblər: “Etiraf edim ki, mən bunu ciddi miqyaslı problem kimi qəbul etmirəm. Bu alverin həcmi nə qədərdir ki? Nə qədər məbləğdən söhbət gedir? Olsun 500 min, 1 milyon, 5 milyon. Axı, buradakı yeyinti böyük olmayacaq...”. Yaxud, 2019-cu ildə Arif Hacılı Frankfurt səfəri zamanı özü ilə Avropada saxta "siyasi mühacir" statusu almaq istəyən şəxslərə satmaq niyyəti ilə 72 ədəd Müsavat "diplom"u aparıb. Nəticədə siyasi partiyasının maraqlarını bir kənara ataraq, bazar maraqlarını güdən və Müsavat adından saxta diplom alverini reallaşdıran Arif Hacılı 72 ədəd diplomun hərəsini 500 avroya sataraq ümumilikdə şəxsi büdcəsinə 36 min avro əlavə etmiş olub. Müsavatın tör-töküntüləri də 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparıblar.
Üstəlik, ortaya digər faktlar da çıxıb ki, sən demə, Müsavat partiyasının Avropa koordinasiya mərkəzinin sədri İlham Həsəni bir gündə 80 (!) saxta vəsiqə verib. Və təbii ki, Müsavatın bazarkomu Arif Hacılının birbaşa xeyir-duası və razılığı ilə!
Əlbəttə ki, bütün bazarlarda olduğu kimi, bazara çevrilən Müsavatın da gəlir-çıxar, mədaxil-məxaric kitabları mövcuddur. Amma onlar ciddi-cəhdlə xalqdan gizlədilir və əlbəttə ki, qanunsuz əməllər olduğu üçün bəyannaməyə qeyd olunmurlar. Bütün bunlar isə Arif Hacılının özünün də işlətdiyi əməllərinin qanunsuz, eləcə də korrupsiya məqsədli olduğunu çox yaxşı bildiyi faktını olaraq ortaya qoyur. Bilir ki, həmin gəlir mənbələrini bəyannaməyə yazarsa, dərhal qanun qarşısında cavab verməli olacaq, rəsmi qaydada. Amma onun haqqındakı faktlar onsuz da müvafiq yerlərdə nəzarət altındadır və zamanı çatanda korrupsiya əməlləri barədə onlara hesabatını verməli olacaq.
Ölümündən sonra belə adından sui-istifadə etdikləri Vurğun Əyyubun partiyadan uzaqlaşmasının əsl səbəbi üzvlük haqqını gecikdirməsi ilə bağlıymış...
İndi isə keçək digər fakta – Müsavatın bazarkomu qeyd edilən məsələlərlə yanaşı, həm də partiyasındakı üzvlük haqqında da heç bir hesabat təqdim etmir. Ən acınacaqlı və heç bir insani dəyərlərə sığmayan əsas fakt isə, ümumiyyətlə, bu adamların hansı məzhəbə qulluq etmələrini böyük sual altında qoyur. Belə ki, partiyanın yaradıcılarından hesab olunan, Müsavatda, sözün əsl mənasında, can qoyan və ömrünün sonlarında apardığı işlərinə rəğmən haqq eləmədiyi hörmətsizliyi görən Vurğun Əyyubun başına gətirilənləri xatırlada bilərik. Kimsədən gizli deyil ki, bu gün öz ucuz siyasi çıxarları üçün ölümündən sonra belə adından sui-istifadə etdikləri Vurğun Əyyubun partiyadan uzaqlaşmasının əsl səbəbi üzvlük haqqını gecikdirməsi ilə bağlıydı (?!). İndi təsəvvürünüzə gətirin ki, hətta beş-üç manata görə bir-birlərinə quyu qazan bu ünsürlər iddia etdikləri hakimiyyətə Allah eləməmiş yiyələnib-eləsələr ölkədə nələr baş verər..!
Daha bir arqumentli sual – müsavatçıların bazarkomu Arif Hacılı orada-burada çıxış edərkən bəh-bəhlə iddia edir ki, partiyasının guya 10 minlərlə üzvü var və s. SUAL: onda nəyə görə müsavatçılar MSK-ya verdikləri hesabatlarında illik üzvlük haqqı gəlirlərini 3788 manat həcmində göstərirlər? Bir nəfər üçün aylıq 1 manatdan üzvlük haqqı toplansa, 10 min üzv üçün aylıq 10 min, illik isə 120 min manat deməkdir. Bəs, niyə 3788 manat? Yaxud, yerdə qalanları hanı? Deməli, ya Müsavatın partiya olaraq ümumiyyətlə Arif Hacılının iddia etdiyi kimi on minlərlə üzvü-filanı yoxdur, ya o gəlirlərini mənimsəyir, ya da partiyanın maraqları demokratik prinsiplərə söykənmir və oradakı diktatorluq rejimi, avtoritar idarəçilik mexanizmi şəffaflıq faktorlarını ayaq altına atır. İndi deyin görək, korrupsiya əməllərinə yol verən kimdir?
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB