Biz bütün beynəlxalq layihələrin hamısını uğurla həyata keçirdik - DEPUTAT MÖVQE BİLDİRDİ

Biz bütün beynəlxalq layihələrin hamısını uğurla həyata keçirdik - DEPUTAT MÖVQE BİLDİRDİ

"İlk növbədə, həm öz adımdan, həm də 43 min seçicim adından cənab Prezidenti doğum günü münasibətilə təbrik edirəm. Ona cansağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayıram. Əgər biz tarixə ekskurs etsək, biz cənab Prezidentin 18 illik fəaliyyətində Azərbaycanda xeyli dəyişikliklərin olduğunu bir daha xatırlayarıq. Mən bu dəyişiklikləri bir neçə hissələrə bölərdim. İlk növbədə mən bir iqtisadçı kimi deyərdim ki, iqtisadiyyat sahəsində ÜDM-də 3,5 dəfə artım olub. Qeyri neft-qaz sahəsində xeyli uğurlar qazanılıb. Sənayemizdə, kənd təsərrüfatı sahəsində xeyli uğurlar əldə olunub. Eyni zamanda kiçik və orta sahibkarlığın ÜDM-da payı artacaqdı. Lakin, təəssüf ki, pandemiya vəziyyətə öz düzəlişini gətirdi. Ancaq mən rəqəmlərə baxmışdım. Təqribən 2025-ci ilə qədər cənab Prezidentin tapşırığı və kiçik və orta sahibkarlıq agentliyinin fəaliyyəti nəticəsində bu sahədə çalışanların sayı 40-50 faiz artmalı idi. Ancaq mən düşünürəm ki, pandemiyanın təsirinə baxmayaraq biz bu nəticəni əldə edə biləcəyik. Bu həm işsizliyin azalmasıdır, həm də çox vacib sosial məsələdir. Azərbaycanın iqtisadiyyatında neft-qaz faktoruna görə yaranan diasproporsiya mərhələ-mərhələ götürülməlidir. İnkişaf templərimiz tutulan planla bizim daxili məhsulun artımı hardasa 5 faizin ətrafında nəzərdə tutulur". Bunu SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Deputat qeyd edib ki, bizim indi yeganə problemimiz inflyasiyadır, o inflyasiyanın da xüsusi addımlarla hökumət qabağını almaq istəyir. Müəyyən məsələlər həll olunub, müəyyən məsələləri də həll edəcəklər. Təbiidir ki, Azərbaycanda yaranan inflyasiyanın kökü xaricdən gətirilən inflyasiyadır, yəni idxal olunan inflyasiyadır. Xaricdəki qiymətlərdə pandemiyadan sonra böyük artım oldu, o cümlədən qida məhsullarında, kənd təsərrüfatı məhsullarında o öz təsirini göstərdi, həm də logistik zəncirvari sistemin qırılması buna çox təsir etdi. Nəqliyyat logistikanın təxminən 20-25-30 faizə qədər qiymətlərinin qalxması da buna çox ciddi təsir edir. Bəzi hallarda bu faktor çətinliklər yaradır, amma buna baxmayaraq Azərbaycan çox uğurla bu ili də başa vurdu və biz 2022-ci ilə də və gələcək illərimizə də çox böyük ümidlə baxırıq. Təbiidir ki, biz enerji layihələrimiz və enerji nəqliyyat və dəmiryolu layihələrimizlə fəxr edirik. Azərbaycan regionda yeganə ölkədir ki, regionda bu formada nəhəng lahiyələr qurub. Elə bu sonda ən çox səslənən TAP, TANAP lahiyəsidir. TAP, TANAP lahiyəsi Azərbaycanın qaz ixracatında böyük bir yer tutur və bundan da artıq tutacaq. Biz bu ilin axırına qədər təxminən səhv etmirəmsə 7 milyard kub qaz ixrac etmişik, gələn ilə bu rəqəm 10 milyard kuba yaxınlaşmalıdır və gələcəkdə də bu infrastruktur artanda biz bunu hətta 15-16 milyard kuba qədər də qaldıra bilərik. Burada onu da qeyd etmək lazımdır ki, əgər Türkmənistanla bizim sazişimiz tam sürətlə həyata keçsə biz türkmən qazını da öz borularımızla Avropaya çatdıra bilərik. İnanıram ki, Azərbaycan təxminən 100 milyard kuba qədər Avropaya nəql edəcək və bu da Avropanın 20 faiz tələbatıdır. Görün biz nə boyda nəhəng məsələlərlə məşğuluq. Azərbaycanın iqtisadiyyatı cənub Qafqaz regionunda ən azı 65-70 faiz yeri var. Yəni, biz bununla da fəxr edirik.

Rüfət Quliyev bu barədə fikirlərini belə izah edib: "Fəxr edirik ki, biz bütün beynəlxalq layihələrin hamısını uğurla həyata keçirdik, heç bir problemlərə baxmayaraq, heç bir yaradılan süni problemlərə baxmayaraq biz bunu həyata keçirdik. İqtisadi tərəfdən deyərdim ən böyük yadda qalan məsələlər budur. Cənab Prezidentin danılmaz rolunu tək mən deyil, bütün dünya deyir. Burada bizim uğurlarımız var. Qoşulmama Hərəkatında sədrlik vaxtı Azərbaycan böyük bir təklifə imza atdı. Mən həmişə demişəm ki, möhtərəm cənab Prezidenti dəstəkləyən tək Azərbaycanda yaşayan 10 milyon azərbaycanlı yox, bütün dünyada yaşayan 50 milyonluq azərbaycanlılardır.

Cənab Prezidentin fəaliyyəti, Onun aradan qaldırdığı problemlərlə bağlı saatlarla yox, günlərlə danışmaq olar. Biz nəyə nail olmuşuqsa, bunu bütün dünya görür. Bütün dünya indi Azərbaycanı dəstəkləyir. Biz müharibə vaxtı gördük ki, kim dost, kim düşməndir. Biz bir çox ölkələrin dəstəyini gördük. Bu ölkələr arasında Türkiyəni, Pakistanı, Ukraynanı, Macarıstanı demək istəyirəm. Rusiyanın eyni zamanda kifayət qədər dəstəyi oldu. Cənab Prezidentin beynəlxalq fəaliyyəti ilə bağlı xüsusi qeyd etmək istəyirəm ki, Qoşulmama Hərəkatında Azərbaycanın aktiv pozisiyası, dinamik işi misilsizdir. Bu hərakat BMT-dən sonra ikinci beynəlxalq təşkilatdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə