Son 18 ildə müstəqil Azərbaycanda güclü dövlət idarəçiliyinin mövcudluğu dövlətimizin tarixində ən uğurlu inkişaf dövrü kimi xarakterizə edilir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan ölkəmiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi müasir dünyanın çağırışlarına cavab olaraq yeni dövrünü yaşayır. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi praqmatik, real qərarlar ölkəmizin dinamik yüksəlişini təmin edib. Regionun ən güclü və nüfuzlu dövlətinə çevrilən Azərbaycanın iştirakı olmadan regionda hansısa bir strateji layihə reallaşdırılmır. Əlbəttə ki, Cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoydu. Dövlət başçısının verdiyi bütün vədlər və təqdim etdiyi proqramlar ardıcıllıqla və dəqiqliklə yerinə yetirilib. Əldə edilən uğurlar, nailiyyətlər Prezident İlham Əliyevin siyasətinə olan etimadı daha da gücləndirib. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərkən bildirmişdi: "İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu inam Ulu Öndərin siyasi varisi Cənab İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu. Cənab İlham Əliyev 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında bildirdiyi sözləri xatırlatmaq yerinə düşər: "Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam". Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti oldu və xalqın etimadını doğrultdu. Ötən on səkkiz il aydın şəkildə göstərdi ki, Cənab İlham Əliyev Prezidentliyi dövründə ölkə həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. Xalqın taleyüklü məsələləri dövlət başçımız tərəfindən həllini tapıb. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz Azərbaycanın dinamik inkişafının göstəriciləridir. Bu inkişaf Ağcabədi rayonundan da yan ötməmişdir. Hər şeydən əvvəl qeyd etmək yerinə düşər ki, son 18 ildə Ağcabədi rayonunda həyatın bütün sahələrində böyük inkişaf və yüksəliş əldə edilmişdir. Ümumi məhsul istehsalı dəfələrlə çoxalmış, onlarca müxtəlif təyinatlı emal müəssisəsi işə salınmış, intizam və tələbkarlıq daha da artırılmışdır. Bütün bunlar isə heç şübhəsiz ki, ölkə Prezidenti İlham Əliyevin bölgələrə, o cümlədən Ağcabədiyə göstərdiyi diqqət və qayğının, rayonun sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı imzaladığı sərəncamların bilavasitə nəticəsidir. Ölkə Prezidenti təkcə Ağcabədi rayonuna 7 dəfə səfər etmiş və bir çox obyektlərin açılışında iştirak etmişdir. Heç də təsadüfi deyildir ki, bu gün Ağcabədi şəhərinin simasını gözəlləşdirən müxtəlif təyinatlı binaların, park və xiyabanların, küçə və meydanların, demək olar ki, hamısı məhz son illərdə reallaşıb. Hər addımda yüksək zövq və səliqə-səhman, qadir insan əlinin yaratdığı gözəlliklər diqqəti cəlb edir və bu, insanlarda rahatlıq və xoş əhval-ruhiyyə yaradır. Heydər Əliyev muzeyi, Qarabağ müharibəsi əlilləri üçün 3 mərtəbəli, 24 mənzilli yaşayış binası, YAP-ın Aağcabədi rayon təşkilatının, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının, Bayraq Muzeyinin inzibati binaları və s. tikilib istifadəyə verilmişdir. Son illər Ağcabədidə onlarca yeni məktəbin, tibb müəssisəsinin tikilib istifadəyə verilməsini, yüz kilometrlərlə yol çəkilişini, içməli su və kanalizasiya layihələrini, elektrik enerjisi və təbii qaz təminatını, Olimpiya İdman Kompleksinin min hektarlarla torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsini də minnətdarlıq hissilə xatırlamaq istəyirik.
Dinamik inkişaf yolunda olan Azərbaycan bu gün torpaqlarını işğaldan azad edən qalib xalqdır. 44 günlük Vətən müharibəsi Cənab İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Zəfər ilə sona yetdi. Azərbaycan Prezidenti Qarabağın tək coğrafi deyil, həm də mənəvi-siyasi yüksəkliyi olan, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın azad olunmasını xalqa bəyan edərkən bu Qələbəni Ümummilli Liderin vəsiyyətinin həyata keçməsi kimi dəyərləndirdi: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim".
Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz çökdürməsi dövlətimizin gücünün göstəricisidir. Bütün dünya Ordumuzun gücünü, işğalçı Ermənistanın məğlubiyyətini gördü. Cənab Prezidentin Liderlik xüsusiyyətlərinin ən mühüm cəhətlərindən olan qətiyyəti Vətən müharibəsinin ilk anlarından başlayaraq, öz bəhrəsini verdi. Azərbaycan xalqı başda olmaqla, bütün türk dünyası bu tarixi Zəfəri yaşadı. "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı. Müzəffər Ali Baş Komandan çıxışlarının birində vurğuladığı kimi, "Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Bəli, başqa yolları, çarələri yoxdur. Əks təqdirdə, "dəmir yumruq" yenə qılınc kimi başlarının üzərindədir və hər an yenidən işə düşə, sarsıdıcı zərbəsini endirə bilər". Qarabağ Zəfəri sayəsində regionda yaranmış yeni geosiyasi vəziyyət təkcə region dövlətlərinə deyil, bütün Avrasiya məkanında sülh və inkişafa yol açır. Bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisə kimi əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi türk dünyasını, Avropanı, eləcə də qonşu dövlətləri birləşdirəcək bir layihədir.
Günümüzün reallığı, əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasının reallaşdırılmasıdır. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir. Artıq irimiqyaslı layihələr icra olunur. Dövlət başçısının siyasi iradəsi, qətiyyətli mövqeyi nəticəsində bu gün doğma evimizə - Qarabağa yol almışıq. Qarabağ yenidən qurulur. Böyük Qayıdış Azərbaycanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində daha qüdrətli, güclü dövlətə çevirəcək.
RÖVŞƏN ƏHMƏDOV,
YAP Ağcabədi rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB