Prezident İlham Əliyev: "Biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik və çiçəklənən gələcək istəyirik"
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək işğala son qoydu. Ərazi bütövlüyümüzün bərpa edilməsi, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe, ordu quruculuğuna, hərbi-sənaye kompleksinin inkişafına göstərdiyi diqqət və qayğı 44 günlük Vətən müharibəsində öz sözünü demiş oldu. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də, Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasi iradəsini ortaya qoydu və dövlət başçısının dünyanın aparıcı KİV-lərinə verdiyi 30-a yaxın müsahibəsində ölkəmizin haqq mövqeyini dünyaya çatdırmış oldu. Sülhsevər siyasət yürüdən Azərbaycan münaqişənin sülh, danışıqlar yolu ilə uzun müddət həllinə nail olmağa çalışsa da, mümkün olmadı. Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin sülh çağırışlarına hərbi təxribatlarla cavab verdi. Azərbaycanın 44 gün ərzində apardığı əks-hücum əməliyyatları Ermənistan üçün acı sonluqla yekunlaşdı. XXI əsrin müharibəsini aparan Azərbaycan düşmən üzərində tarixi qələbəsini qazandı, doğma Qarabağımız əsl sahiblərinə qaytarıldı. Bu gün də qalib xalq olaraq ölkəmizə maraq sonsuzdur. Müharibədən sonrakı durum, Azərbaycanın mövqeyi diqqətdə saxlanılır. Bu Azərbaycanın dünya miqyasında olan yüksək imicindən qaynaqlanır. Əlbəttə ki, dövlət başçısı bütün çıxışlarında, müsahibələrində ölkəmizin haqq mövqeyini sərgiləyir və sülhsevər siyasəti dünya ictimaiyyətinə mesaj olaraq çatdırılır. Tarixi ədalət bərpa edilib. "Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik". Bu fikirləri Prezident İlham Əliyev İspaniyanın "El Pais" qəzetinə müsahibəsində bildirib: "Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Beynəlxalq oyunçular da bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik".
"AZƏRBAYCAN ERMƏNİSTANLA SÜLH DANIŞIQLARINA VƏ SÜLH RAZILAŞMASI ÜZƏRİNDƏ İŞLƏMƏYƏ BAŞLAMAĞA HAZIRDIR"
Bu gün artıq müharibənin başa çatmasından bir il bir ay ötüb. Azərbaycan öz sülhsevər siyasətini davam etdirir. Müharibədən sonra təkcə Cənubi Qafqazda deyil, eləcə də dünyada mövqeyini gücləndirən Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənir. "Mən dəfələrlə açıq bəyanat vermişəm ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Bu vaxta kimi Ermənistan rəhbərliyindən heç bir cavab verilməmişdir" - deyən Prezident bildirib ki, mən bu cür bəyanatları altı aydan çoxdur ki, dəfələrlə etmişəm: "Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir". Dövlət başçısı bildirib ki, dərhal Ermənistanla hərtərəfli sülh razılaşması üzərində danışıqlara başlamaq istəyirik. Bunun atəşkəs razılaşması yox, tam sülh razılaşması olacağını diqqətə çatdırıb: "Lakin ümid edirəm ki, yəqin Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər. Hesab edirəm ki, Azərbaycanla sülh razılaşması olmazsa, onlar gələcəkdə yenə də əziyyət çəkə bilərlər".
"Ermənistan sülh razılaşması üzərində işləməli və XXI əsrdə normal davranışa riayət etməlidir. Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik",- deyə Prezident İlham Əliyev bildirib. Dövlət başçısı Azərbaycanın münasibətləri normallaşdırmağa hazır olduğunu, lakin hələlik Ermənistan tərəfdən heç bir müsbət işarə alınmadığını bildirərək deyib: "Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. İctimai rəy formalaşdırılmalıdır. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla əlaqələrin normallaşdırılması, Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Düşünürəm ki, əgər bu formul Ermənistan hökuməti və siyasi elita tərəfindən qəbul edilsə, bizim irəliləyiş üçün şansımız var". Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycanın mövqeyi açıq-aşkardır: "Mən bunu dəfələrlə açıq şəkildə dilə gətirmişəm və bir daha deyirəm ki, biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik və çiçəklənən gələcək istəyirik".
"ERMƏNİSTAN AVTOMOBİL YOLUNUN AÇILMASINA ETİRAZ EDİRDİ, LAKİN İNDİ BİZ ONLARI BUNUN QAÇILMAZ OLDUĞUNA İNANDIRA BİLMİŞİK"
"Ermənistanla münasibətləri normallaşdırmaq üçün Siz sərhədləri açmağa hazırsınızmı və bunun baş verməsi üçün şərtlər nədir?"-sualına gəlincə isə dövlət başçısı "Bəli, biz sərhədləri açmaq istəyirik" - deyə bildirib. "Bu vaxta kimi Azərbaycanın, Ermənistanın və Rusiyanın Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində bir neçə dəfə danışıqlar baş tutub. Bu işçi qrupunun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olub. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var və biz Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini tikməyə başlamışıq. Eyni zamanda, əvvəlki aylarda Ermənistan avtomobil yolunun açılmasına etiraz edirdi, lakin indi biz onları bunun qaçılmaz olduğuna inandıra bilmişik və onlar da bununla razılaşır". Əlbəttə ki, kommunikasiyaların açılması, həm Azərbaycanın, həm Ermənistanın və digər dövlətlərin, ümumilikdə regionda hamının marağındadır. Kommunikasiyaların açılması bölgədə yeni əməkdaşlıq platformalarının yaradılmasına gətirib çıxaracaq ki, bu da regionda uzunmüddətli sülhün, əmin-amanlığın təmin olunmasında çox mühüm rol oynayacaq. Zəngəzur dəhlizinin açılması, ilk növbədə, Naxçıvanla Azərbaycanın əsas hissəsini birbaşa birləşdirən nəqliyyat dəhlizi olacaq. Bu dəhlizin açılması Azərbaycanla qardaş Türkiyənin quru və dəmir yolu xətti ilə birbaşa birləşməsini həyata keçirəcəkdir. Dövlət başçısı bildirib ki, keçən ay Soçidə Prezident Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş zamanı biz kommunikasiyaların açılmasından açıq şəkildə bəhs edən bəyannaməni qəbul etdik: "Beləliklə, bu, baş verəcək. Yeri gəlmişkən, hava məkanı artıq aktivləşib. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb".
"TARİXİMİZDƏKİ BÜTÜN BU FACİƏVİ HADİSƏLƏRƏ, DAĞINTILARA, XOCALIDAKI SOYQIRIMINA BAXMAYARAQ, BİZ SƏHİFƏNİ ÇEVİRMƏLİYİK"
44 günlük Vətən müharibəsində dünya bir daha erməni terrorunu, barbarlığını, vəhşiliyini gördü. Mülki, dinc insanların hədəfə alınması, yaşayış yerlərinin dağıdılması erməni vəhşiliyini bir daha dünyaya nümayiş etdirdi. 30 ilə yaxın işğalda qalaraq dağıdılan, talan edilən ərazilərimizdə bu gün Cənab Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində həyat yenidən dirçəlir. Həmin ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi üçün irimiqyaslı layihələr reallaşdırılır. Erməni barbarlığı nəticəsində məhv edilmiş tarixi mədəni abidələrimiz bərpa olunur: "30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib"- deyən Prezident bildirib ki, Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər: "Ağdam mövcud deyil, Füzuli mövcud deyil, tamamilə yerlə-yeksan edilib və bunlar - bütün binaların qəsdən dağıdılması və dini abidələrimizin məhvi Birinci Qarabağ müharibəsi zamanı deyil, işğal dövründə törədilib. 67 məsciddən 65-i tamamilə dağıdılıb. Yerdə qalan 2 məsciddə onlar azərbaycanlıların heysiyyətini təhqir etmək üçün donuz və inək saxlayıblar".
Azərbaycanda çox sayda insan, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hisslərinin olmasının təbii olduğunu diqqətə çatdıran dövlət başçısı bildirib: "Mən "xeyr, müharibə başa çatıb, indi gəlin dost olaq" desəydim, bu, səhv olardı. Bu, vaxt aparacaq. Lakin məsələ dövlət siyasətindədir. Mən artıq dəfələrlə demişəm ki, tariximizdəki bütün bu faciəvi hadisələrə, dağıntılara, Xocalıdakı soyqırımına baxmayaraq, biz səhifəni çevirməliyik. Əgər gələcəyə baxmaq, sabit vəziyyət yaratmaq, yeni müharibə riskini tamamilə minimuma endirmək istəyiriksə, səhifəni çevirməliyik".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB