Azərbaycan Brüsseldə bu məsələyə qeyd-şərt qoydu - EKSPERT RƏYİ
“Cənubi Qafqaz ölkələrinin hər birinin ayrılıqda rəsmi Brüssellə münasibətləri inkişaf etdirmək barəsində fərqli yanaşmaları və faktiki addımlarının olduğu reallığını nəzərə alaraq rəsmi Bakı illər ərzində Aİ ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq məntiqi üzrə əlaqələr qurmağa üstünlük verir. Bu baxımdan da Azərbaycan təşkilatın ayrı-ayrı üzvləri ilə strateji xarakterli əlaqələr qurub. Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanması bunun əyani təsdiqidir. Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş olaraq qəbul edir. Azərbaycan tərəfi bu siyasəti beynəlxalq hüquq normalarına tam uyğun reallaşdırmaqdadır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloqun sözlərinə görə, dekabrın 15-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığının altıncı sammiti Azərbaycan üçün həm də o baxımdan əhəmiyyətlidir ki, bu sammit 44 günlük Vətən Müharibəsi nəticəsində Ermənistan üzərində qazanılan qələbədən sonra ilk sammitdir: “Zirvə Görüşündə ŞT ölkələri və Avropa İttifaqına üzv ölkələrin qəbul etdiyi birgə bəyannamədə bir sıra mühüm məsələlər ehtiva olundu. Avropa İttifaqı ŞT-nın bütün tərəfdaş ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə öz dəstəyini ifadə edir. Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə dəstək ifadə olunması qədər, bu həm də o deməkdir ki, Aİ də Azərbaycanın yeni yaratmış olduğu reallığı qəbul edir. Sammit çərçivəsində bir məqam Azərbaycan Prezidenti tərəfindən xüsusilə qeyd olundu ki, Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi. Bu dəfə isə belə bir hal baş vermədi. Bu olduqca müsbət haldır. Prezident İlham Əliyev öz növbəsində Ermənistana qarşı bilavasitə fikir səsləndirmədi. Artıq Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəmin yaranır. Şərq Tərəfdaşlığı regionunda mehriban qonşuluq münasibətlərinə, etimad quruculuğu tədbirlərinə, regional əməkdaşlığa, nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olundu. Məhz bu amil də Azərbaycanın üzərində dayandığı olduqca prinsipial və mühüm məsələdir ki, artıq səhifəni çevirib, gələcəyə baxmaq zamanıdır. Birgə bəyənnamədə ehtiva olunan bu məsələ birmənalı olaraq Azərbaycanın post-münaqışə gündəliyi ilə eynilik təşkil edir. Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli müfəssəl sazişlə bağlı danışıqlar aparılır, Azərbaycanın müxtəlif səviyyəli dövlət rəsmiləri Avropa İttifaqı ilə təmasdadırlar. Aparılan danışıqlarda əldə edilmiş tərəqqi alqışlanır”.
Ş.Həsənova vurğulayıb ki, cənab Prezident İlham Əliyev ən ali kürsülərdən peyvənd millətçiliyini, varlı və kasıb ölkələr arasında fərq qoyularaq ədalətsiz peyvənd bölgüsünü hər zaman pisləyir: “Bütün ölkələrin peyvəndlərdən bərabər səviyyədə istifadə etməsinin vacibliyini Aİ də qeyd edir. Bununla da Aİ faktiki olaraq Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin “peyvənd millətçiliyi”nə qarşı mövqeyinə dəstəyini ifadə etdi. Sammitdə bir xüsusi məqam da yaşandı. Belə ki, Azərbaycan Respublikası özünü Şərq Tərəfdaşlığı Sammitinin 15 dekabr 2021-ci il tarixli Birgə Bəyannaməsinin 11-ci bəndindən ayırdı və bu Birgə Bəyannamənin Qoşmasının 8-ci bəndində istinad edilmiş “münaqişənin təsirinə məruz qalmış regionlarda” Azərbaycan Respublikasının müvafiq müraciəti və razılığı olmadan həyata keçirilən hər hansı əməliyyata münasibətdə qeyd-şərti qeyd olundu. Yəni, Azərbaycan öz xüsusi mövqeyini ortaya qoyaraq bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmadı. Nəzərə alsaq ki, Azərbaycan-Belarus arasında beynəlxalq təşkilatlar, o cümlədən, Azərbaycan və ya Belarusun üzv olmadığı beynəlxalq qurumlar çərçivəsində təşəbbüs və namizədlərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsi barədə razılıq mövcuddur və həm də Azərbaycan beynəlxalq hüququn ümumqəbuledilmiş norma və prinsiplərinə, dövlətlərin suveren bərabərliyinə, sərhədlərin toxunulmazlığına, ərazi bütövlüyünə hər zaman həssas və qətiyyətlə yanaşan ölkədir. Ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi Azərbaycanın qırmızı xəttidir. Ümumiyyətlə, Azərbaycan insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etmir. Bir faktı da xüsusilə vurğulamaq lazımdır ki, Belarus həm də o ölkədir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi olsa da ərazi bütövlüyü məsələsində hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Cənab Prezident İlham Əliyev bildirmişdi ki, “...ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir.” Azərbaycan-Belarus münasibətləri dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki, öz dostlarını heç vaxt darda qoymur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB