Ermənistanın separatçılıq siyasətindən əl çəkməsi tələb olunur - MÜNASİBƏT BİLDİRİLDİ
"Dekabrın 15-də Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə gözlənilən görüşü və müzakirə olunacaq məsələlər təkcə iki dövlət üçün deyil, ümumilikdə region dövlətləri üçün maraq kəsb etdiyi heç kimə sirr deyil". Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, politoloq Ramid Hüseynov bildirib.
Onun sözlərinə görə, bu görüşdən ciddi bir nəticələrin əldə olunacağına ümid etmək düzgün olmazdı: "İlk öncə ona görə ki, Avropa Birliyinin regiondakı proseslərə birbaşa müdaxilə etmək imkanları Rusiya ilə müqayisədə olduqca zəifdir. Digər tərəfdən Qərbin regionda sülhün və təhlükəsizliyin təmin olunmasında, region dövlətlərinin inkişafındakı istəkləri geoiqtisadi maraqlarından kənara çıxmır. Üstəgəl beynəlxalq hüquqa ikili yanaşmanın sərgiləməsi, xristian təəssübkeşliyi və ermənipərəst mövqe bir çox Avropa dövlətlərini obyektivlikdən kənar çıxmasına səbəb olur. İkincisi müharibə sonrası regionda yeni geosiyasi konfiqurasiyanın, yeni münasibətlərin, sivil cəmiyyətə istiqamətlənmək cəhdlərinin olması Qərbi hərəkətə gətirməsinə baxmayaraq Rusiyanın hələdə geosiyasi üstünlüyü buna mane olmaqdadır. Deməli, AB yaxşı bilir ki, Rusiyanın iştirakı və şərtləri nəzərə alınmadan Azərbaycan və Ermənistanın hər hansı bir formada razılığa gəlməsi inandırıcı görünmür.
Nəzərə alsaq ki, illərdir ki, geosiyasi maraqlarını qoruyub saxlamağa çalışan Rusiya bu siyasətini daha çox hərbi təhdid və münaqişlər yolu ilə həyata keçirməyə çalışır. Çünki indiki situasiyada Paşinyanın qərbə yarınmaq cəhdləri, qərbin dəstəyini almaq və Rusiyanın təsirindən qurtulmaq istəkləri onu ciddi hiddətləndirir. İllərdir Rusiyanın himayəsindən istifadə edərək region dövlətlərinin əraziləri hesabına dövlətini qurmuş və mütəmadi olaraq onun iqtisadi-siyasi-hərbi yardımlarını almış Ermənistanın müharibə sonrası qərbə meyillənməsi himayədarını özündən çıxarır. Hesab edirəm ki, Rusiyanın narahatlığı Ermənistanın itirilməsindən daha çox Qərbin vəziyyətdən istifadə edərək geosiyasi maraqlarını möhkəmləndirmək fürsətini qazana bilmək qorxusudur. Bunun üçün Rusiya Ermənistanda daha loyal şəxsi hakimiyyətə gətirməklə regiondakı geosiyasi maraqlarını problemsiz həll etməyi planlayır. Eləcə də, müharibənin hər zaman alovlanmaq təhlükəsinin olduğunu nəzərə alan Rusiya bununla Ermənistana təsir etməklə onun qərbə yarınmaq istəklərinə mane olmağı düşünür. Ermənistan ordusunda hələ də revanşist qüvvələrin mövcud olması bu imkanları artırır.
Amma Rusiya da yaxşı anlayır ki, postmüharibə dövründə yeni geosiyasi mühitin formalaşması, eləcə də, qərbin bölgədə demokratikləşmənin və insan hüquq və azadlıqlarının təmin edilməsinə çalışması region dövlətlərinin daxili və xarici siyasətlərinə daha praqmatik əsasda yanaşmağı tələb edir. Rusiyadan fərqli olaraq qərbin daha çox maliyyə dəstəyi, regionda iqtisadi vəziyyəti yaxşılaşdırmaq cəhdləri münaqişələr və hərbi güc yolu ilə dövlətlərin idarə edilməsi imkanlarını tədricən məhdudlaşdırır. Habelə cəmiyyətin daha inkişaf edən, sivil dəyərlərin, hüququn mövcud olduğu qərbə inteqrasiya istəkləri də prosesə ciddi təsir göstərir.
Belə olan təqdirdə, düşünmək olar ki, Brüssel görüşündə hər hansı bir nəticənin əldə edilməməsinə baxmayaraq, hər iki dövlətin xarici siyasətində qərbə inteqrasiya meyillərinin güclənməsinə ümid etmək olar. Bu istiqamətdə daha çox Ermənistanın siyasi iradə nümayiş etdirərək, Azərbaycanın suverenliyinə hörmətlə yanaşması, işğalçılıq və separatçılıq siyasətindən əl çəkməsi tələb olunur. Paralel olaraq Avropa Birliyinin də səyləri artırması, beynəlxalq hüquq norma və prinsiplərinə riayət etməsi, ikili standartlardan uzaq olması vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB