Sergey Belokonev: “Sanksiyalar artıq Qərb ölkələrinin daimi xarici siyasət alətidir” - MÜSAHİBƏ

Rusiyalı politoloq, dosent, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin Sosial Elmlər Fakültəsinin elmi direktoru Sergey Belokonev “Caliber” analitik mərkəzinə müsahibəsində Qərbin Şərqi Avropa və Qafqazla bağlı siyasəti haqda fikirlərini bildirib. Müsahibəni təqdim edirik.

- Sergey Yuryeviç, sizcə, Belarus-Polşa sərhədində miqrasiya böhranına hansı amillər səbəb oldu?

- Miqrasiya böhranının səbəbi Qərb dövlətlərinin və NATO hərbi blokunun dünyanın müxtəlif yerlərində, indiki halda Yaxın Şərqdə və postsovet məkanında həyata keçirdiyi xaos siyasətidir. Müəyyən dərəcədə bu, Belarus rəhbərliyinin 2020-ci ildə daxili proseslərə Qərbin kənar müdaxilə cəhdlərinə və sonradan suveren Belarus dövlətinə qarşı sanksiyalara cavabıdır. Lukaşenkonun miqrasiya faktorundan öz maraqlarına uyğun istifadə etməsi məntiqlidir. Belarus-Polşa sərhədində baş verən faciəli hadisələrin mühüm səbəbi Yaxın Şərq ölkələrində qeyri-sabitlikdir. Bu bölgədə gedən müharibələr və dağıntılar nəticəsində qaçqın axını azalmır.

- Aİ-nin Belarusa qarşı sanksiyaları davam edəcəkmi?

- Təəssüf ki, sanksiyalar artıq bir sıra ölkələrin, ilk növbədə Qərb ölkələrinin daimi xarici siyasət alətidir. Bu, beynəlxalq münasibətlərdə böhrandan və əsas qlobal platformanın- BMT-nin səmərəsizliyindən xəbər verir. BMT-nin ABŞ-dan ənənəvi olaraq neytrallığı dəstəkləyən Avropa ölkələrindən birinə verilməsi məsələsinin gündəmə gətirilməsi təcilidir. Belarusa qarşı sanksiyalar hələ bir müddət davam edəcək, lakin onlar yalnız ölkə sakinlərinə göstərir ki, prezident Lukaşenko onların maraqlarının və təhlükəsizliyinin əsl müdafiəçisidir və ona inam artır.

- Sanksiyaların qarşısını nə ala bilər?

- Sanksiya dilindən uzaqlaşmaq olar, lakin qısa müddətdə deyil və yalnız Qərb və NATO ölkələri Rusiya və Belarusla qarşıdurmadan imtina etdikdən sonra.

- Sizcə, yeni hökumətin gəlişi ilə Almaniyanın Cənubi Qafqazla, xüsusən də, Azərbaycanla bağlı siyasəti ciddi şəkildə dəyişəcəkmi?

- Almaniya kansleri Angela Merkelin hakimiyyətinin başa çatması ilə xarici siyasət böyük ehtimalla öz subyektivliyini itirməkdə davam edəcək, daha çox ABŞ və Britaniyadan olan “atlantistlər”in təsiri altına düşəcək. Lakin yaxın gələcəkdə bu, Cənubi Qafqaza çətin ki, təsir edəcək, çünki Almaniya bu regionda son onilliklərdə ənənəvi olaraq qeyri-aktiv olub.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...