Qarabağ iqtisadi rayonu hansı vədləri verir? ANALİTİK+AKTUAL

Qarabağ iqtisadi rayonu hansı vədləri verir? ANALİTİK+AKTUAL

Artıq kifayət qədər sübut olunub ki, Azərbaycanın ərazilərində qala-qala Ermənistanın büdcəsi hesabına mövcud olmaq və bunu uzunmüddətli həyata keçirmək heç cür mümkün deyil

Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ iqtisadi rayonunda işğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalaması, ilk növbədə, Rusiya sülhməramlıları kontingentinin (RSK) müvəqqəti yerləşdirdikləri Azərbaycan ərazilərində yaşayan ermənilərin reinteqrasiyasının formalaşdırılması prosesinin başlanığıcı kimi qiymətləndirilə bilər.

Beləliklə, buradan həm də belə nəticə hasil etmək olar ki, Azərbaycan rəhbərliyi RSK-nın müvəqqəti yerləşdikləri əraziləri ayırmayıb, əksinə, mövcud əraziləri iqtisadi rayon daxilində təqdim edib, həmçinin, ölkənin inzibati rayonlarını saxlayıb. Daha dəqiq desək, inzibati planda heç nə dəyişmir, yeni müvəqqəti dövlət institutu formaşdırılır ki, həmin institut həm infrastrukturların yaradılması, həm də azərbaycanlıların öz yurdlarına qayıdışı (mövcud halda Ağdama, Füzuliyə, Cəbrayıla, ardınca isə Xankəndiyə, Ağdərəyə, Xocalıya və Əsgərana-R.R.) ilə məşğul olacaq, eyni zamanda, erməni əhalisinin də reinteqrasiyası aparılacaq.

Ağdam və Şuşa şəhərləri iqtisadi regionun digər şəhərlərindən fərqli olaraq bilavasitə ermənilərin yaşayış məntəqələrinə yaxınlıqda yerləşirlər

Şübhəsiz ki, əsas əlaqələndirmə mərkəzi yüzminlik əhalisi, sənaye potensialı və yüksək ticarət ənənələri olan Ağdam şəhəridir. Həmçinin nəzərə almaq olar ki, Ağdam və Şuşa şəhərləri iqtisadi regionun digər şəhərlərindən fərqli olaraq bilavasitə ermənilərin yaşayış məntəqələrinə yaxınlıqda yerləşirlər. Qarşılıqlı əlaqələr olmadıqda isə Qarabağ regionunun dağlıq hissəsində, hazırda erməni əhalisinin yaşadıqları ərazilərdə nə heyvandarlıq, nə əkin-biçin, nə də torpaq işlərini görmək mümkün olmayacaq. Belə olan halda quldur və separatçı quruluşla sözdə “idarə edilən” və “stepanakert” adlandırılan Xankəndi əlaqələndirmə funksiyasını icra edə bilməz, çünki nə coğrafi, nə də iqtisadi cəhətdən əsaslara, potensiallara malik deyil.

Qarabağ iqtisadi regionunun erməni əhalisi anlayacaq ki, Ermənistan və erməni diasporları nə təhlükəsizliyin təmin olunmasında, nə də qondarma qurumun tanınmasında heç nə edə bilmədilər

Artıq fakt budur ki, Azərbaycan reinteqrasiya prosesinə məhz bu yolla konstruktiv yanaşma sərgiləyir, iqtisadi mesanizmləri işə salır. Yəni belə bir nəticəyə də gəlmək olar ki, Qarabağ iqtisadi regionunun erməni əhalisi zaman-zaman anlamağa başlayacaq ki, nə Ermənistan, nə də xarici ölkələrə səpələnmiş erməni diasporları istər təhlükəsizliyin təmin olunmasında, istərsə də qondarma qurumun tanınmasında heç nə edə bilmədilər. Müharibədə alınan ağır məğlubiyyət bu sahədə də öz sözünü dedi. Eləcə də, kifayət qədər sübut olunub ki, Azərbaycanın ərazilərində qala-qala Ermənistanın büdcəsi hesabına mövcud olmaq və bunu uzunmüddətli həyata keçirmək heç cür mümkün deyil. Eləcə də, bu gün ağır vəziyyətdən çıxa bilməyən, böhranlı və iqtisadi çöküş bataqlığında çabalayan Ermənistan əhalisinin özü Qarabağ ermənilərinin onlardan asılı olduqlarını görür, bu faktı qəbul etmirlər.

Qarabağ ermənilərinin yeganə çıxış yolları Azərbaycan vətəndaşlığını qəbul etməkdir

O cümlədən, Ermənistan hökumətini Qarabağa deyil, məhz Ermənistana, erməni vətəndaşlarına xidmət etməsini tələb olaraq irəli sürürlər. Əbəs deyil ki, artıq Ermənistanda “qarabağlı”-“irəvanlı” diskriminasiyaları yaşanır, tərəflər bir-birini həzm etmir, Qarabağ ermənilərinin Ermənistan ermənilərinin boğazlarına yük olduğu açıq şəkildə vurğulanır.

Təbii ki, Ermənistan hökumətində xalqın səsi ilə oturanlar bu reallıqları da yaxşı bilirlər və hakimiyyətlərinin gələcəyini təmin etməkdən ötrü Qarabağdan birdəfəlik əl çəkmələri ətrafında ortaq məxrəcə gəlməkdən başqa çarələri də yoxdur.

Qarabağ iqtisadi rayonu daxilində yaşayan ermənilərin isə yeganə və qaçılmaz çıxış yolları əlbəttə ki, Azərbaycan vətəndaşlığını qəbul etməkdir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə