Azərbaycanın uğurlu inkişaf yolu milli maraqlara əsaslanan siyasətin nəticəsidir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü

Azərbaycan dövləti bu gün dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatlarında uğurla təmsil olunur. Prezident İlham Əliyevin yürütdüyü çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu nəticəsində ölkəmiz beynəlxalq müstəvidə iqtisadi - siyasi problemlərin həllinə, o cümlədən qlobal təhdidlərə qarşı birgə mübarizələrə verdiyi töhfələri ilə seçilir. Bu baxımdan, ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatındakı uğurlu fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan İƏT-in fəal üzvü kimi digər dövlətlərlə münasibətlərdə dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı və sədri olduğu Qoşulmama Hərəkatı çərçivəsində də İƏT üzvləri ilə səmərəli əməkdaşlıq edir.

Azərbaycan hər zaman əməkdaşlığa açıq ölkə olub və ölkəmizdə yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün də lazımi dəstək göstəriləcək. Azərbaycan son dövrlərdə iqtisadi artıma görə dünyanın ən aparıcı dövlətlərindən birinə çevrilib. Son 18 il ərzində ümumi daxili məhsulun üç dəfədən çox artması bunu bir daha təsdiqləyir.

Qeyd etmək yerinə düşər ki, genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaranmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 190 ölkə arasında 28-ci yerdə qərarlaşması və ölkə iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılması mühüm göstəricilərdəndir. Azərbaycan investorlar üçün cəlbedici ölkədir. Qeyd olunan investisiyanın yarısı da məhz xarici sərmayədir. Aparılan uğurlu iqtisadi-sosial siyasətin nəticəsidir ki, Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Cənab Prezidentimiz İƏT-in XV Zirvə toplantısındakı çıxışında da bildirdi ki, Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Təbii ki, bu fakt dünya ictimaiyyəti, ən əsası beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.

Diqqətə çatdırmaq istəyirəm ki, Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətinin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşması ölkə iqtisadiyyatının inkişafı, vətəndaşların sosial rifahının yüksək olması, ən əsası isə xidmət sektorunun inkişafı aşağıda göstərilən rəqəmlərdə də öz əksini tapmaqdadır. Belə ki, Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir. Azərbaycanın bütün bu uğurlara həm də qlobal pandemiya dövründə nail olub və ölkəmiz COVİD-19 bəlasına qarşı beynəlxalq mübarizənin təşkilində də xüsusi rola malikdir. Azərbaycan pandemiyaya qarşı mübarizədə əhəmiyyətli kampaniyaların təşkilatçısı qismində çıxış etməkdədir. Bununla yanaşı, istər peyvəndləmə kampaniyasında, istərsə də pandemiyadan ziyan görmüş sahələrə edilən yardımlara görə dünyanın ən ön sıralarında qərar tutmaqdadır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulub, COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilib. Prezident İlham Əliyev öz çıxışında da bildirdi ki, 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaq və ölkəmiz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinədir. Məhz azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı 2021-ci ildə Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edib. Bundan əlavə, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım olunub.

Sona çatan 2021-ci il həm də işğaldan azad edilmiş regionlarda yenidənqurma və bərpa işlərinin uğurla davam etdirilməsi ilə də yadda qalıb. Qeyd olunmalıdır ki, işğal olunmuş ərazilər 30 il ərzində erməni vandalizminin qurbanına çevrilib. Şəhər və kəndlərimiz, tarixi-mədəni, dini abidələrimiz Ermənistan tərəfindən yerlə-yeksan edilib. Ermənistan bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində məscidlərimizi dağıdıb, təhqir edib. İşğaldan azad edilmiş Ağdam, Qubadlı, Zəngilan, Şuşa və digər şəhər və rayonlarımızdakı məscidlərimiz bunun bariz sübutudur. Ermənilər işğal altındakı ərazilərdəki 67 məsciddən 65-ni, o cümlədən qəbiristanlıqları tamamilə dağıdıb. Bu gün azərbaycan dövləti öz qüdrəti sayəsində işğaldan azad etdiyi regionlardakı dini abidələrmizi, tarixi irsimizi də bərpa edir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Ölkə Prezidenti Zirvə Görüşündə bildirdi ki, bu il dövlət büdcəsindən bu istiqamət üzrə 1,3 milyard ABŞ dolları ayrılıb və 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur Azərbaycan Prezidenti tərəfindən yaşıl enerji zonası elan edilib. Bu ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. Ən əsası isə "Zəngəzur dəhlizi" reallığa çevrilir və bu dəhliz Naxçıvanı Azərbaycanın əsas hissəsi, o cümlədən Türkiyə ilə Azərbaycanı birləşdirəcək, Türk dövlətləri ilə əlaqələrin inkişafına yeni töhfələr verəcək bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Bir sözlə, Azərbaycanın uğurlu inkişaf yolu milli maraqlara əsaslanan siyasətin nəticəsidir. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə