"Təəssüflə qeyd etmək lazımdır ki, beş il öncə Bərdə şəhəri Ermənistanın növbəti vandalizm aktının qurbanı oldu. Düşmən tərəfi beynəlxalq humanitar hüququ, müharibə qanunlarını kobud şəkildə pozaraq dinc əhaliyə qarşı qadağan olunmuş silah və bombalardan istifadə etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, hücumlar nəticəsində şəhərdə böyük dağıntılar baş verdi, günahsız insanlar hədəfə alındı: "Nəticədə 20 nəfər mülki şəxs şəhid oldu, 70-dən çox insan yaralandı. Bu hadisə təkcə Bərdəyə deyil, bütövlükdə ölkəmizə mənəvi və iqtisadi baxımdan dərin zərbə vurdu. Ermənistan rəhbərliyi düşünürdü ki, bu cür amansız hücumlarla Azərbaycan xalqının iradəsini sarsıda, qələbə əzmini qıra biləcək. Lakin onlar xalqımızın birliyini, möhkəm iradəsini və Vətən sevgisini düzgün qiymətləndirə bilmədilər. Azərbaycan xalqı həmin günlərdə daha da sıx birləşdi, ordumuza, dövlətinə və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyinə tam dəstək göstərdi. Məhz bu birliyin, həmrəyliyin və qəhrəman Azərbaycan Ordusunun rəşadəti sayəsində Vətən müharibəsində tarixi qələbə qazanıldı. Qarabağ və işğal altında olan bütün torpaqlarımız azad olundu. Bu qələbə təkcə hərbi uğur deyil, həm də milli qürur, ədalətin və tarixi haqqın bərpası idi.
Bu gün biz o ağır günləri kədər və qürurla xatırlayırıq. Şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Onların canı, qanı bahasına əldə olunan bu qələbə hər bir azərbaycanlının ürəyində iftixar hissi yaradır. Biz qalib xalqıq, qalib dövlətik — və bu qələbə Azərbaycan xalqının sarsılmaz iradəsinin, birliyinin və ədalət uğrunda mübarizəsinin simvoludur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB