Fransa daha çox arabaya qoşulmuş əlavə yükü xatırladır - MÜNASİBƏT BİLDİRİLDİ

Fransa daha çox arabaya qoşulmuş əlavə yükü xatırladır - MÜNASİBƏT BİLDİRİLDİ

"Fransanın Azərbaycana qarşı belə mövqe sərgiləməsi təəccüblü deyil, çünki hələ münaqişənin həlli zamanı ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi dövründə həmin qrupda əsas söz sahibi ABŞ və Rusiya idi. Fransa burada daha çox arabaya qoşulmuş əlavə yükü xatırladırdı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov bildirib.

Onun sözlərinə görə, bu məsələ Parisi həmişə narahat edir və qıcıqlandırırdı: "Keçmişə nəzər salsaq görərik ki, xüsusilə Paris keçmiş dövrlərdən bəri hər zaman digər hər iki həmsədrlərdən daha qatı şəkildə ermənipərəst mövqedən çıxış edib. Hal-hazırda Türkiyə ilə Fransa arasında bəzi neqativ məqamlar vardır. Onu da qeyd edək ki, Türkiyənin Avropa İttifaqına üzvlüyünün qarşısını kəsən ən önəmli dövlətlərdən biri də Fransadır. Türkiyənin Rusiya ilə əlaqə yaradıb Azərbaycanın hərbi gücü sayəsində regionda güclü geo-siyasi reallıq yaratması Fransanı qıcıqlandırır. Bu baxımdan Fransa çalışır ki, bu məsələləri əngəlləsin və regionda yenidən öz nüfuzunu geri qaytarsın.

Fransa bilir ki, ABŞ daha ciddi problemlərlə məşğuldur. Ona görə də Cənubi Qafqazda ABŞ son vaxtlar fəallığını bir qədər səngidib. Bu boşluğu Fransa özü ilə doldurmaq istəyir. Xüsusilə də nəzərə almaq lazımdır ki, Fransa ermənipərəst mövqeyi ilə seçilir və çalışır ki, ermənilərdən bir təzyiq aləti kimi Azərbaycana qarşı istifadə etsin. Bunun başqa bir yolu yoxdur. Doğrudur bir çoxları vurğulayırlar ki, Fransanın güclü erməni diasporu var. Bildiyiniz kimi Fransada prezident seçkiləri də gələn ildir. Yəni Makron çalışır ki, fəal erməni diasporunun köməyi ilə seçkilərdə qələbə qazansın. Ona görə də belə siyasət aparır. Mən düşünürəm ki, Fransada erməni diasporu güclü olsa da 60 milyonluq Fransada erməni diasporu hər şeyə qadir deyil. Erməni diasporunun güclü olduğu bir çox ölkələr erməni diasporu pərdəsi altında özlərinə bəraət qazandırmağa çalışırlar. Yəni ki, erməni diasporu ölkənin xarici siyasətinə təsir göstərir. Bunların daha çox siyasi speskuliyasiya olduğunu düşünürəm. Çünki 100 il bundan əvvələ də fikir versək görərik ki, regionda baş verən hadisələrdə hətta ermənilərin türklərin qarşısında diz çökdüyü məqamda məhz ermənilərin beynini dolduraraq Fransa onları qızışdırmışdır. Bunları nəzərə alaraq deyərdim ki, ümumiyyətlə Fransanın həmsədrlikdən çıxardılması məsələsi gündəmə gətirilməlidir. Azərbaycan, Rusiya və Türkiyə birlikdə üçtərəfli bəyanatla ATƏT-in Minsk qrupunun ləğvini tələb etməlidirlər. Çünki bu qurum 30 illik fəaliyyəti dövründə yaranmış bu münaqişənin həlli üçün heç bir yol irəli sürmədilər. Artıq bu münaqişəni Azərbaycan özü həll edib. Ona görə də ATƏT-in Minsk Qrupuna ehtiyac qalmadı. Mən düşünürəm ki, ATƏT-in Minsk qurupundan Fransanın çıxarılması məsələsi kəskin şəkildə ortaya qoyulmalıdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə