Soçi - görüşdən əvvəl və sonra: proseslər nəyi diktə edir və edəcək? ANALİTİK+AKTUAL

44 günlük müharibədə demək olar ki, bütün iqtisadi, hərbi resurslarını itirən Paşinyanın siyasi iradəsi sındırılıb və artıq yaşanan reallıqlarla barışmaq məcburiyyətindədir.

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Soçidəki üçtərəfli görüşləri faktoru çoxsaylı proqnoz və ehtimalları yenidən gündəmə gətirdi. Xatırladaq ki, bu, 10 noyabr bəyanatından sonra ikinci görüşdür, sonuncu görüş isə bu ilin 11 yanvarında Moskvada keçirilmişdi.

Brüssel görüşünün əsası Soçidə qoyulur – Rusiya təşəbbüskarlıq rolları ilə zəifləyən mövqeyini möhkəmləndirir

Artıq o da bəllidir ki, Soçi görüşü regional sabitliyin və inkişafın təməlini qoya biləcək nəticələrə də səbəb ola bilər. Belə ki, dekabrın 15-də keçiriləcək Brüssel görüşündə qəbul edilməsi gözlənilən bir sıra qərarların əsasının, məhz Soçidə qoyulması həm də şərtə çevrilmişdi.

Məsələ ondadır ki, Rusiya son zamanlar bir sıra səbəblərə görə özünün regiondakı çəkisinin azaldığını hiss etməyə başlamışdı və bu görüşdə mümkün qədər 10 noyabr 2020-ci ildə qəbul olunmuş üçtərəfli bəyanatda əks edilən şərtlərin realizəsinə çalışdı və bundan sonrakı proseslərdə də biz bunu müşahidə edəcəyik.

Kreml regionun inkişafı və tərəqqisi istiqamətində Bakının roluna davamlı dəstək göstərməyə hazırdır

Rusiya liderinin üçtərəfli görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüş keçirməsi və həmin görüş əsnasında iqtisadi, siyasi və s. faktorlarda ölkələrimiz arasında artan etimadın möhkəm olmasını vurğulaması, həm də belə deməyə zəmin yaradır ki, Kreml regionun inkişafı və tərəqqisi istiqamətində Bakının roluna davamlı dəstək göstərməyə hazırdır.

O cümlədən, 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində də Moskvanın rol almaq imkanlarının genişliyi, çoxsaylı Rusiya şirkətlərinin Azərbaycandakı fəaliyyətləri ilə əlaqələndirilir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev də Vladimir Putinlə görüşündə xüsusilə vurğuladı, habelə ölkəmizin Rusiya ilə çoxəsrlik bağlantılara malik olduğu hər iki lider tərəfindən qeyd edildi.

Yeri gəlmişkən, üçtərəfli görüşdən əvvəl də görüş əsnasında da qalib Azərbaycan liderinə göstərilən dərin ehtiram və diqqət də gözlərdən yayınmadı. Halbuki, Paşinyanın vəziyyəti açıq-aşkar göz önündə idi...

Ermənistanın baş naziri Nikol Paşinyanın bu görüşdə "tora salınması" onun davranışlarından və çıxışlarından da bəlli idi

Lakin əsas məqamlardan biri də budur ki, Soçi görüşündə dəhliz mübahisəsinə son vermək üçün Ermənistanın üzərinə qəti və kəskin öhdəliklər qoyuldu və Ermənistanın baş naziri Nikol Paşinyanın bu görüşdə necə deyərlər, "tora salınması" onun davranışlarından və çıxışlarından da bəlli idi. O, yaxş bilir və dərk edir ki, üzərinə düşən şərtləri icra etməsindən başqa çarəsi yoxdur. Əks halda, sülhəməcburetmə amili öz danılmazlığını qoruyub-saxlamaqdadır. Əbəs deyil ki, Prezident İlham Əliyev mətbuat üçün açıq olan üçtərəfli görüş hissəsində Rusiya sülhməramlılarının fəaliyyətlərinə müsbət qiymət versə də, Ermənistan-Azərbaycan sərhədlərində məhz erməni tərəfinin addımları nəticəsində silahlı insidentlərin yaşandığını xatırlatdı.

Nələr razılaşdırıldı?

Onu da qeyd etmək olar ki, nəqiyyat və iqtisadi kommunikasiyaların, (yəni Zəngəzur dəhlizinin) açılmasının vacibliyi həm Rusiya, həm də Azərbaycan dövlət başçıları tərəfindən bildirildi. Lakin qarşıda sərhədlərin delimitasiyası və demarkasiyası kimi proses də mövcuddur ki, əgər Ermənistan rəhbərliyi həmin prosesə süni, yaxud qəsdən əngəllər yaratmazsa, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın realizəsi daha da sürətlənə bilər.

Bu baxımdan, üçtərəfli görüşdən sonra birgə mətbuat konfransında çıxış edən Vladimir Putinin ilkin razılaşmalar barədə açıqlama verməsi diqqət çəkir. "Görüşdə ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılması razılaşdırılıb... Tərəflər nəqliyyat dəhlizlərinin qarşısındakı əngəllərin aradan qaldırılması barədə razlığa gəliblər"

Qeyd edək ki, Rusiyanın dövlət başçısı onu da bildirib ki, Soçi görüşünün sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti arasında üçtərəfli yekun bəyanat imzalanıb.

Bütün bunlardan nəticə çıxarmaq olar ki, bir ildən çoxdur ki, üçtərəfli bəyanatdakı bəndləri bu və ya digər şəkillərdə icra etməkdən yayınan Ermənistanın Soçi görüşündən sonra hər hansı bir müqavimət göstərmək şansı da artıq sıfıra bərabərdir. Nikol Paşinyan öz təbirincə, ya da öz dar düşüncəsinə görə lüzumsuz inadkarlıq sərgiləyib Azərbaycan Prezidentinin və Rusiyanın dövlət başçısının hər hansı bəyanatları, ifadələri ilə "razılaşmamaq" görüntüsünü ala bilər. Təbii ki, o, bunu İrəvanda küçələrə çıxan daxili publikası üçün edir ki, hakimiyyətini saxlaya bilsin.

Amma Paşinyan onu da bilməli idi ki, onun razılaşmadığı tələblərin hər biri, ayrı-ayrılıqda və əslində, bir il öncə özünün atdığı imzası üçtərəfli razılaşmada qalmaqdadır.

Eləcə də Soçi görüşünün nəticələri ilə bağlı imzalanan yekun bəyanat da rəsmi sənəd kimi öz mövcudluğunu qüvvəyə mindirmiş oldu. Artıq Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə borcludur. Çünki 44 günlük müharibədə demək olar ki, bütün iqtisadi, hərbi resurslarını itirən Paşinyanın siyasi iradəsi sındırılıb və artıq yaşanan reallıqlarla barışmaq məcburiyyətindədir.

Daha bir mühüm məqam budur ki, artıq növbəti həftədə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşlərinin keçirilməsi barədə ilkin razılıq da əldə olunub.

Beləliklə, Cənubi Qafqazın yeni istiqamətə - inkişafa doğru gedəcəyini ümid edə bilərik. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat üçün keçirilən brifinqdəki bəyanatı da xüsusi vurğulanmalıdır: "Soçidə keçirilən üçtərəfli görüşdə qəbul edilən qərarlar Cənubi Qafqazda daha təhlükəsiz şərait yaradacaq".

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə