Paşinyan tədbirin əsas məzmunu barədə məlumat verməyib - MÜNASİBƏT BİLDİRİLDİ

Paşinyan tədbirin əsas məzmunu barədə məlumat verməyib - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənistanın Baş naziri Nikol Paşinyan dünən jurnalistlərlə onlayn brifinq keçirib. O noyabrın 26-sı Soçidə keçiriləcək görüş üçün nəzərdə tutulan danışıqlar barəsində jurnalistlərin suallarına cavab verib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, gündəlikdə iki məsələnin olacağı ehtimal edilir: “Birincisi komunikasiyaların açılması məsələsidir. Həmçinin Zəngəzur dəhlizinin açılması məsələsi də gündəmdədir. Paşinyan xüsusi vurğulayıb ki, Zəngəzurla bağlı məsələlərdə yeganə söz sahibi bizik. Bununla da mətbuatda yayılan Rusiyanın istəyi ilə həyata keçirilən tezisin əleyhinə çıxdığını nümayiş etdirib. Hətta bildirib ki, yol açıldıqdan sonra burada gömrük məntəqəsinin açılmasını da planlaşdırırlar. Yəni bu məsələdə Ermənistan tərəfi gömrük postunun açılmasından başqa Azərbaycanla bu məsələlərdə həmfikir ola bilər. Sərhədlərin demarkasiyası və delimitasiyası məsələsinə toxunub, bu məsələni müzakirə edənlər arasında ən çətin məsələlərdən biri olduğunu qeyd edib.

Keçən görüşlərdə bildirib ki, bizim üçün ən çətin məsələ anklav məsələsidir. Gədəbəy rayonu ərazisindəki Başkənd ərazisini nəzərdə tutaraq bildirib ki, həmin ərazilər anklav statusu ilə Ermənistana qaytarılmalıdır. Onlar hətta iddia edirlər ki, Qazağın Ermənistanın işğalı altında olan 7 kəndi də anklav kimi qiymətləndirilməlidir. Bunları keçən çıxışlarında qeyd etmişdir.

Bundan əlavə o bildirib ki, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi ən çox mübahisə yaradan problemlər ola bilər. Azərbaycan tərəfinin bu məsələdə çətin kompromis əldə edə biləcəyindən danışıb. Hər halda Paşinyanın çıxışı o qədər də gözlənilməz məqamlarla diqqəti çəkmir. O, görüş zamanı Rusiyanın vasitəçiliyi ilə noyabrın 26-da baş tutacaq görüşlərdə böyük sülh sazişinin imzalanması məsələləri ətrafında fikir bildirməyib. Hər halda sülh sazişini yaxınlaşdıran amillərdən biri kimi komunikasiyaların açılması və sərhədlərin demarkasiyasına başlanmasını zəruri hesab edir və bildirib ki, bu məsələlər uzun müzakirələrdən sonra qəbul edilə bilər. Ermənistan tərəfinin noyabrın 26-da Soçidə keçiriləcək görüşə o qədər də inamla getdiyini söyləmək olmaz. O, müəyyən kompromislərin olunacağı barədə danışsa da bu kompromislərin nədən ibarət ola biləcəyini söyləməyib və jurnalistlərin suallarına ətraflı şəkildə cavab verməyib. Jurnalistlərə 26 noyabr Soçidə keçiriləcək tədbirin əsas məzmununu bildirən məsələlərlə bağlı məlumat verməyib”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə