"Ermənistanın bu addımı Türkiyəni narahat edir" - QHT RƏSMİSİ AÇIQLADI

"Ermənistanın bu addımı Türkiyəni narahat edir" - QHT RƏSMİSİ AÇIQLADI

“Bu gün Türkiyə Cümhuriyyətinin Nazirlər Kabinetinin toplantısı keçiriləcək. Bu toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək və onun rəhbərliyi altında keçirilən bu toplantıda bir çox beynəlxalq məsələlər müzakirə olunacaq”. Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan hüquqları üzrə komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, bu topantıda Yaxın Şərqdə və Suriyadakı vəziyyət ilə bərabər eyni zamanda Azərbaycan-Ermənistan sərhədlərindəki vəziyyət və Qarabağ məsələsi gündəmə gətiriləcək: “Hesab edirəm ki, son vaxtlar Ermənistan tərəfindən sərhədlərin delimitasiyası, demarkasiyası və Zəngəzur dəhlizinin açılması ilə bağlı yaradılan problemlər, Ermənistan tərəfindən kapitulyasiya aktının tələblərindən boyun qaçırması və müxtəlif bəhanələrlə bu prosesin uzadılmasında maraqlı olması həm Türkiyəni, həm də Rusiyanı narahat etməyə başlayıb. Artıq neçə dəfədir ki, yeni real bir vəziyyət yarananda ya Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşünə bir neçə gün qalmış Ermənistan tərəfindən bu proseslər ləğv edilir, danışıqlara başlamaq ərəfəsində sərhədlərdə təxribatlar törədir. Bütün bunlar onu göstərir ki, Ermənistan bu prosesdən yayınmağa çalışır. Bu da təbii ki, Türkiyənin ciddi narahatçılığına səbəb olur. Hesab edirəm ki, cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçən bu toplantıda bu məsələlər müzakirə olunacaq. Təbii ki, Türkiyə həmişə Azərbaycanın haqlı istəyinin yanında olduğunu nəzərə alsaq, bu toplantıda müzakirələr məhz Azərbaycanın beynəlxalq hüquq ilə tanınmış ərazilərinin bütövlüyü çərçivəsində məsələnin müzakirəsindən ibarət olacaq. Bu toplantıda Ermənistana çağırışların edilməsi, Rusiyaya bu məsələnin tezləşdirilməsi üçün təsir dairəsinin daha yaxşı istifadə edilməsi ilə bağlı fikirlər müzakirə olunacaq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə