"Cənubi Qafqazda baş verən proseslər Türkiyəni də maraqlandırır" -MÜNASİBƏT BİLDİRİLDİ

"Cənubi Qafqazda baş verən proseslər Türkiyəni də maraqlandırır" -MÜNASİBƏT BİLDİRİLDİ

“Türkiyə dövləti üçün Azərbaycan-Ermənistan sərhəddində baş verən məsələlər elə özünün sərhəddində baş verən məsələlər kimi önəm daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov bildirib.

Onun sözlərinə görə, Türkiyə hökuməti sərhəddə baş verən insidentdən sonra açıq şəkildə həm Müdafiə Nazirliyi səviyyəsində, həm də hökumət səviyyəsində artıq bir bəyanat vermişdir: “Hal-hazırda bu hadisələrin hələ də tam şəkildə bitmədiyini, gərginliyin hələ də qaldığını nəzərə alaraq Türkiyə hökumətinin bununla bağlı müzakirələrinin olacağı gözlənilirdi. Çünki 2-ci Qarabağ savaşına qədər, həmin dövrdə və ondan sonrakı dövrdə də Türkiyə Azərbaycana hər zaman dəstək oldu və təminatçı olaraq rəsmi şəkildə status qazandı. Yəni Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin qurulması və həmin monitorinq mərkəzində Türkiyənin də Rusiya ilə bərabər atəşkəsə nəzarət etməsi, qalıcı sülhün əldə olunması ilə bağlı məsələləri öz üzərinə götürməsi onu göstərir ki, Türkiyə Azərbaycanın yanındadır və sərhəddə baş verəcək hər hansı bir insidentdə əgər üçüncü bir ölkənin müdaxiləsi baş verərsə Türkiyə Azərbaycana açıq şəkildə dəstək verəcək. Bunu Türkiyənin Müdafiə nazirliyi dəfələrlə qeyd edib. Eyni zamanda bu fikir ən yüksək səviyyədə yəni prezident səviyyəsində qeyd olunubdur. Digər tərəfdən isə bu görüşün mahiyyəti ondan ibarətdir ki, Cənubi Qafqazda baş verən proseslər Rusiya qədər Türkiyəni də maraqlandırır. Çünki burda Azərbaycan faktoru var. Azərbaycan Türkiyə qardaşlığı həmçinin strateji əməkdaşlıq onu göstərir ki, Azərbaycanı maraqlandıran istənilən bir məsələ eləcə də Türkiyəni maraqlandırır. Rusiya prezidenti Putinin “Cənubi Qafqazda xüsusi ilə Qarabağda baş verən proseslər onu göstərir ki, burda münaqişənin sakitləşdirilməsi üçün rus qoşununun gəlməsi vacibdir” ifadəsini işlətməsindən sonra artıq Türkiyənin Rusiyanın hansı niyyətdə olduğunu bilməsi heç kəs tərəfindən sirr deyil. Mən hesab edirəm ki, Rusiyanın Azərbaycan-Ermənistan sərhəddinə gələcəyi təqdirdə Türkiyənin də məhz Azərbaycan tərəfdən sərhəddə gəlməsi ehtimalını müzakirə oluna bilər. Yəni bu konteksdə məsələlər müzakirə oluna bilər. Eyni zamanda 15 iyun “Şuşa bəyannaməsi”ndə hər hansı bir fövqəladə vəziyyət yaranarsa Azərbaycana hərbi yardımın edilməsi də açıq şəkildə qeyd olunub. Bunların hamısını nəzərə alaraq onu demək olar ki, Türkiyənin Azərbaycan-Ermənistan sərhəddində baş verən məsələni müzakirə etməsi Azərbaycan dövləti baxımından həm müsbət, həm də olduqca vacib bir əhəmiyyətə malikdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə