“ABŞ ayrı-seçkiliyə yol verir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“ABŞ ayrı-seçkiliyə yol verir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Demokratiya sammiti”ndə yer alan dövlətlərin siyahısına baxanda görürük ki, onlar birbaşa olaraq ABŞ-ın maraqlarına uyğun siyasət yürüdən dövlətlərdir. Onların liderləri birbaşa olaraq ABŞ-a xoş gəlmək üçün regional və beynəlxalq müstəvidə siyasət həyata keçirirlər. Buna görə də, bu cür bir sammitə dəvət alıblar”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Diqqətçəkən maraqlı məqamı qeyd edən İ.Hüseynov bildirdi ki, Azərbaycan, Türkiyə, Macarıstan kimi dövlətlər bu sammitdə iştirak etməsələr də Konqo, İraq, Ermənistan, Vyetnam kimi dövlətlər sammitdə yer alıblar: “Bütün bunlar hamısı göstərir ki, bu cür yanaşma selektiv icra olunur, eyni zamanda, ikili standartlar və qərəz açıq aydın şəkildə özünü göstərir. Çünki hər hansısa bir dövlətə qarşı bu cür siyasətin həyata keçirilməsi ilə ayrı-seçkiliyin nümayiş olunması birbaşa olaraq ABŞ-ın özünün milli strateji maraqlarına uyğun olaraq atılan addımlardır. Eyni zamanda, qeyd olunmalıdır ki, müstəqil xarici siyasət yürüdən dövlətlər görünür ki, ABŞ-ın maraqlarına uyğun addımlar atmırlar və regional müstəvidə iqtisadi, siyasi, hərbi və digər sahələrdə böyük sıçrayış əldə etmiş Azərbaycan və Türkiyə dövlətlərinin ABŞ-ın “demokratiya sammiti”ndə yer almaması birbaşa olaraq, ABŞ-ın bu dövlətlərə olan qərəzli münasibətidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Türkiyə NATO kontekstində çox böyük regional müstəvidə fəaliyyət həyata keçirir, regional sülhü və təhlükəsizliyi qorumaq istiqamətində addımlar atır. Lakin bu tipli “sammit”lərə dəvət olunmamaqla bir növ ABŞ həm də Türkiyəyə olan münasibətini göstərir, burada ikili standartlar nəzərə çarpır. Düşünürəm ki, Azərbaycanın da bu “sammit”də yer almaması Qərb üçün, xüsusilə də ABŞ üçün bir dezavantajdır və eyni zamanda, bu “sammit”də Ermənistanın iştirak etməsi də təəccüb doğurur. Çünki Ermənistanda bütün insan və vətəndaş hüquq azadlıqları pozulur, hüquq müdafiəçiləri, jurnalistlər ictimai fikrə təsir edə bilən şəxslər təqib olunur və onlara qarşı cinayət işləri açılır. Belə bir halda Ermənistanın da ABŞ-ın “demokratiya sammiti”ndə iştirak etməsi müəyyən suallar doğurur. BMT-nin hesabatlarında da göstərilir ki, Ermənistanda insan və vətəndaş hüquq azadlıqları pozulması ilə bağlı çoxsaylı faktlar qeydə alınıb. Lakin buna rəğmən ABŞ Ermənistana bu cür dəstək göstərməklə regiona təsir imkanlarını da araşdırır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə