“Amnistiya cəmiyyətdə sosial harmoniyanın möhkəmlənməsinə səbəb olacaqdır" - KOMİTƏ SƏDRİ

"Qəbul ediləcək Amnistya aktını miqyasına və əhatə dairəsinə görə humanizmin təntənəsi hesab etmək olar". SİA-nın məlumatına görə, bu fikirlər hazırda Milli Məclisin müzakirəsində olan Amnistiya aktının qəbul edilməsinə münasibət bildirərkən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov tərəfindən səsləndirilib.

S.Qurbanov bildirib ki, Azərbaycan müstəqillik əldə etdiyindən bugünədək 12 Amnistiya aktı həyata keçirilib: ”Bu möhtəşəm tarixi qələbədən sonra cənab Prezident tərəfindən 18 mart 2021-ci il tarixdə əfv sərəncamı imzalandı. Bu əfv fərmanı nəticəsində beş yüzdən çox şəxs cəzadan azad edildi və ya cəzaları azaldıldı. Eyni ildə həm əfv sərəncamı və Amnistiya fərmanının imzalanması da mütərəqqi hadisədir. Hazırda həyata keçirilən Amnistya aktı isə əvvəlkilərlə müqayisədə miqyasına və əhatə dairəsinə görə daha iri həcmlidir. Amnistiya aktının şamil edildiyi şəxslərin əhatə dairəsinə diqqət etsək bu aktın nə qədər böyük məhkum kütləsinə tətbiq ediləcəyini təsəvvür edə bilərik. Akta əsasən Vətən müharibəsi iştirakçıları, şəhid və qazi ailələri onların yaxın qohumları, qaçqın və məcburi köçkünlər, əlillər SSRİ Silahlı Qüvvələri tərkibində Əfqanıstanda xidmət etmiş şəxslər, sülhməramlı taborlarda xidmət etmiş şəxslər, Çernobol qəzasının aradan qaldırlmasında iştirak etmiş şəxslər, 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları, qadın məhkumlar, Xocalı soyqırımından zərəçəkmiş şəxslər, öhdəsində azyaşlı uşaqları olan şəxslər və s. hətta keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları da Amnistiya aktının tətbiq ediləcək şəxslərin əhatə dairəsinə salnmışdır.

Şübhəsiz ki, bu humanist addımı təkcə fərdi deyil, həmçinin ictimai konteksdə də dəyərləndirmək yerinə düşərdi. Qəsddən yaxud ehtiyatsızlıqdan cinayət törədərək cəzaya məhkum edilmiş şəxslər cəmiyyətimizin bir parçasıdır. Onların Aministiya aktı ilə cəzadan tam yaxud qismən azad olunması onların sosial inteqrasiyası üçün vacib amildir. Bu akt cəmiyyətdə sosial harmoniyanın möhkəmlənməsinə səbəb olacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə