"Azərbaycan və Türkiyə bir-birilərinin milli maraqlarını müdafiə edəcəklər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan və Türkiyə bir-birilərinin milli maraqlarını müdafiə edəcəklər" - MÜNASİBƏT BİLDİRİLDİ

“Bildiyimiz kimi G-20 sammiti özündə ən güclü 20 ölkəni birləşdirən, şübhəsiz ki, siyasi, iqtisadi cəhətdən böyük və geniş imkanlara sahib olan dövlətləri bir araya gətirən önəmli platformadır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ramil Həsən deyib.

Onun sözlərinə görə, G-20-nin bir sammiti də Antalyada keçirilmişdir: “Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Prezident cənab İlham Əliyev də bu sammitdə iştirak etmişdir. Romada keçirilən G-20 sammiti heç şübhəsiz ki, pandemiyadan sonrakı dövr ərzində post-pandemiya dövrünə getdiyimiz zamanda qlobal böhran, dünyada baş verən və cərəyan edən hadisələr, konfliktlər, eyni zamanda bir çox ölkələr arasında mövcud olan münasibətlərdəki bəzi mübahisəli predmetlərin ortadan qaldırılması üçün bir imkandır. Bu imkan hal-hazırda iqtisadi, siyasi və hərbi cəhətdən müzakirə etmək üçün dövlət liderlərinə böyük bir şərait və şans tanıyıb”.

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, bu sammitdə biz eyni zamanda Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Amerika prezidenti Co Bayden ilə görüşü, Türkiyə-Amerika münasibətləri və bu münasibətlərin gələcəkdə hansı addımlar atacağı barəsində müzakirələr və bunun kimi digər müzakirələrin şahidi oluruq: “Bu da gələcəkdə G-20-yə üzv olan dövlətlərin öz aralarında və gələcək digər ölkələrarası münasibətlərə də müəyyən təsirlərin göstərəcəyini sübut edir. Şübhəsiz ki, buradakı müzakirələrin hər birində Türkiyə prezidentinin Qarabağ və Qafqazla bağlı məsələləri həmkarı Fransa və Amerika prezidentləri ilə müzakirə etməsinin bizim üçün çox böyük əhəmiyyəti var. Əminik ki, həm Azərbaycan, həm də Türkiyə iştirak etdikləri irimiqyaslı, böyük layihələrdə və qlobal platformalarda bir-birilərinin milli maraqlarını müdafiə edən kontekstdən addımlar ataraq ölkələrimizin müttəfiqlik ruhuna uyğun olan daha güclü, daha da sıxlaşdırılan nəticələr əldə edəcəklər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə