"İran Azərbaycanın tələb etdiyi qaydalara əməl edəcək" - ŞƏRH EDİLDİ

“Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında saxlanılan əraziləri rəşadətli ordusunun gücü və qəhrəmanlığı hesabına azad etdi. Ali Baş Komandan cənab Prezident İlham Əliyev BMT-nin 4 qətnaməsinin faktiki olaraq Azərbaycan tərəfindən reallaşdırdı və beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara protokol və qanunlara əsaslanaraq ədalətli və ləyaqətli müharibə apardı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, müharibəyə qədər olan müddət ərzində cənab Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşıldığını və işğal altında saxlanılan torpaqlarımızın qeyd-şərtsiz azad olunmasının vacibliyini vurğulayırdı və ermənilərin əsl simasının nədən ibarət olduğunu dəfələrlə qeyd edirdi: “Ancaq bütün bunlara baxmayaraq dünya ictimaiyyəti, beynəlxalq birlik Ermənistana qarşı ciddi təzyiq göstərmirdi. Bu səbəbdən də bu münaqişə sülh yolu ilə həll olunmadı. Azərbaycan həmişə öz qonşuları ilə Ermənistan xaric xoş münasibətlər saxlayıb. Bununla bərabər ikitərəfli əlaqələrin inkişaf etdirilməsində üstünlük verib və regionda daima xoş münasibətlərin və iqtisadi əməkdaşlığın inkişaf etməsini üstün tutaraq bu prosesə də öz töhfəsini verib”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan yalnız neft ölkəsi deyil, həmçinin tranzit ölkəsi olaraq da qəbul edilməkdədir: “Həm şərq və qərb, həmçinin şimal və cənub dəhlizləri məhz Azərbaycan ərazisindən keçir. Azərbaycan bu əlaqələrin güclənməsi və bu xətlərin işlək vəziyyətə düşməsi üçün faktiki olaraq əsas işləri özü həyata keçirib və qonşu dövlətləri də bu prosesə cəlb edib. Azərbaycan ilə İran həmişə qonşuluq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olub. Azərbaycan həmişə İrana həm müsəlman ölkəsi olaraq, həm qonşu ölkə olaraq, həm də İranda 40 milyon Azərbaycan türkünün yaşamasını nəzərə alaraq ona qarşı xoş və səmimi münasibətlər bəsləyib. Hətta Qərbin İrana qarşı sanksiyalar tətbiq etdiyi ən çətin dövrlərdə belə öz ərazilərindən İrana qarşı istifadə edilməsi üçün icazə verməmiş, hətta İranın bu çətin vəziyyətində yanında olmuşdur. Ancaq təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsində yaranmış yeni reallıqların fonunda İrandan bəzi şirkətlərin yük avtomobillərinin Azərbaycan ərazisinə qanunsuz şəkildə yükdaşımalarını həyata keçirmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bu prosesin qarşısı alınmamış, nəticə etibari ilə Azərbaycan özü bu yük maşınlarının yoxlanılmasını həyata keçirmişdir. Bu hadisə fonunda münasibətlərdə müəyyən soyuqluq müşahidə edilsə də, nəticə etibarilə Azərbaycan öz suveren hüquqlarını və haqlarını müdafiə etdiyi üçün heç kim bu məsələdə Azərbaycana irad tuta bilmədi.

Proseslərin cərəyan etdiyi dövrə nəzər alsaq, görərik ki, Azərbaycan həmişə İran tərəfinin bu prosesdə səmimi və müsəlman qardaşlarına qarşı haqlı mövqe sərgiləmələrini istəyib ki, bu da nəticə etibarilə çox düzgün mövqedir. Bu gün İran tərəfinin Azərbaycanla münasibətlərinin inkişaf etdirilməsində maraqlı olmalarını göstərmələri, həmçinin İran avtomobillərinin Azərbaycan ərazilərinə xüsusilə də Qarabağ və Şərqi Zəngəzur ərazilərinə qanunsuz səfərlərinin dayandırılmasını bəyan etməsi onu göstərir ki, Azərbaycan düzgün mövqedədir və Azərbaycanın tələbi yerinə yetirildi. Hazırda İran Azərbaycanın səsləndirdiyi və tələb etdiyi qaydalara əməl edəcək. Faktiki olaraq İran tərəfindən irəli sürülən alternativ yol məsələsi və yaxud Ermənistana sərgilənən dəstək nəticə etibarilə regionda yarana biləcək uzun müddətli sülhə kölgə sala bilərdi. İran faktiki olaraq bu cür mövqeyini davam etdirəcəyi təqdirdə Azərbaycan, Türkiyə və Ermənistan münasibətlərinin yaxşılaşmasında uzanmalara gətirib çıxarda bilərdi. Ancaq İran tərəfinin prosesləri düzgün dəyərləndirərək Azərbaycanın mövqeyinə hörmətlə yanaşması və Azərbaycanın mövqeyini dəstəklənməsi alqışlanmalıdır. Ümid edirik ki, yaxın gələcəkdə də baş verəcək hansısa narazılıqlar bu cür dialoq masasında və yaxud da diplomatik yollarla öz həllini tapacaq. Azərbaycan-İran münasibətləri artan xətt üzrə inkişaf edəcək”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə