"Genişmiqyaslı bərpa Azərbaycan dövlətinin gücünün göstəricisidir" - POLİTOLOQ ŞƏRH ETDİ

“Erməni vəhşiliyini, onların Azərbaycanın şəhər və rayonlarını yer üzündən sildiyini görən, lakin susmağa davam edən beynəlxalq ictimaiyyətin səssizliyi fonunda rəsmi Bakı bütün dünyanı regiondakı reallıqlarla bağlı düzgün məlumatlandırmaqla yanaşı, bölgənin yenidən qurulması işlərini intensiv şəkildə həyata keçirir. Füzuli rayonunda bu proseslər xüsusi mürəkkəbliyi ilə seçilir. Şəhər tamamilə dağıdılıb, rayon ən çox minalanmış ərazi sayılır. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidentinin prinsipiallığı və diqqəti nəticəsində tez bir zamanda rayonda çox vacib işlər görüldü. Ötən qısa dövr ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verilib, rayon enerji ilə təmin edilib. Bu kontekstdə oktyabrın 17-də “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməli qoyuldu”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, torpaqlar işğaldan azad edildikdən sonra qarşıya qoyulan əsas məqsədlərdən biri elektrik enerjisi ilə təminat idi: “Füzuli və qonşu rayonların da tez bir zamanda elektrikləşməsi nəzərdə tutulurdu. Füzulidən qısa müddət ərzində Şuşaya elektrik xəttinin çəkilməsi Azərbaycan dövlət başçısının postmüharibə dövründə apardığı strateji siyasətlə bağlı idi. Burada bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, bütün bölgə üçün çox vacib olan elektrik enerjisi ilə təchizat məsələsi ilin sonuna qədər azad olunmuş ərazilərdə tam həllini tapacaq. Bundan başqa, qısa zaman kəsiyində yollarla bağlı da olduqca böyük işlər görüldü. Füzulidən Şuşaya çəkilən “Zəfər yolu”nun inşası artıq yekunlaşıb, Füzuli-Əhmədbəyli-Şuşa magistral yolu, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yollarının çəkilişi davam edir. 17 oktyabr tarixində isə daha bir şəhərlərarası yolun, Füzuli-Ağdam avtomagistralının tikintisinin təməli qoyulub”.

Z.Məmmədov vurğulayıb ki, eyni zamanda səfər çərçivəsində “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində yaradılacaq 5 kəndi birləşdirəcək böyük yaşayış məntəqəsinin təməlqoyma mərasimi keçirilib: “İşğaldan sonra Füzuli rayonunda istifadəyə veriləcək ilk yaşayış məntəqəsində ümumilikdə 750 evin tikintisi nəzərdə tutulur. Əlbəttə ki, ən müasir texnologiyalar əsasında olduqca qısa zamanda genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinin həyata keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində baş tutmaqdadır. Baxmayaraq ki, bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi pandemiya dövrünün yaratdığı iqtisadi çətinliklər fonunda baş verir, Azərbaycan dövləti heç bir ölkədən, beynəlxalq institutlardan yardım almayaraq məqsədinə doğru surətlə irəliləməyə davam edir. Ən müasir texnologiyaların əsasında olduqca qısa zamanda genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinin həyata keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin, Azərbaycan dövlətinin gücünün göstəricisidir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...