Bu dəfə İranı pəjmürdə edən nədir?

Bu gün İran-Azərbaycan böhranının regional nəşrlərin əsas mövzusuna çevrildiyi barədə deyilir. Belə görünür ki, Cənubi Qafqaz hələ də uzunmüddətli sabitlik mərhələsinə qədəm qoymayıb. Doğrudur, Rusiyanın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında hərtərəfli sülh müqaviləsi bağlamaq üçün perspektivlər yaransa da, amma yenə də deyildiyi kimi, yəqin burada bəzi xarici faktorlar nəzərə alınmayıb.

Məsələ bundadır ki, hazırda Tehran bu ərazilərdə yaşananlar fonunda özünü “oyundankənar” kimi görür və təbii ki, bu da onu qane etmir. Belə olan halda isə bəhanə tapmaq İran elə də bir çətilik törətmir, məsələn, Azərbaycan-İsrail münasibətlərinin inkişafı… daha nə bilim, “sionistlərin Azərbaycan ərazisinə yığılıb İran üçün təhlükə törətmələri”…və s.

Əslində, İranın bütün bu oyunlarının məğzində dayanan başqa məqamlardır. Deməli, müharibə nəticəsində Azərbaycan 1990 -cı illərdə Ermənistan tərəfindən işğal edilmiş İranla 130 km sərhədini geri qaytarıb. Azad edilmiş ərazilər Qara dəniz və Rusiyaya gedən mühüm ticarət yolunun Azərbaycan üzərindən İranı Ermənistanla birləşdirən əsas magistral yolun bir hissəsini ehtiva edir. Bundan başqa, bu gün Ermənistana yük daşıyan İran maşınlarından Azərbaycanın rüsum almaq qərarı Tehranı qəzəbləndirib deyə, o da buna cavab olaraq Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyə başladı. Amma deyim ki, İranın Azərbaycana qarşı “xox” gəlmək niyyəti cavabsız da qalmadı və Türkiyə müttəfiqi Azərbaycanla Naxçıvanda birgə hərbi təlim keçirməyə başladı.

Etiraf edilməlidir ki, Cənubi Qafqazda yeni güc balansının formalaşması, yəni Tükiyənin Orta Asiyanın türkdilli ölkələri ilə ünsiyyəti üçün dəhliz əldə etmək istəyi İranı yaman qorxudur. İranlılar bu dəhlizin onların Ermənistanla ticarətinə əngəl törətməklə yanaşı, eyni zamanda Tehranın Orta Asiyadakı "nüfuz və təsirinin” narahatlığını da yaxşı anlayırlar.

Qeyd edək ki, İranın narahatlıqları tək təcrid olunmaq qorxusu ilə məhdudlaşmır. Məsələ bundadır ki, həm də Qərbə neft və təbii qaz daşıyan boru kəmərlərinin kəsişdiyi bölgədə enerji təchizatı marşrutları üçün rəqabət faktoru mövcuddur.

Xatırladaq ki, 1994 -cü ildən bəri BP, Xəzər dənizindən Türkiyənin Ceyhan limanına neft nəql edən boru kəməri də daxil olmaqla, Azərbaycanın enerji layihələrinə 70 milyard dollardan çox sərmayə yatırıblar. Təbii ki, Türkiyə ilə türkdilli ölkələr arasında siyasi və iqtisadi əlaqələrin güclənməsi gələcəkdə Türkmənistan neft və neft məhsullarının keçəcəyi Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inkişafına da kömək edəcək. Belə olan halda, bu marşrutun İran Cənubi Pars yatağından İran, İraq, Suriya və Livan üzərindən Avropaya uzanan İran boru kəməri layihəsi ilə rəqabət aparacağı da “şübhə yeri qoymur”.

Bax, İranı ən şox pəjmürdə edən də budur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə