Andrey Savinıx: "Rusiya ilə ittifaq Belarusun Azərbaycanla əlaqələrini artıracaq - ŞƏRH

Andrey Savinıx: "Rusiya ilə ittifaq Belarusun Azərbaycanla əlaqələrini artıracaq - ŞƏRH

Xəbər verdiyimiz kimi, sentyabrın 10 -da Belarus və Rusiya prezidentlərinin- Aleksandr Lukaşenko və Vladimir Putinin Kremldə keçirdikləri görüşün ertəsi günü Moskva və Minsk razılaşaraq 28 birlik inteqrasiya proqramını nəşr etdilər. Proqrama görə, önümüzdəki illərdə Rusiya və Belarus vahid maliyyə və neft bazarları, vahid vergi qanunvericiliyi və hətta bəlkə də ortaq bir parlamentlə qarşılaşacaq.

Belarus Milli Məclisin Nümayəndələr Palatasının beynəlxalq məsələlər daimi komissiyasının sədri Andrey Savinıx “ Caliber” analitik mərkəzinə şərhində bu ittifaqın perspektivlərindən, Belarus və Rusiya ittifaqının Minsk və Bakı arasındakı ikitərəfli əlaqələrə necə təsir edə biləcəyindən danışıb.

Onun sözlərinə görə, İttifaq Dövləti təkcə iki ölkə arasında iqtisadi bir birlik deyil. “İqtisadi ittifaqın funksiyalarını əsasən Avrasiya İqtisadi İttifaqı (Aİİ) yerinə yetirir: “İttifaq Dövlətinin və ya Belarus və Rusiyanın birliyinin müdafiə komponenti var, yəni ikitərəfli hərbi əməkdaşlığı fəal şəkildə inkişaf etdiririk. Daha da əhəmiyyətlisi, çox güclü bir sosial komponentə malikdir. Əslində, Belarus vətəndaşlarına Rusiya vətəndaşları üçün olduğu kimi eyni şərtlər də verilir və əksinə. Bu, hələ yalnız ilkin dövrdür, gələcəkdə siyasi birliyə çevriləcəkdir.

Qeyd etmək istərdim ki, indiki mərhələdə çox diqqətlə araşdırılan və təhlil edilən siyasi istiqamətdir. İndiyə qədər bu, müzakirə mövzusudur, amma prinsipcə belə bir fikir ifadə olunur ki, Belarus və Rusiya ittifaqının bir növ ali sənədinə çevriləcək Konstitusiya Aktı qəbul edildikdən sonra bu birlik siyasi müstəviyə çevrilə bilər. İttifaq könüllülük əsasında digər dövlətlərə açıqdır. Bəlkə də bir az irəli gedirəm, çünki bu müzakirənin nəticəsi hələ aydın deyil. Buna baxmayaraq, Belarus və Rusiyanın ittifaq dövləti çərçivəsində inteqrasiya səviyyəsi bu gün Aİİ daxilində qarşılıqlı fəaliyyət səviyyəsindən yüksəkdir. Ümumiyyətlə, biz artıq sosial sistemdə olduğu kimi vahid bir bazar və vahid iqtisadi məkan yaratmaqla Belarus və Rusiya bazarlarını birləşdirməyə imkan verən, müəssisələr və iş adamları üçün bərabər şərtlər təmin edən daha sistemli bir qarşılıqlı əlaqə qururuq. Əlbəttə ki, bu, qarşılıqlı əlaqənin daha yüksək səviyyəsidir. Etiraf edirəm ki, müəyyən mərhələdə, hətta ortaq valyuta haqqında danışa bilərik”.

A.Savinıx bunun Belarus ilə Azərbaycan arasındakı əməkdaşlığa yalnız müsbət təsir göstərə biləcəyini vurğulayır: “İnteqrasiya prosesləri bəzi üçüncü ölkələrin ziyanına həyata keçirilmir. Əksinə, ittifaq dövləti Belarusun potensialını gücləndirəcək ki, sonradan Azərbaycanla daha güclü qarşılıqlı əlaqədə ola bilər. Düşünürəm ki, burada cəsarətlə ikitərəfli əməkdaşlıq imkanlarını genişləndirməkdən danışa bilərik, nəinki azaltmaq və əngəlləməkdən”.

Belarus cəmiyyətinin Rusiya ilə inteqrasiya prosesinə reaksiyasından danışan deputat, cəmiyyətin əksəriyyətinin inteqrasiyanı alqışladığını qeyd edir: "Belarus vətəndaşları xalqın və dövlətin maraqlarını düşünürlərsə, Rusiya ilə inteqrasiyanı alqışlayırlar, təkcə Rusiya ilə deyil, həm də həm Aİİ ilə, MDB ölkələri ilə. Qloballaşmanın çox uzun bir müddət ərzində bölgələşmə proseslərinə necə yer verdiyini açıq şəkildə görürük. Qarşıdakı 10-20 ildə ölkələrin böyük iqtisadi birliklər şəraitində yaşayacaqları və inkişaf edəcəkləri aydındır. Buna görə də, ümumiyyətlə Belarus əhalisinin böyük əksəriyyəti bu prosesləri dəstəkləyir”.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə