YAP Binəqədi rayon təşkilatında “Zəfərin başlanğıcı” adlı tədbir keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında 27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Gününə həsr olunmuş “Zəfərin başlanğıcı” adlı tədbir keçirildi. Tədbirdə öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tariximizə qızıl hərflərlə yazılmış, zəfər salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsi haqqında ətraflı çıxış etdi. V.İsmayılov bildirdi ki, Azərbaycan tarixən böyük faciələrlə üz-üzə qalıb, ermənilərin əsassız torpaq iddiaları və qonşu dövlətlərə qarşı vandalizm siyasətinin acı nəticələri ilə üzləşib: "Ancaq doğma Azərbaycanımız üzləşdiyi bütün faciələrdən alnıaçıq, üzüağ çıxaraq öz məğrurluğunu və qəhrəmanlığını bütün dünyaya nümayiş etdirib. 44 günlük Vətən müharibəsində qazandığımız parlaq və misli görünməmiş qələbəmiz də bu baxımdan tariximizin ən əhəmiyyətli və qürurlu səhifələrindən biridir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün dövlət başçımız, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli dövlətçilik ideyalarımız və azərbaycançılıq məfkurəmiz Vətənimizin qələbəsində və milli birliyimizdə çox böyük əhəmiyyət daşıdı. Məhz Ali Baş Komandan Cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və mübarizliyi, ordumuzun peşəkarlığı, Azərbaycan xalqının qorxmazlığı, igidliyi, milli birliyimiz və həmrəyliyimiz sayəsində Vətən müharibəsində işğalçı Ermənistan üzərində inamlı qələbə qazandıq. Tarixi qələbəmizin əldə olunmasında misilsiz şücaət göstərmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Biz onların xatirəsini daim uca tutmalı, gələcək nəsillərə çatdırmalıyıq".

Tədbirdə çıxış edən Vətən müharibəsi şəhidi Manaf Bəhmənlinin anası Suray Bəhmənli oğlu ilə bağlı xatirələrini bölüşdü. Manafın simasında bütün şəhidlərimizlə qürur duyduğunu bildirdi. Təəssüflə və kədər hissi ilə qeyd etdi ki, Vətən müharibəsi, torpaqlarımızın azadlığı itkisiz ötüşmədi. Vətənimizin azadlığı uğrunda ən uca zirvə olan şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı hər zaman dərin ehtiramla və sevgi ilə yad edəcəyimizi vurğuladı. Dövlət başçısı, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq, bunun üçün dövlətimizin başçısına təşəkkürünü bildirdi.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının gənc fəalı Zəhra Əliyeva da şəhidlərimizə həsr etdiyi yazını tədbir iştirakçılarının diqqətinə çatdırdı. 44 günlük Vətən müharibəsi və qəhrəman şəhidlərimizlə bağlı təəssüratlarını qələmə alan gənc fəal vurğuladı ki, onlar bizim sevgi, qürur və iftixar mənbəyimizdir.

Tədbir daha sonra bədii hissə ilə davam etdirildi. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları - Prezident mükafatçısı Natiq Həziyev “Zəfər cəngisi”, Pərvin Dadaşova “Qarabağ bizim üçün doğma Azərbaycandır”, Binəqədi rayonu 179 nömrəli tam orta məktəbin şagirdləri Aysu Əsgərova “Şəhidim” və Nuray Nağıyeva “Şəhid anası” adlı şeirlər səsləndirdilər.

Tədbirin sonunda doğma Qarabağımıza, Ulu Öndər Heydər Əliyevin Qarabağla bağlı fikirlərinə həsr olunmuş, dövlət başçısı Cənab İlham Əliyevin Şuşaya səfərindən fraqmentlərin yer aldığı videoçarx nümayiş etdirildi. Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...