“Hərbi təlimlər müntəzəm xarakter almalıdır” POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

"Üç ölkə arasında hərbi təlimlər Türkiyə, Pakistan və Azərbaycanın bir-birinə nə qədər hərbi istiqamətdə inteqrasiya etdiyinin bariz nümunəsidir" . Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloq vurğulayıb ki, bu gün Azərbaycanın paytaxtı Bakı şəhərinin işğaldan azad edilməsinin 103-ci ildönümü tamam olur və 103 il əvvəl olduğu kimi bu gün də Türkiyə və Azərbaycan bir yerdə ortaq düşmənlərə qarşı mübarizə aparırlar, amma 103 il əvvəlkindən fərqli, dəyişən bir hadisənin şahidiyik ki, bu dəfə, torpaqların 44 günlük müharibədə işğaldan azad edilməsindən sonra Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə bir-birinə daha da yaxınlaşdı və birinin ərazi bütövlüyünün pozulması digərinin ərazi bütövlüyünün pozulması kimi qəbul ediləcək.

“Ordular artıq bir-birinə müharibədə də komək etmək imkanı qazanmağı hüquqi cəhətdən də vurğulamış olublar. Əgər şifahi cəhətdən əvvəllər bunu edirdilərsə və şifahi sözlərdən sonra həqiqi əməllərə keçirdisə bu davranış, bu gün artıq həm hüquqi, həm də real olaraq Türkiyə və Azərbaycan arasında artıq hər kəsə məlumdur ki, belə bir hərbi müqavilə mövcuddur.

Təbii ki, Pakistanın da Türkiyə və Azərbaycan birliyinə qoşulması və bu üçlüyün demək olar ki, davam edən hər birgə hərbi təlimləri Avrasiyanın orta istiqamətində çox vacib proseslərin olduğunu göstərir. Biz bir məsələni də unutmuruq ki, bu gün də, 103 il əvvəl də eyni düşmənlərlə qarşı-qarşıyayıq və eyni düşmənlərlə əgər lazım gələrsə sabah mübarizə də, müharibə də aparılacaq. Ona görə də bu kimi hərbi təlimlər müntəzəm xarakter almalıdır. Azərbaycan Ordusu Türkiyə standartlarına keçməlidir. Azərbaycan Ordusunda həm kadr, həm də ki, hərbi təchizat baxımından bütün istiqamətlərdə Türkiyə standartları qurulmalıdır”, deyə politoloq Zaur Məmmədov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə