Böyük tarixi qələbənin növbəti təntənəsi - Füzuli Beynəlxalq Hava Limanı ŞƏRH

Böyük tarixi qələbənin növbəti təntənəsi - Füzuli Beynəlxalq Hava Limanı ŞƏRH

Prezident İlham Əliyev Füzuli aeroportunu Qarabağın hava qapısı adlandırıb

Bəli, ötən il torpaqlarımızın müharibə yolu ilə 44 gün ərzində işğaldan azad edildiyi gündən bu günə kimi Prezident İlham Əliyev cənablarının rəhbərliyi və nəzarəti ilə işğaldan azad olunmuş torpaqlarımızda böyük quruculuq, bərpa işləri aparılmaqla yanaşı, dövlət başçımız həmin bölgələrə dərhal tarixi səfərlər etməsi və Qalib Komandanın öz sevincini, görüləcək işlərlə bağlı məlumatları xalqı ilə paylaşması və görülən işlərlə bağlı ictimaiyyəti məlumatlandırması hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır. Ən əsası isə, işğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi olur ki, torpaqların əsl sahibləri qayıdıb. Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad etdi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yanvarın 14-də Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olması, səfər zamanı dövlətimizin başçısının avtomobili özünün idarə etməsi isə hər kəsə açıq şəkildə mesaj verdi ki, "Mən Şuşaya Zəfər yolu ilə gəlmişəm!". Azərbaycan xalqı və Prezidenti heç kəsdən və heç nədən qorxmur. Biz qalibik! Zəfər bizimdir! Qarabağ Azərbaycandır!Bəli, dövlət başçısı səfəri zamanı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu: "Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir".Bu gün isə Şuşaya ilk səfəri zamanı verdiyi vədlərin nəticəsini növbəti səfər zamanı görürük.

Qarabağın ilk beynəlxalq hava limanı

5 sentyabr, 2021-ci il. Böyük tarixi qələbənin növbəti təntənəsi - işğaldan azad olunmuş Füzulidə inşa edilən beynəlxalq hava limanına AZAL-a məxsus “QARABAĞ” adlı “Airbus A340-500” tipli sərnişin təyyarəsinin saat 11 radələrində ilk enişinin olmasıdır.Vüqar Bayramov: "Füzuli Beynəlxalq Hava Limanına Bakıdan ilk uçuş tarixi günlərdən biri kimi qalacaq "Millət vəkili, 84 saylı Füzuli seçki dairəsindən deputat seçilən Vüqar Bayramov Füzuli Beynəlxalq Hava Limanına Bakıdan ilk uçuşa fikir bildirib: «Azərbaycan Hava Yolları"na məxsus "Airbus A340-500" tipli sərnişin təyyarəsi ilə Bakıdan işğaldan azad olunmuş Qarabağımızın ilk hava limanına sınaq uçuşu həyata keçirildi. Bu gün ölkəmiz üçün tarixi günlərdən biridir. Tezliklə Qarabağ səmasında havaya qalxan təyyarələr beynəlxalq uçuşlar həyata keçirəcəklər. Qarabağımız və bütövlükdə ölkəmiz üçün xeyirli və düşərli olsun!»

Bəli, bu tarixi gündür. Çünki ilk dəfə Qarabağ səmasında təyyarələr havaya qalxır. Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır (AZAL-ın donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılmışdır).Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb. Sərnişin təyyarəsi ilə Bakı – Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib. Bütün bunlar Qalib liderimiz, Prezident İlham Əliyevin tikinti işlərinə birbaşa nəzarəti sayəsində mümkün olmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, bu hava limanı Qarabağa hava qapısı olacaq.

Füzuli beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə (HHİ) qülləsinin tikintisi başa çatıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.

Gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatıb.Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli beynəlxalq hava limanını "Zəfər Yolu" və Şuşa şəhərinə aparan magistral yolu ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.Qeyd edək ki, həmçinin dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.

Prezident İlham Əliyev Füzuli aeroportunu Qarabağın hava qapısı adlandırıb

Bunu Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfər zamanı Füzuli Beynəlxalq Hava Limanı barədə danışarkən bildirib.Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Füzuli Beynəlxalq Hava Limanına gedərkən çəkdiyi videogörüntüdə dövlətimizin başçısı deyib: “Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”.

Bəli, budur qətiyyətin və milli dəyanətin təntənəsi. Budur, dünyasəviyyəli, cəsarətli lider! Budur, xalqın Prezidenti olmaq! Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.Bəli, bu gün həqiqətən də tarixi gündür. Füzulinin illərlə gözlədiyinin şahidi olduq. 30 ildən sonra Qarabağ səmasında simvolik məna olaraq "Qarabağ" adını daşıyan təyyarə Qarabağın ilk hava limanında eniş etdi. Bir sözlə, Qarabağın "səma qapıları" açıldı. Gözümüz aydın olsun və bu tarixi gün də Qarabağımız və bütövlükdə ölkəmiz üçün xeyirli və düşərli olsun! Çünki Qarabağ Ahərbaycandır!!!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə