"Ermənistan hakimiyyəti dərk edir ki..." - BEYNƏLXALQ EKSPERT ŞƏRH ETDİ

"Ermənistan hakimiyyəti dərk edir ki..." - BEYNƏLXALQ EKSPERT ŞƏRH ETDİ

“Son günlər seperatçı qüvvələr tərəfindən Azərbaycanın Qarabağ bölgəsində atəşkəsin pozulması, təxribat hallarının artması bir neçə istiqamətə hədəflənmiş addımlardır”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, birincisi bununla Ermənistan hakimiyyəti erməni cəmiyyətini, daxili auditoriyanı sakitləşdirmək və müəyyən mənada Azərbaycanla növbəti güzəştlərə getməyə erməni cəmiyyətini hazırlamaq üçün əvvəlcədən atılmış addımlardır: “Çünki Ermənistan hakimiyyəti çox gözəl dərk edir ki, bu cür təxribatlar davamlı olacağı təqdirdə Azərbaycan qısamüddətli əməliyyatlarla bunun qarşısını almağa və təxribatları törədən tərəfə cavab vermək məcburiyyətində qalacaqdır. Bu cavab təbii ki, Ermənistan üçün çox ağrılı, böyük itkilərlə müşahidə olunacaqdır. İkincisi, bu daha çox Ermənistanın havadarları qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsidir. Çünki Ermənistanın arxasında dayanan qüvvələr, xüsusilə Qərbi Avropa dövlətləri və ABŞ son proseslərin nəticəsi olaraq xüsusilə də 44 günlük müharibənin yaratdığı reallıqların fonunda regiondan demək olar ki, sıxışdırılıb. Regiondakı bütün proseslər xüsusilə də sülh prosesinin təmin olunması Rusiyanın tam nəzarətinə keçmişdir. Bu təbii ki, Ermənistanın Qərb havadarlarının maraqlarına qətiyyən uyğun deyil. Bu mənada Qərbi Avropa ölkələri xüsusilə Fransa və Amerika kimi dövlətlər regionda hər hansı xırda həcmli hərbi əməliyyatlar, kiçik münaqişələr yaratmaqla yeni reallıqlar formalaşdırmaq və regiona yenidən daxilolma imkanı əldə etməyə çalışırlar. Üçüncüsü isə burada Rusiyanın da hərbi marağı var”.

Anar Əliyev fikirlərinin davamı olaraq qeyd edib ki: “Çünki Rusiya dövləti də xüsusilə də hərbi-sənaye kompleksi və bu kompleksin arxasında dayanan generalitet yeni bazarlar əldə etmək istəyir. Bildiyimiz kimi Rusiyanın Müdafiə Nazirliyi də açıq şəkildə bəyan edib ki, biz Ermənistan ordusunun yenidən silahlandırılması istiqamətində addımlar atmağa başlayırıq. Düşünürəm ki, bu həm də Rusiyanın siyasi elitasının, hərbi elitasından fərqli olaraq Qarabağda Rusiyanın qalmasının davamlılığını və ya uzunmüddətliyini təmin etmək üçün erməni provakasiyalarından, erməni təxribatlarından yararlanmaq və rus sülhməramlı qüvvələrinə daim bölgədə ehtiyac duyulduğunu nümayiş etdirməyə çalışırlar. Düşünürəm ki, Ermənistan hakimiyyəti, cəmiyyəti hadisələrə real yanaşmağı bacarmalıdır. Xəyallar röyalardan uzaq durmalıdır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə