Dövlət başçısının sərəncamları ilə XXXII Yay Olimpiya Oyunlarında uğurlara imza atan idmançılar və onların məşqçiləri fəxri adlara və mükafatlara layiq görülüblər
Azərbaycanda bütün sahələrə olduğu kimi, idmanın inkişafına da ayrılan diqqətin nəticəsidir ki, ölkəmizin idmançıları beynəlxalq idman yarışlarında, olimpiyadalarda dövlət bayrağını yüksəkliklərdə dalğalandırırlar. Belə ki, son illərdə idmançılarımız bir çox olimpiya oyunlarında yüksək nəticələr əldə etmişdilər. Olimpiya oyunlarına nəzər salsaq görərik ki, Azərbaycan bu yarışlarda böyük uğurlar qazanıb. Xatırlatmaq yerinə düşər ki, 1996-cı ildə Atlanta Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutub. Sidneydə XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak edərək iki qızıl və bir bürünc medalla iştirakçı ölkələr arasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri qazanıb. Afinada XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtıb. Bu siyahını artırmaq mümkündür. XXIX Yay Olimpiya Oyunları, XXX Yay Olimpiya Oyunları və s. Hər birində Azərbaycan idmançılarının böyük qələbəsi, tarixi nailiyyəti var.
Bu günlərdə Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında idmançılarımız növbəti uğurlara imza atıblar. Azərbaycan milli komandası "Tokio-2020"də 44 idmançı ilə təmsil olunub. Onu da bildirək ki, Azərbaycan yeddinci dəfədir ki, Yay Olimpiya Oyunlarında iştirak edir. Uğurlar qazanan idmançılarımızın mükafatlandırılması məqsədi ilə dövlət başçısı bir neçə sərəncam imzalayıb. Azərbaycan Prezidentinin Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncamına əsasən, idmançıları və onların məşqçilərini həvəsləndirmək məqsədilə ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat ayrılıb.
Azərbaycan Milli Olimpiya komandası üzvlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının məşqçiləri "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər. Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında dövlət başçısının digər Sərəncamı ilə XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçilərini 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 3-cü dərəcəli "Əmək" ordeni və "Tərəqqi" medalı ilə təltif ediliblər.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin "Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında" Sərəncamına əsasən isə ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat, üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat pul ayrılıb. Bütün bunlar hər bir idmançını, məşqçini daha səylə, məsuliyyətlə çalışmağa həvəsləndirir.
Azərbaycan idmançıları hər bir yarışdan qələbə sorağı ilə vətənə dönürlər. Eləcə də, ölkəmizdə keçirilən yarışlarda Azərbaycan bayrağını yüksəkliklərə qaldırırlar, dövlət himni səsləndirilir. Azərbaycanda çoxsaylı idman yarışları, o cümlədən, Avropa və dünya çempionatları, Olimpiya və qeyri-olimpiya idman növləri üzrə çempionatlar keçirilir. Paytaxtımızda təşkil edilən "Bakı-2015" ilk Avropa Oyunlarında da Azərbaycan bu oyunların standartlarını müəyyənləşdirməklə yanaşı, atletlərimiz 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 2-ci yeri tutdular. IV İslam Həmrəyliyi Oyunlarında isə idmançılarımız elə bir möhtəşəm uğura imza atdılar ki, "Bakı-2017"nin ən güclüləri oldular. Bütün bunlar, ölkəmizdə idmana ayrılan diqqət və yaradılan şəraitdir. Respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması əlbəttə ki, Cənab İlham Əliyevin həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi bu sahəyə göstərdiyi diqqətin təzahürüdür.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB