QHT sədri satqın və xainlərdən danışdı ANALİTİKA+ŞƏRH

QHT sədri satqın və xainlərdən danışdı ANALİTİKA+ŞƏRH

Novella Cəfəroğlu: “Leyla Yunusu insan hesab etmirəm”

Təəssüf ki, 44 günlük müharibə vaxtı, eləcə də ondan əvvəlki zamanlarda Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxış edən onlarla siyasətçi və hüquq müdafiəçiləri də mövcud olublar. Onların fəaliyyət istiqamətləri bütövlükdə düşmən maraqlarına xidmət edib və bu gün də etməkdədir. İstər adını siyasi partiya lideri qoysun, istərsə də QHT sədri – belələrinin bu gün də sağlam düşüncəli insanlar tərəfindən haqlı olaraq sərt tənqidlərə, ağır tənbehlərə məruz qalmaları təbii prosesdir. Məsələn, istər ötən ilin iyulunda baş vermiş Tovuz hadisələri, istərsə də Vətən müharibəsi başlayarkən ölkəmizdə fəaliyyət göstərən 46 siyasi partiyanın dövlətə, Ali Baş Komandana dəstək bəyanatlarına imza atmalarına baxmayaraq, iki siyasi təşkilatın – Əli Kərimlinin sədri olduğu AXCP-nin, Müsavata başqanlıq edən Arif Hacılının yaxalarını kənara çəkmələri birbaşa xəyanətkarlıq addımları hesab edilə bilər. Əbəs deyil ki, bu olay dərhal düşmən erməni təbliğat maşınının əlində “kozıra” çevrildi və onlar sözügedən məsələni Azərbaycan dövlətinin başlatdığı haqq işinə qarşı yönəltməyə başladılar. Belə olan halda “bizə başqa düşmən lazım deyil, düşmənlər öz içimizdəymiş” fikri daha çox yayılmağa başladı.

Niderlandda erməni lobbisinin tapşırıqları əsasında fəaliyyət göstərən Leyla Yunusu göstərə bilərik

Yaxşı, əgər sizlər özünüzü müxalifət partiyalarının liderləri hesab edirsinizsə, partiyalarınız Azərbaycanda fəaliyyət göstərirsə, onda nəyə görə ümummilli hadisənin yaşandığı Vətən müharibəsində yaxanızı kənara çəkdiniz? Sualın cavabı bəsitdir - düşmənlərimiz onlara ayırdığı pullarını kəsə bilər! Bəli, ən yumşaq halda biz belələrinə xain, satqın deyə müraciət edə bilərik. Ən pis halda isə dəyərli oxucularımız müəyyənləşdirmə aparsınlar. Yəqin ki, həmin müəyyənləşdirməni etmək heç bir çətinlik yaratmaz.

Yuxarıda da qeyd etdiyimiz kimi, özlərini müxalifətin lideri hesab edən xainlər zümrəsi ilə yanaşı, QHT təmsilçiləri də tapıldılar ki, onlar da düşmən dəyirmanına su tökməklə məşğul idilər. İstər ölkəmizdə, istərsə də xaricdə lövbər salıb, sözün əsl mənasında özlərini pula-paraya, qranta satan satqınlar toplumu vaxtilə onlarla bir yerdə fəaliyyət göstərmiş digər QHT rəhbərləri tərəfindən sərt şəkildə hədəfə alınıblar. Misal üçün, özünü Sülh və Demokratiya İnstitunun rəhbəri olaraq təqdim edən, dəfələrlə erməni lobbisinin əlindən çörək yeyən, su içən, bu günün özündə də Niderlandda erməni lobbisinin tapşırıqları əsasında fəaliyyət göstərən Leyla Yunusu göstərə bilərik. Daha dəqiq desək, onun haqqında ictimailəşən bir fikri diqqətə çatdırmaq yerinə düşərdi.

“O, Azərbaycanı heç vaxt sevməyib, Azərbaycan millətini heç vaxt sevməyib, hər zaman millətin içində nifaq salmaq istəyib”

SİA xəbər verir ki, hüquq müdafiəçisi Novella Cəfəroğlunun bildirdiyinə görə, belə hüquq müdafiəçiləri yalnız və yalnız düşmən dəyirmanına su tökməklə məşğuldurlar: “Hökuməti sevməyə də bilərlər. Hökuməti tənqid edə bilərlər. Təhqir yox, tənqid eləmək olar. Amma bu insanlar müharibə vaxtı istəyirdilər ki, biz müharibəni uduzaq. Onun üçün də mən belə hüquq müdafiəçilərini insan saymıram. O insanlar ki, yalan-yalan danışırdılar ki, bizim onminlərlə əsgərlərimiz ölüb və s. Yalan danışanları, milləti aldadanları mən insan saymıram. Leyla Yunus mənim üçün ölü insandır”.

Novella Cəfəroğlu zamanında onunla bir cinahda yer aldığı üçün indinin özündə də bəyan edir ki, Leyla Yunus heç vaxt ölkəsini, dövlətini sevməyib, ona qənim kəsilib, hətta xalq, millət arasında nifaqlar salmağa çalışıb. “O, Azərbaycanı heç vaxt sevməyib, Azərbaycan millətini heç vaxt sevməyib, hər zaman millətin içində nifaq salmaq istəyib. Bax, o nifaqı həmişə Leyla Yunus salmağa çalışıb. Buna görə də, o mənim üçün heç vaxt hüquq müdafiəçisi ola bilməz”, hüquq müdafiəçisi bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə