Sosial şəbəkələr istifadəçilərin tribunasıdır - TƏHLİL

Müasir dünya, müasir çağırışlar. Zaman və cəmiyyət bir-birinin tələblərini qloballaşan dünyada tarazlaya bilirmi? Hər iki məfhumun ahənginin tələbinə uyğunlaşmaq əlbəttə ki, müasir dünyamızın nizamını düzənləməkdə vacibdir. Belə bir zamanda hər bir şəxs tutdutu vəzifədən asılı olmayaraq, özünə qarşı diqqətli və tələbkar, eləcə də məsuliyyətli olmalıdır. Yad, kənar qüvvələrin xoşagəlməz təsirindən uzaqda, milli dəyərlər konteksində sağlam baxış, sağlam düşüncə mühüm əhəmiyyət kəsb edir. Zamanın diqtəsi hər bir məqamı saf-çürük edərək, nəticə çıxarmağı tələb edir. İyirmi birinci yüzillik ziddiyyətlərlə dolu olan bir dünyada, yaşadığımız dövrdə təbii ki, xalqımızın tarixi, milli-mənəvi dəyərləri, adət-ənənələri qorunub saxlanılmalıdır və onlara hörmətlə yanaşmaq vacib və mütləqdir. Nə qədər müasirliyi qəbul etmiş olsaq da, unutmamalıyıq ki, tarixi köklərimizə hörmət bizə ucalıq, mənəvi yüksəklik gətirir.

Yeni dövrün çağırışları cəmiyyətimizin yenilənməsinə, təkmilləşməsinə zərurət yaradıb. İnformasiya texnologiyalarının inkişafı müasir dünyaya, eləcə də Azərbaycan cəmiyyətinə kifayət qədər yeniliklər gətirib. Sosial şəbəkələr bu gün aktuallıq kəsb edir. Onlardan "Facebook", "Twitter", "İnstagram" kimi sosial şəbəkələrin istifadəçiləri dünyanın ən ucqar nöqtəsində olan insanlarla ünsiyyət yaratmaq, fikir bildirmək və bölüşmək, aktual məsələlər ətrafında müxtəlif sorğular təşkil etmək, müzakirələr aparmaq və s. iqtidarındadırlar. Əlbəttə ki, burada istifadəçinin məqsədi isə önəmli faktordur.Bəzi hallarda ölkəmizdə hökm sürən azadlıqdan, sərbəstlikdən sui-istifadə edən bəzi insanlar sosial şəbəkələri, onlayn medianı, internet resurslarını, savaş, söyüş meydanına çevirir, yalan, heç bir mənbəyə əsaslanmayan məlumatlar yayaraq, Azərbaycanda olan söz azadlığından sui-istifadə edirlər. Bu gün özlərini dünyada insan hüqüqlarının müdafiə olunduğu, demokratik dəyərlərin bərqərar olunduğu ölkə olaraq təqdim edənlərdə belə bir mühit yoxdur. Amma Azərbaycan mühiti tamamilə fərqlidir. Hər kəs öz fikrində, düşüncəsində azaddır və istədiyini, düşüncələrini açıq şəkildə paylaşa bilir. Bu demokratik bir mühitin göstəricisidir. Amma yaradılan mühit o demək deyil ki, kimsə, qərəzli mövqeyini ortaya qoysun. Kimsə, dövlətimizə qarşı öz qərəzini ictimailəşdirməyə çalışsın. Onların belə mövqeyinin bir amalı var: Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlara, məqamlara yer vermək, mövcud durumumuza kölgə salmaq. Təbii ki, Azərbaycana qarşı qərəzli mövqe tutan, ölkəmizin dünyadakı artan nüfuzuna və imicinə qısqanc yanaşanlar əsassız iddialar irəli sürürlər. Hər bir sosial şəbəkə istifadəçisi paylaşdığı əsassız fikirlərə görə məsuliyyət daşıyır.

Bu gün Azərbaycan dövlətində söz və mətbuat azadlıqlarının qanunvericilik bazası demokratikləşdirilib. Azad söz, azad fikrin bərqərar olduğu cəmiyyətdə əlbəttə ki, azad düşüncə Azərbaycan maraqlarına xidmət etməlidir. Bu gün informasiya məkanı elə bir vəziyyətdədir ki. istəsək də, istəməsək də qapımızı döyür. Əlimizdə olan telefonla bütün dünyandan məlumat belə ala bilirik. Müasir dövrün tələblərinə uyğun olaraq virtual məkan genişləndikcə internetdə mövcud olan sosial şəbəkələrin də sayı artır. Bu, danılmaz faktdır. Belə bir dövrdə yaşadığımız zamanda sosial şəbəkələrdə yer alan milli-mənəvi dəyərlərimizə zidd yazılar, fikirlər, videolar çirkin niyyətli insanların məhsuldur.

SAĞLAM TƏNQİD, SAĞLAM YANAŞMA İNSANIN İNTELEKTİNİ ORTAYA QOYUR

Sosial şəbəkələrdən sui-istifadə edən şəxslər bilməlidirlər ki, Azərbaycanın əxlaq normalarına zidd hərəkətləri heç də qəbuledilən deyil. Bu sosial şəbəkələrdə hər nəslin nümayəndələri, xüsusilə gənclər çoxluq təşkil edir. Etiraf edək ki, sosial şəbəkələrdəki real mənzərə cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Gündəlik həyatda sosial şəbəkələrin müsbət tərəflərini müşahidə etsək də, kifayət qədər mənfi tərəfləri də özünü büruzə verir. Bu da mənəvi-əxlaqın keyfiyyətlərimizə, mənəvi mühitimizin korlanmasına təsirsiz ötüşmür. Sosial şəbəkələrdə bəzi məqamlarda istifadəçinin görünüşünə, danışıqlarına, manevrlərinə diqqət yetirsək, görərik ki, onlar heç də cəmiyyətə müsbət mesajlar ötürmürlər. Xəstə təxəyyüllü insanlarla tez-tez rastlaşırıq. İstər dövlətçiliyimiz əlehinə, istərsə də cəmiyyətimiz üçün heç də yaxşı olmayan mənzərələrin şahidinə çevrilirik.

Sosial şəbəkələrdə mövcud vəziyyətlə bağlı məsələdə ictimai qınaqla yanaşı, hüquqi məsuliyyət də dərk etməlidirlər. Cəmiyyət susmamalı, öz mövqeyini ifadə etməlidir. Hər kəs sağlam mövqeyini ortaya qoymalıdır. Əgər onlar əxlaqsız sözlər danışırlarsa, söyürlərsə buna mütləqdir ki, tədbir görülməlidir. Heç kim kimisə təhqir edə bilmək hüququnda deyil. Sağlam tənqid, sağlam yanaşma insanın intelektini ortaya qoyur. Heç də xoşgəəlməyən hal kimi, sosial şəbəkələr səbəbindən intihara cəhd edənlərin olması da istisna deyil. Hətta sosial şəbəkələrdə vəziyyət elə bir məqama yüksəldi ki, narkotik alverçiləri bura yol aldılar. Təbii ki, onların bu addımı cavabsız qalmadı və hüquq mühafizə orqanları tərəfindən lazımi tədbirlər görülüb. İnsan hüquq və azadlıqlarının qorunması, fikir plüralizminə ölkəmizdə xüsusi diqqət var. Sosial şəbəkələrdə müstəqillik o demək deyil ki, hər kəs istədiyi şəkildə dövlətinə, xalqına şər-böhtan yağdıra bilər, hansısa bir insanın şəxsi həyatına müdaxlə edə, yaxud ona böhtan ata bilər. Təbii ki, Azərbaycan Konstitusiyası ilə hər bir vətəndaşın hüquqları qorunur.

Sosial şəbəkələrdə sakitliyi pozmağa cəhd etmək niyyətində olan şəxslərə təsadüf edirik. Bizim yaşadığımız cəmiyyətdə belə gənclər say baxımından az faiz təşkil edirlər. Təbii ki, Azərbaycan dövlətçiliyini, müstəqilliyini dəstəkləyən gənclərlə müqayisədə onlar nəzərə çarpmır. İnkişaf olan yerdə problemlərin yaşanılması mümkündür. Hər hansı bir gənc ambisiyasına, məqsədinə görə səhv addımlar ata bilər. Amma dövlətə, millətə və vətənə qarşı səhv addım atmaq qeyri-mümkündür. Bu məqsədlə, dövlətə xəyanət məqsədilə atılan addım gəncləri fəlakətə sürükləyə bilər. Bu gün Azərbaycan gəncləri böyük uğurlar qazanıb. Dövlətin dəstəyi ilə qazanılan uğurlar Azərbaycanın nailiyyətləridir. Gənclərimiz inkişaf ediblər və onların intellektual potensialı yüksəlib.

Azərbaycan xalqı böyük xalqdır. 44 günlük Vətən müharibəsində xalqımız dövlətimiz, Prezidentimiz ətrafında sıx birləşdi, həmrəylik göstərdi. Vətəni sevən oğullarımız şəhid oldular, torpaq uğrunda qəhrəmancasına vuruşdular. Bizim gəncliyin nümunəvi simaları var, Güclü, əqidəli, dönməz. Bu oğullarla biz fəxr edirik. Amma təəssüf ki, bəzi gəncliyi təmsil edən sosial şəbəkə istifadəçilərindən milli dəyərlərimizə yad olan fikirləri ilə rastlaşırıq. Mənəvi dəyərləri, əxlaqi, estetik gözəllikləri qorumaq üçün ayıq-sayıq olmalıyıq. Mənəviyyatımıza zidd olan fikirlərin ortaya çıxmasına qətiyyən yol verilməməlidir. Müasir dövrdə sosial şəbəkələrdən düzgün istifadənin təbliği çox mühüm əhəmiyyətə malikdir. Sosial şəbəkələr sanki hər bir istifadəçinin tribunasına çevrilib. Bundan səmərəli və faydalı məsələlər üçün istifadə olunmalıdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə