“Məsuliyyəti rus hərbçiləri daşıyırlar” POLİTOLOQUN MARAQLI ŞƏRHİ

Atəşkəs iki istiqamətdə, Azərbaycanla Ermənistan sərhədində, bir də Qarabağ ərazilərində pozulur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri xatırladıb ki, Azərbaycanla Ermənistan arasındakı sərhəddə atəşkəsin pozulması birbaşa Ermənistan Ordusunun, Ermənistan hakimiyyətinin təxribatıdır və Azərbaycan Ordusu bunun qarşısını qəhramanlıqla alır və bizə aid olan ərazilər də, məntəqələr də nəzarətimiz altındadır.

“Sərhədin müəyyənləşməsi üçün danışıqlara başlanılmalıdır. Bu, bizim əsas tələbimizdir. O ki qaldı Qarabağda ara-sıra atılan atəşə, bəli, buna görə Rusiya məsuliyyət daşıyır, rus hərbçiləri o bölgədə yerləşiblər. Əgər Şuşaya atəş açılırsa, buna görə məsuliyyəti rus hərbçiləri daşıyırlar. Bu, həm də ondan xəbər verir ki, əslində, Rusiya separatçıları tərksilah etmir və etmək də istəmir.
Deməli, 10 noyabr anlaşmasına görə rusiyalı hərbçilər 5 ildən sonra, artıq bir ili də keçib, yəni 4 ildən sonra bölgəni tərk etməlidirlər. Məhz buna görə, Azərbaycanın xarici işlər naziri və müdafiə nazirinin açıqlamalarında, bölgədə müvəqqəti yerləşdirilən sülhməramlılar kimi, bir cümlə keçir. Bu, artıq bizim Moskvaya mesajımızdır ki, 4 ildən sonra onların sülhməramlıları artıq bölgəni tərk etməlidir”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə