Ümumtəhsil məktəblərinin təmir-tikinti işləri davamlı xarakter alıb ŞƏRH

Ümumtəhsil məktəblərinin təmir-tikinti işləri davamlı xarakter alıb ŞƏRH

Dövlət başçısının Sərəncamı ilə Daşkəsən şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisinə 1,0 (bir) milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə həyatının bütün sahələrinə olduğu kimi, təhsil sektoruna da göstərdiyi diqqət və qayğı nəticəsində bu sahədə islahatlar daha da dərinləşib, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqətdə saxlanılıb. Ölkə başçısı çıxışlarının birində vurğuladığı kimi, son illər ərzində təhsildə çox mühüm layihələr reallaşdırılıb, bu sahənin tərəqqisinə böyük qayğı göstərilib. Bu, təsadüfi olmayıb. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, onlarda təhsilin səviyyəsi yüksəkdir: "İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Ona görə artıq 17 ildir ki, Mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Bu illər ərzində tamamilə yeni, müasir nəsil yetişib və gənclər bu gün bütün sahələrdə özlərini göstərirlər. Onların fəallığı, bilikləri, müasir texnologiyalara marağı ölkəmizi gücləndirir".

Təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb infrastrukturunun inkişafı da böyük əhəmiyyət kəsb edir. Təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən olan yeni ümumi təhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi olub. Son 15 ildə 3200-dən çox məktəb inşa edilib, əsalı təmir olunub, yeni tədris korpusları tikilib və ya tam yenilənib. Bu kifayət qədər böyük göstəricisidir. Əlbəttə ki, ümumtəhsil məktəblərinin təmir-tikinti işləri davamlı xarakter alıb və bu, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir. Bu gün ölkəmizin hər bir yerində müasir tipli təhsil müəssisələri şagirdlərin ixtiyarına verilir. Yeni açılan məktəblərdə müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana var. Görülən işlər deməyə əsas verir ki, təhsil müəssisəsində şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri üçün hərtərəfli yüksək səviyyədə şərait mövcuddur.

Həyata keçirilən tədbirlərin davamı olaraq bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev "Daşkəsən şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Daşkəsən şəhərində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Təsadüfi deyil ki, ölkəmizdə təhsilin müasirləşdirilməsi məqsədilə seçilmiş məqsədyönlü fəaliyyətə uyğun olaraq müasir dövrün çağırışlarına əsaslanmaqla potensial imkanlar səfərbər edilib. Təhsil sahəsində aparılan islahatlar, dövlət proqramları, Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi, həmçinin "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında", "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamları bir daha təhsilin dövlət başçısının daim diqqət mərkəzində olduğunu təsdiqləyir. Əlbəttə ki, dövlətimiz tərəfindən təhsilə ayrılan diqqət davamlıdır. Bunun nəticəsidir ki, ölkəmizdə savadlılıq təxminən 100 faizdir. "Təhsil hər bir dövlətin gələcəyidir", - deyən Azərbaycan Prezidenti bildirib ki, elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar təhsilimizin daha uğurlu gələcəyindən xəbər verir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə