Bir millət, iki dövlət fəlsəfəsində YAP-AKP münasibətləri - TƏHLİL
Region Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı sayəsində sülh və inkişaf mərhələsinə daxil olur və bu mərhələyə qədəm qoyulması hər iki ölkənin hakim partiyaları YAP və AKP-nin birgə səyləri, sıx əməkdaşlığı ilə reallaşır. Türkiyə-Azərbaycan münasibətlərinin bütün dünya üçün qardaşlıq nümunəsi olması fonunda YAP-AKP münasibətləri də ölkələrin hakim partiyaları arasında əməkdaşlıq nümunəsi kimi qəbul edilir, dəyərləndirilir. Etiraf olunmalıdır ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının səmərəli əməkdaşlığı qardaşlığımızın qorunmasına böyük töhfədir və öz bəhrəsini verməkdədir.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev ilə Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri cənab Rəcəb Tayyib Ərdoğanın tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin səviyyəsi yüksək həddə çartdırılıb. Bunu mütəmadi keçirilən görüşlər, hər iki tərəfin nümayəndə heyətinin mütəmadi təşkil olunan səfərləri də təsdiq edir. Hər iki ölkə, eləcə də bütün dünya ictimaiyyəti şahiddir ki, Azərbaycanın və Türkiyənin hakim partiyaları, müvafiq olaraq YAP və AKP arasında görüşlər davamlı xarakter alıb və bu heç də təsadüfi deyil. Əksinə, düşünülmüş, planlaşdırılmış şəkildədir, hətta strateji xarakter daşıdığı belə göz önündədir.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin hələ bundan əvvəl, yəni, iyunun 2-də Ankarada AKP-nin mərkəzi qərargahında ilk olaraq Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş ilə görüşü və görüş zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması da təsadüfi sayıla bilməz. Elə bu görüş və imzalanan əməkdaşlığa dair niyyət protokolu da məhz hər iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın sarsılmaz olduğunu təsdiq edən nümunədir. Həmin görüşdə iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin real vəziyyətinin yüksək dəyərləndiriməsi, perspektivlərin müzakirə olunması da o zaman diqqət mərkəzində olub. Dünya ictimaiyyəti də qardaş Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin fonunda YAP və AKP əməkdaşlığının yüksələn xətt üzrə inkişafının artıq fərqində idi.
Şeç şübhəsiz ki, Türkiyə-Azərbaycan münasibətlərini bütün dünya üçün qardaşlıq nümunəsi olduğu sirr deyil və AKP Sədrinin birinci müavini Numan Kurtulmuşun, “Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olmaqla, iki dövlət olsaq da, bir millət olduğumuzu bir daha bütün dünyaya göstərdik”, fikri elə o zamankı görüş zamanı da diqqətdən yayına bilməzdi. Təbii ki, Azərbaycanın Qarabağ Zəfəri nəticəsində yaranmış mövcud vəziyyətin, cəbhədə qazanılan Qələbənin həm Azərbaycan, həm də Türkiyə üçün faydalı olduğunun AKP Sədrinin birinci müavini Numan Kurtulmuş da bilir və bu onun fikirlərində də öz əksini tapır.
Həqiqətən də ölkələrimiz tarixdə ən uğurlu və ən güclü əməkdaşlıq dövrünü yaşayır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, ölkələrimiz arasında digər sahələrdə olduğu kimi YAP və AKP əməkdaşlıq əlaqələrində də dinamik mərhələ yaradıb. Biz bu mərhələnin şahidiyik və hazırda Türkiyənin Ədalət və İnkişaf Partiyasının Azərbaycanda səfərdə olması, cənab Prezident İlham Əliyevin iyulun 26-da Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, dövlət başçıları arasında mütəmadi təmasların əlaqələrimizin genişlənməsində xüsusi rol oynamasının vurğulanması, eyni zamanda, ölkələrimizin müxtəlif qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunulması, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılması ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyi artırır.
Doğrudan da xalqlarımız öz tarixlərinin ən çətin dönəmlərində bir-birilərinə həmişə dəstək nümayiş etdiriblər. Biz bunun ötən əsrin əvvəllərində erməni təcavüzü zamanı da şahidi olmuşuq və Atatürkün, “Azərbaycanın dərdi dərdimiz, sevinci sevincimizdir”, ifadəsi də, həmin dövrdə qardaş ölkənin köməyə gəlməsi də, sonuncu 44 günlük müharibədə mənəvi və siyasi dəstək göstərməsi də yaddaşlardan silinən deyil. Eləcə də, Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq tədbirlərdə qardaş ölkəyə həmişə birmənalı dəstək verməsi, Vətən müharibəsi dönəmində Türkiyə dövlətinin və onun Prezidentinin ölkəmizə göstərdiyi mənəvi və siyasi dəstək sadalananların bariz nümunəsi, deyilənlərin isbatıdır. Bir sözlə, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanır və sözsüz ki, bu münasibətlər hər iki ölkənin hakim partiyası, YAP və AKP arasında olan uğurlu, sıx əməkdaşlığın, hər iki ölkənin hakim partiyasının rəhbərinin, cənab Prezident İlham Əliyev və cənab Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq və qardaşlıq münasibətlərinin bəhrəsidir.
Bəllidir ki, bölgədə gözü olan qüvvələr, ələlxüsus imperialist güclər var və onların vəziyyətə hər yolla təsir göstərmək cəhdlərini də görürük. Onların bu cəhdlərinin də hansı həvəsdən, hansı istəkdən doğduğu sirr deyil. Bir sıra qüvvələrin bölgədə mövqe əldə etmək, əgər bu zamana qədər var idisə, həmin mövqeləri qorumaq, maraqlarını reallaşdırmaq arzuları qəbuledilən olmasa da başadüşüləndir. Məhz bu arzu və istəkləri fonunda onların qarışıqlıq, xaos yaratmaq üçün əldən-ayaqdan getdikləri də tanış ssenaridir. Təxribatçı Ermənistan tərəfinə belə qüvvələrin yaxınlaşması, müəyyən yardımlar və təkan verməsi də diqqətdən yayınan deyil. Təəssüf ki, bu kimi qüvvələrin öz maraqları naminə yürütdükləri siyasətə Ermənistan tərəfi alət olmağa alışqandır və nəticə etibarı ilə bu hal bölgədə sabitliyin qorunmasına öz mənfi təsirini göstərir. Artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin də elə kökündə sadalanan maraq və ssenarilər dayanırdı ki, Ermənistan tərəfi kimlərinsə maraqları, eləcə də öz ambisiyaları naminə bu siyasətə, qarışıqlıq yaratmaq siyasətinə xidməti məqbul sayıb. Nəticədə isə 30 il torpaqlar işğal altında qalıb, dağıdılıb, viran qoyulub, insan tələfatı, soyqırımlar törədilib, hər istiqamətdə vəhşiliklərə Ermənistan tərəfi imza atıb və bu da regionda sülhün, sabitliyin qorunmasına hər zaman əngəl yaradıb. Amma bu əngəlin aradan qaldırılması üçün Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının müsbət təsirini biz artıq görürük. Görürük ki, həmin o qarışıqlıq yaratmaq istəyən qüvvələr ölkələrimiz arasında birlik və qardaşlıqla hesablaşmaq məcburiyyətində olduqlarının artıq özləri də çoxdan fərqindədirlər. Fərqində olmasaydılar 44 günlük müharibə zamanı mane olardılar və onlar cəhd etsələr də bunu bacarmadıqlarını özləri yaxşıca gördülər və anladılar. Anladılar ki, Azərbaycan-Türkiyə birliyi, sotluğu və qardaşlığı qarşısında aciz qalıblar.
Məsələ burasındadır ki, regionda qarışıqlıq yaratmaq istəyən qüvvələr heç də dinc durmaq niyyətində deyillər və onların maraqları keçmişdə qalmayıb. Hələ də regiona burnunu soxmaq istəyənlər az deyil. Hələ də Ermənistan tərəfini şirnikləndirmək istəyənlər öz missiyalarından əl çəkməyiblər və fürsət axtardıqları dərhal duyulur. Bu fürsət axtarışını Fransa kimi bir Avropa ölkəsinin, onun prezidentinin davranışlarında görürük və bu ölkənin rəhbəri Makronun timsalında çoxlarının haqsız olan erməni maraqlarını müdafiə etmələri təsdiq edir ki, bölgədə yaratdığımız sabitliyi pozmaq istəyi ilə alışıb yananlar var. Onların bu yanqısının öhdəsindən gücümüzü artırmaqla, birliyimizi möhkəmləndirməklə, dostluğumuzu qorumaqla, qardaşlığımızı qırılmaz tellərə bağlamaqla, imkanlarımızı səfərbər etməklə gələ bilərik və bilirik də. Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı, birgə imkanlarımız sayəsində gəlirik. Hər iki ölkə rəhbərinin bir-birinə qardaş münasibəti bəsləməsi, hər iki ölkənin hakim partiyasının sıx əməkdaşlığı, bu əməkdaşlığın genişlənməsi sayəsində bütün amneələr dəf olunur və gələcəyə nikbin baxışlar daha da artır. Biz regionda, yaşadığımız bu coğrafiyada sülhün, əmin-amanlığın və tərəqqinin bərqərar olmasına, bunun davamlı olmasına bundan sonra da nail olacağıq və bu nailiyyətimizdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında sıx əməkdaşlığın rolu danılmazdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB