"Azərbaycan Rusiya münasibətləri artan xətlə inkişaf edir" - DEPUTAT AÇIQLADI

"Azərbaycan Rusiya münasibətləri strateji əməkdaşlıq xarakteri daşıyır və artan xətlə inkişaf edir. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində ölkələrimizarası münasibətlərin yeni mərhələyə gətirilməsi və münaqişədən sonrakı dövrün ağrısız keçməsi istiqamətində görüləcək məsələlərlə bağlı müzakirə aparılıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, 2020-ci il pandemiyanın dünya iqtisadiyyatına təsirindən azalmalar müşahidə olunduğu kimi Azərbaycan Rusiya arasındakı ticarət dövriyyəsində də azalma müşahidə olunub: "Amma cari ildə bu azalma kompensasiya olunur və daha genişləndirilməsi istiqamətində hökumətlər arası komisiyalar fəaliyyət göstərəcəkdir. Ölkə başçımızın uzaqgörən siyasəti sayəsində beynəlxalq nəqliyyat dəhlizlərini ərsəyə gəlməsini reallaşdıra bilmişik. 2020-ci il iqtisadiyyatın müxtəlif sahələrində azalmalara gətirilməsinə baxmayaraq cari ildə nəqliyyat dəhlizləri vasitəsilə daşınmalarda sıçrayışlı artımlar müşahidə olunur. Məsələn, keçən ilki müvafiq dövrü ilə müqayisədə Cənub-Şimal nəqliyyat dəhlizi vasitəsilə ancaq Rusiyaya daşınmalar 20% artmışdır. Təbii ki, beynəlxalq daşınmaların artması dövlət büdcəsinə gələn əlavə gəlirlər deməkdir. Azərbaycan Rusiya ilə humanitar sahədə əməkdaşlığını genişləndirir. O cümlədən ölkəmizin iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsində Rusiyanın iştirakı artır. Məsələn, bu gün dünya üçün çox aktual "Sputnik V" vaksinin istehsalını Azərbaycanda təşkil edilməsi istiqamətində işlər görülür. Həm də hökumətlərarası komissiyaları tərəfindən qeyri-neft sektorunda ölkələrimiz arasında istifadə olunmamış iqtisadi potensialının təhlili aparılacaq və yeni imkanlardan istifadə edilməyi planlaşdırılır".

Azər Badamov həmçinin qeyd edib ki, prezidentlərin görüşü zamanı müzakirə olunan əsas məsələlərdən biri də regionda davamlı sülhün təmini istiqamətində işlərin intensivləşdirilməsi olub: "Yəni, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi yeni reallıqlar üzərində yeni səhifənin açılması vacibdir və düşünürəm ki, bu yeni səhifənin açılmasında Rusiya öz üzərinə götürdüyü öhdəliyinə sadiqliyini nümayiş etdirir. Burda eyni vaxtda paralel şəkildə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiya olunması, ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması və yekun olaraq sülh müqaviləsinin imzalanması məslələri gündəlikdə aktualdır. Bu məsələlərin reallaşmasında Azərbaycan israrlıdır və Rusiya da özünü regionda uzunmüddətli sabitliyin bərqərar olunmasına maraqlı olduğunu göstərir. Cənab Prezidentinin Rusiyaya işğüzar səfərindən sonra Ermənistan-Azərbaycan arasında baş verən ara sıra atışmalara da son qoyulacağını düşünürəm. Həll olunmamış ən mühüm məslələrdən biri də Qarabağda erməni hərbi birləşmələrin hələ də qalmasıdır. Düşünürəm ki, Prezident Putinlə bu məsələ də müzakirə olunmuşdur. Həm də qeyd etdiyim məqamlarının razılaşdırılması məqsədilə Rusiya Prezidenti Putin əvvəl Paşinyanla, sonra da Prezident İlham Əliyevlə görüşərək regiondan uzun müddətli və dayanıqlı sülhə nail olunması üçün müəyyən məsələlər razılaşdırıldığını düşünürəm. Hesab edirəm ki, bundan sonra postmünaqişə dövründə münasibətlər müsbət ruhda inkişafına təkan verəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə