Şəhid ailələrinə və müharibə əlillərinə davamlı dövlət qayğısı ŞƏRH
Prezident İlham Əliyev şəhid ailələrinin ən böyük hamisi olduğunu iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə növbəti dəfə görüşü deyilənlərin göstəricisidir
Azərbaycanın modern dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan «Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında» Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib.
Məhz bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Xüsusilə, bu gün müstəqil Azərbaycan, dövlət başçısı İlham Əliyev İkinci Vətən Müharibəsi nəticəsində qaçqın və məcburi köçkünlərə, mürahibədə şəhid və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük Vətən Müharibəsinin əldə etdiyi bu böyük Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir və onlara dövlətin qayğısı daimidir.
Elə iyulun 14-də Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində də bir daha bildirib ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir.
“Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində ikinci Qarabağ müharibəsi öyrənilir”
“Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, ikinci Qarabağ müharibəsi öyrənilir”. Bunu Prezident İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində də bir daha bildirib ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir. Dövlət başçısı bildirib: "Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, ikinci Qarabağ müharibəsi öyrənilir. Biz bunu həm mətbuatda izləyirik, eyni zamanda, bizə bir çox yerlərdən müraciətlər daxil olur, bizim təcrübəmizi öyrənmək istəyən tərəfdaşlar müraciət edirlər". “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır»,-deyən dövlət başçısı bildirib ki, biz hazırlaşırdıq, biz bütün tədbirləri görürdük, bütün addımları vaxtında atırdıq: “Bütün gücləri bir amal uğrunda səfərbər etmişdik ki, torpaqlarımızı işğalçılardan azad edək. Həm hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi - bütün bu amillər, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər olmuşdur. Onu da bildirməliyəm ki, müharibə dövründə bir dənə də fərari olmamışdır. Amma Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Onların yarısı ölkədən qaçmışdır, yarısına qarşı da cinayət işi açılmışdır. Amma sonra Ermənistan rəhbərliyi götür-qoy elədi, dedi ki, bu on min nəfəri burada necə həbs edə bilərlər. Ona görə onları əfv etdi. On mindən çox fərari olmuşdur. O məşhur kadrların hamısı həqiqətdir ki, səngərlərdə Ermənistan ordusunun zabitləri əsgərləri zəncirləyirdilər, avtomobillərdə zəncirləyirdilər ki, qaçmasınlar. Kütləvi qaçış hökm sürürdü. Bax, budur bizim nailiyyətimiz. Amma bizdə bir nəfər də olsun, döyüş meydanından qaçmadı, əksinə, hospitallarda yaralı vəziyyətdə olanlar da həkimlərinə deyirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdırıq. Bəli, bir çoxları da qayıdıb və həlak olub".
“10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub”
“Bu gün şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi təqdim edilir. Bu kompleks 810 mənzildən ibarətdir, böyük yaşayış kompleksidir. Mən indi burada yaradılmış şəraitlə tanış oldum, şərait çox müsbətdir, çox yaxşıdır. Evlər işıqlı, genişdir, 620 nəfərlik məktəb, uşaq bağçası artıq fəaliyyətə hazırdır. Yəni, burada rahat yaşamaq üçün bütün imkanlar var. Burada şəhid ailələri, Qarabağ qaziləri yaşayacaqlar”. Bu barədə Prezident İlham Əliyev iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib.Dövlətimizin başçısı qeyd edib ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir. Son illər ərzində bu sahədə çox böyük işlər görülüb. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il isə 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək. Prezident İlham Əliyev bildirib ki, ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm: “Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir”.
Dövlətimizin başçısı onu da vurğulayıb ki, Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük: “Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilməyib. Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır”.
“Biz müharibə dövründə evlərini itirmiş mülki şəxslərin də problemlərini həll edirik”
“Biz bu gün müharibə dövründə evlərini itirmiş, namərd erməni atəşi nəticəsində yaxınlarını itirmiş mülki şəxslərin də problemlərini həll edirik”,-deyən dövlət başçısı müharibə dövründə Ermənistanın mülki əhalini atəşə tutduğunu, hərbi cinayətlər törətdiyini, qadağan edilmiş silahlardan istifadə etdiyini vurğulayıb: “Ermənistan uzaqmənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub, minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılıb. Bu gün dağıntılara məruz qalmış bütün şəhər və rayonlarımızda quruculuq işləri gedir. Yenə də dövlət xətti ilə yeni evlər tikilir, fərdi evlər tikilir və o evlər dağılmış əvvəlki evlərdən qat-qat keyfiyyətlidir”.Dövlət başçısı bildirib ki, biz bu istiqamətdə ən düzgün siyasət aparırıq və bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir.
“Qazilərimizin məşğulluq məsələləri həll olunur və bizim çağırışımıza özəl sektor müsbət reaksiya verir”
Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, ümumiyyətlə, bu katekoriyadan olan insanlara dövlət daim diqqət və qayğı göstərir: “Qazilərimizin məşğulluq məsələləri həll olunur və mən çox şadam ki, bizim çağırışımıza özəl sektor müsbət reaksiya verir, bu da təbiidir»,-deyən dövlətimizin başçısı qeyd edib ki, özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlət çox böyük işlər görüb. İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər: «Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Bu da yenilikdir. Bu kateqoriyaya aid olan insanlar üçün məşğulluq marafonları keçirilməsi əlbəttə ki, həm dövlət siyasətini, eyni zamanda, cəmiyyətimizin yetkinliyini göstərir. Sahibkarlar da bu məsələyə, bu təşəbbüsə böyük həvəslə qoşulublar və əminəm ki, bu təşəbbüsün çərçivələri getdikcə daha da genişlənəcək”. Azərbaycan Prezidenti çıxışı zamanı qeyd edib ki, son illər ərzində ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir: “Biz hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün vasitələr təqdim edirik və onların sayı artır”,-deyən dövlət başçısı bildirib ki, bu il 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq: “Dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailəsinin üzvləri və müharibə əlilləri vardır. Yəni, bu da daim diqqət mərkəzində olan məsələdir”.
“Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq”
“Biz müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş etmişik və bu protezlər artıq quraşdırılır. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır”. Bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında bildirib.
Dövlət başçısı deyib ki, indi bu protezlərlə insan normal yaşaya bilər, gəzə bilər, qaça bilər, futbol oynaya bilər: "Bax, bunu biz edirik. Əlbəttə, bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib. Biz artıq bir neçə reabilitasiya mərkəzi yaratmışıq və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq biz bunu edirik və bundan sonra da edəcəyik. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə. Çünki hər şey əməllə ölçülür. Yaxşı sözlər demək çox asandır, biz bunu eşitmişik və İkinci Qarabağ müharibəsi dövründə bizim bütün sözlərimiz həqiqəti əks etdirirdi. Ermənistan tərəfi isə öz vətəndaşlarını aldadırdı, vicdansızcasına aldadırdı, yalan danışırdı və bunun acısını indi çəkir. Bizim isə sözümüz tam həqiqətdir və verilmiş vədlər də tam yerinə yetirildi. Bu günə qədər verilmiş bütün vədlər, o cümlədən ərazi bütövlüyümüzün bərpası ilə bağlı verilmiş vədlər yerinə yetirildi”.“Mən şəhid ailələri ilə 18 il ərzində çoxsaylı görüşlər keçirmişəm. Daim çalışmışam ki, onlara həm mənəvi dəstək verim, həm də onların məişət problemlərini həll edim. Eyni zamanda, bilirdim ki, onlar üçün bütün bu məişət problemlərindən daha vacib məsələ onların övladlarının qisasının alınmasıdır”.
Bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında deyib. “Mən bunu çox yaxşı başa düşürdüm və biz hamımız onların qisasını almaq istəyirdik və almalı idik. Deyirdim ki, onların qanı yerdə qalmayacaq və bu gün gəldi. Biz bütün şəhidlərimizin qanını aldıq. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını döyüş meydanında aldıq və bununla fəxr edə bilərik. Öz yaxınlarını itirmiş insanlar, hesab edirəm, bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı geri almalıyıq” - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Dövlətimizin başçısı deyib ki, şəhidlərimiz haqq yolunda Vətən uğrunda həlak olublar: “Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunub. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər”.
“Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var!”
Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib ki, indi yeni dövr - quruculuq dövrü, postmünaqişə dövrü başlayıb: “Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik”.
Dövlətimizin başçısı vurğulayıb ki, əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb: “Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq». Azərbaycan Prezidenti, həmçinin onu deyib ki, biz ordumuzla bağlı yeni planları həyata keçiririk: «Ancaq biz hesab edirik ki, münaqişə həll olunub, biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz Qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var”.
“Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”
Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, iyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam: “Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur».
«İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq»,-deyən dövlət başçısı vurğulayıb ki, «üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”.
Ali Baş Komandandan Ermənistana xəbərdarlıq: “Yaxşı fikirləşsinlər, sonra gec ola bilər”
“Bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər”. Bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə deyib. Dövlət başçısı bir daha vurğulayıb ki, bu gün Ermənistan qalib ölkənin təklifi ilə razılaşmalıdır: “Bu gün bir məsələyə də toxunmaq istəyirəm. Mən bunu artıq bir neçə dəfə səsləndirmişəm. Hesab edirəm ki, sizin qarşınızda buna da aydınlıq gətirməliyəm. Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar”.
Bəli, göründüyü kimi, vətəndaş dövlətin arxasında olduğu kimi, dövlət də vətəndaşının arxasındadır. Azərbaycan dövlətinin apardığı siyasətin əsas məqsədi ölkənin iqtisadi cəhətdən daha da inkişaf etməsidir. Çünki məhz iqtisadi yüksəliş dövlətə sosial məsələləri uğurla həll etməyə imkan verir. Təsadüfi deyil ki, hər il ölkənin büdcəsi təsdiq olunarkən əhalinin sosial rifahının artırılması diqqət mərkəzində olur. Büdcədən sosial sahəyə ayrılan vəsaitin həcmi ildən-ilə artır. Hətta pandemiya şəraiti səbəbindən dövlətin gəlirləri müəyyən qədər azalsa belə, cari ildə də sosial sahəyə ayrılan vəsaitin həcmi çoxalıb. Həyata keçirilən sosial siyasət həm də geniş əhatəli olur. Bu zaman ölkənin sosial dəstəyə ehtiyacı olanların hamısının mənafeyi nəzərə alınır. Azərbaycanda tələbələrdən tutmuş İkinci Dünya müharibəsinin veteranlarına kimi hamıya sosial qayğı göstərilir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır. Bu, sosial sahədə görülən işlərdə praktiki olaraq təsdiqini tapır.
Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir. Bu gün uğurla aparılan sosial siyasət kursu və görülən işlər təsdiqləyir ki, dövlət hər zaman bu kateqoriyadan olan insanların yanındadır. Bir sözlə, əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB