“Təxribatlar “Dəmir yumruq” əməliyyatını tezləşdirdi” POLİTOLOQ ŞƏRH ETDİ

“Təxribatlar “Dəmir yumruq” əməliyyatını tezləşdirdi” POLİTOLOQ ŞƏRH ETDİ

“Paşinyanla Tonoyan Tovuz təxribatına qədər də artıq “qırmızı xətti” keçmişdilər. Paşinyan Şuşaya tez-tez gələndə, Şuşadan “Qarabağ Ermənistandır” deyəndə, separatçıların “parlamentinin” Şuşada yerləşəcəyinə qərar verəndə, Tonoyan isə “biz yeni ərazilər ələ keçirəcəyik” açıqlamasını verəndə artıq müharibə düyməsinə basılmışdı və Azərbaycan qərarını vermişdi.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri vurğulayıb ki, Tovuz təxribatı sadəcə rəsmi Bakının qərar gününü yaxınlaşdırdı.
“Nikol Paşinyanla danışıqlar aparmasının mənası yox idi. Bunu prezident İlham Əliyevin açıqlamalarından da anlamaq olardı. Azərbaycan-Türkiyə hərbi birliyi Paşinyanı qorxudurdu. Çünki, Türkiyə-Azərbaycan siyasi və hərbi ittifaqının Rusiya-Ermənistan ittifaqından güclü olduğunu bilirdi.

Cənab Prezident İlham Əliyev 2020-ci il iyulun 21-də Bakıda şəhid ailələri ilə görüşdəki çıxışında Türkiyə ilə strateji tərəfdaşlığa önəm verdiyini bir daha vurğuladı. Cənab İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanın xüsusi olaraq ona söylədiyi fikirləri xatırlatdı: “Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar. Biz sona qədər bir yerdəyik”. İlham Əliyevin bu sözlərindən aydın oldu ki, Azərbaycan Türkiyə ilə hərbi-strateji müttəfiqliyi üst səviyyəyə qaldırmağa hazırdır. Elə sərhəddəki insident zamanı müdafiə nazirinin Ankaraya göndərilməsi də prezidentlərin telefon söhbətindən sonra reallaşmışdı.

Azərbaycan ictimaiyyəti Tovuz döyüşlərindən sonra işğal altındakı torpaqların azad olunmasını tələb edirdi. Ermənistandakı daxili vəziyyət, o cümlədən beynəlxalq mühit də hərbi əməliyyata başlamaq üçün, Azərbaycan üçün minbit zəmin yaradırdı. Prezident də Azərbaycan cəmiyyətinin və beynəlxalq aləmin dəstəyindən məmnun qaldığını bildirirdi. Ancaq cənab Prezident son qərarı vermək üçün başqa amilləri də nəzərə almaq məcburiyyətində idi. Bu amillər içərisində Azərbaycanda qarışıqlıq yaratmaq istəyən güclərdən tutmuş xarici mərkəzlərin işğalçıya dəstəyinə qədər amillər var idi. Müharibə başlayacağı təqdirdə bu risqlər ortadan qaldırılmalıydı. Buna baxmayaraq, Azərbaycan Prezidentinin fikri qəti idi: Müharibə qaçılmazdır. Bu Ermənistan hakimiyyətinə və cəmiyyətinə də ciddi mesaj idi ki, onlar Azərbaycan torpaqlarını azad etmək istəmirlərsə, müharibə və itkilərlə üzləşməli olacaqlar.

Azərbaycan ordusunun 2020-ci il iyulun 21-də Ermənistana məxsus iki pilotsuz uçuş aparatının Azərbaycan səmasında neytrallaşdırması sərəhddəki insidentdən sonra vəziyyətin sabitləşmədiyindən xəbər verirdi. Pilotsuz uçuş aparatlarından biri Ağdam rayonu istiqamətində vuruldu. Bu o demək idi ki, Ermənistan hakimiyyəti döyuşlərin Tovuz istiqamətindən Dağlıq Qarabağ istiqamətinə keçə biləcəyindən narahatdır və ona görə işğal altındakı ərazilərdən kəşfiyyat uçuşları həyata keçirirlər. Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı erməni separatçıları Azərbaycan ordusunun Dağlıq Qarabağda hücuma hazırlaşa biləcəyindən ehtiyatlanırdı. Təsadüfi deyil, Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutunyan az qala hər gün işğal altındakı hərbi məntəqələrin hazırlıq səviyyəsini şəxsən yoxlayırdı.

Azərbaycan ordusunun əsas hədəfi Qarabağ idi. Ermənistan hakimiyyəti sadəcə, Tovuz istiqamətində təxribatlar törətməklə, Azərbaycan ordusunun əsas gücünün Dağlıq Qarabağ istiqamətində cəmlənməsinə mane olmağa çalışırdılar və istisna deyildi ki, bu təxribatlarını davam etdirəcəkdilər. Ona görə də Azərbaycan ordusu yaxın gələcəkdə həm sərhəddə düşmənin təxribatlarına cavab verməli, həm də Dağlıq Qarabağ istiqamətində hücum əməliyyatlarını həyata keçirməli olacaqdı”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə