Ukraynalı bloger bu dəfə Ağdamdadır! REPORTAJ+FOTOSESSİYA

Aleksandr Çeban hər şeyi olduğu kimi danışır və göstərir

Ukraynanın tanınmış fotoblogeri və səyyahı Aleksandr Çebanın Azərbaycana səfəri davam edir və onun əsasən, 30 ilə yaxın dövr ərzində işğal altında qalmış və 44 günlük müharibədən sonra azad edilmiş torpaqlarımızdan hazırladığı reportajları istər postsovet məkanında, istərsə də digər xarici ölkələrdə maraqla izlənilir.

Ötən gün onun Füzuli şəhərində gedən tikinti quruculuq, inşaat və bərpa işləri ilə bağlı hazırladığı reportajı təqdim etmişdik. Aleksandr əsasən, Füzulidə inşa edilən və beynəlxalq standartlara cavab verəcək aeroportla bağlı çoxsaylı fotosüjetlər təqdim edib, qısa müddətdə tikilərək istifadəyə veriləcək hava limanının möhtəşəmliyindən heyranlıqla söhbət aparıb, cəmi altı ay ərzində belə nəhəng infrastrukturun az bir zamanda yalnız Azərbaycanda tikilə biləcəyini vurğulayıb.

https://sia.az/az/news/politics/877976.html

Növbəti fotoreportaj - Ağdam...

“Biz tozlu yolla praktiki olaraq gecə və gündüz bütün istiqamətlərə doğru hərəkətdə olan tikinti texnikalarını ötərək irəliləyirik. Elektrik yarımstansiyaları, su təchizatı stansiyaları, yollar, körpülər, kommunikasiyalar – bu yerlər 25 illik süstlükdən sonra regionda həyatın geri qaytarılmasının inkişaf əsasıdır”, qeyd edən ukraynalı fotobloger Ağdam sözünün mənasını izah edərək bildirir ki, bura Qarabağ xanlığının rəhbəri Pənahəli xanın “İmarət” iqamətgahının ağ rəngdə olmasından götürülüb. Bloger bildirib ki, onun iqamətgahı son 25 ildə ayaqda qala bilib və dağıdılmayıb. SİTAT: “Ağdam Xankəndidən 26 km, Bakıdan isə 365 km aralıda, şərqi Qarabağ silsiləsinin ayağında, Qarabağ düzənliyinin kənarında yerləşir. İki onilliklər boyunca dağıdılmış kəndlərin və bütöv şəhərlərin qalıqlarını görəndə onları sözlə ifadə etmək ağırdır. Buradakı torpaqların minalardan təmizlənməsi uzunmüddətli işlər tələb edir”.

Ağdamın girişində elə də böyük olmayan ekspozisiyanı nəzərdən keçirərkən tamamilə başqa şey gördüm

Aleksandr qeyd edir ki, Qarabağda həyatın bərpası prioritet olaraq götürülüb və planlar, onların realizəsi azərbaycanlıların bu məsələdə qətiyyətli olduğunu göstərir, bu isə təsəvvürəgətirilməzdir.

Bloger yeni Ağdamın planını görərkən heyrətini gizlədə bilməyib: “Mən düşünürəm ki, ümumilikdə yeni şəhər salmaq, sadə tikililər inşa etmək, oraya insanları yerləşdirmək və s. heç də çətin iş deyil, amma mən Ağdamın girişində elə də böyük olmayan ekspozisiyanı nəzərdən keçirərkən tamamilə başqa şey gördüm – şəhər infrastrukturunun dünyanın uğurlu şəhərlər təcrübəsini əks etdirən möhtəşəm planı, rəqəmli texnologiyalar, bərpa olunan enerji, texnoparklar və gələcək investisiyalar üçün xüsusi tələblərə malik zonalar.

Ağdamın bərpası planları

Aleksandr Çeban Ağdamın müasir quruluşunun necə olacağı ilə bağlı planları gördükdən sonra onları izahlı şəkildə aydınlaşdırmağa çalışıb. SİTAT: “Tikinti planları barədə rəsmi informasiyalar bu barədədir: Müasir Ağdama şəhərin özü olmaqla Ağdam rayonunun yaxınlığında yerləşən +8 kəndi də daxil olacaq. Ağdamın ölçülərini 1750 hektar + 2450 hektar da yaşıl zonalar (bağlar) təşkil ediləcək. Şəkillərdəki sxemlərdə bu göstərilib. Şəhər sakinlərinin sayı 100 min olacaq ki, bu da Ağdamı Qarabağın ən böyük şəhərinə çevirəcək və Azərbaycanın 6-cı ən böyük şəhəri olacaq. Əhalinin 70-%-i çoxmənzilli, 30%-i isə fərdi evlərdə yaşayacaq. İlkin mərhələdə şəhərdə 1750 yaşayış binası və çoxmənzilli evlərdə 23 000 mənzil olacaq. Şəhər ərazisinin 23%-i meşə və park zonalarından (yaşıl zona) ibarət olacaq. Ağdamda həmçinin 125 hektar ərazidə meşə parkı yerləşəcək”.

Bloger sənaye əraziləri (industriya parkları) barədə də söhbət açıb. O, qeyd edir ki, bu sənaye parkları şəhərin yaxınlığında tikiləcək ki, məşğulluq sabitliyini qoruyub-saxlasın: “Estetik məsələ də unudulmayıb. Şəhərdə süni gölün yaradılması nəzərdə tutulub. Həmçinin, şəhər üzərindən 2 kanal keçəcək və onların üstündə körpülər inşa olunacaq. Şəhər zonalaşdırılacaq və tarixi mərkəzə, inzibatiyə, yaşayışa, yaşıllıq və sənayeyə, eləcə də kənd təsərrüfatı zonalarına ayrılacaq. Tarixi mərkəz özündə İmarət saray kompleksini, Qarabağ xanlarının mavzoleylərini, Şahbulaq qalasını və yeni məscidini birləşdirəcək”.

Azərbaycanda ilk dəfə “ağıllı şəhər” konsepsiyası tətbiq ediləcək

Aleksandr şəhərin Qarabağ ənənələrinə malik arxitektura stilinə malik olacağını bildirib: “İnzibati mərkəz 30 min insanı toplayacaq futbol stadionundan, bələdiyyə binalarından, teatr, konsert zallarından, Qarabağ universitetindən ibarət olacaq. Həmçinin, Qələbə şərəfinə memorial muzey və açıq havada konsert zalı olmaqla park inşa ediləcək. Hər bir fərdi yaşayış evinə kənd təsərrüfatı tələbatlarının ödənilməsi üçün 4-5 hektar torpaq ayrılacaq.

Su təchizatının təminatı üçün Suqovuşan, Xaçinçay su anbarları, həmçinin artezian mənbələri istifadə olunacaq. Ağdam insanlar üçün komfort yer olmalıdır. Şəhərdə piyadalar və veloxətlər üçün böyük şəbəkələr olacaq. Şəhərin nəqliyyat sistemi dairəvi nəzərdə tutulur. Avtomobil yollarından ayrı tramvay xətti istifadəyə veriləcək. Azərbaycanda ilk dəfə “ağıllı şəhər” konsepsiyası tətbiq ediləcək”.

Realizə müddəti

Ukraynalı bloger qeyd edir ki, layihənin vizuallığına baxarkən yalnız bir sual yaranır, “nə vaxt?”. SİTAT: “İlk yaşayış kompleksi artıq gələn il inşa ediləcək, mən əvvəlcə düşündüm ki, bu oteldir, çünki çox stilli görünür. Bu ana qədər gərək yollar tikilsin və infrastruktur bazaları mövcud olsun. Artıq indidən buldozerlər hektarlarla tikinti qalıqlarını kənara aparır və gələcək tikinti meydanı üçün yer hazırlayırlar”.

O, qeyd edir ki, Ağdam, ümumilikdə isə Qarabağ unikal iqliminə və şəraitinə görə hər zaman aqrar bölgə olub. Bu baxımdan, müasir və rahat həyatla yanaşı, kənd təsərrüfatı və sahibkarlıq özü-özlüyündə buraya geri qayıdacaq.

İnanıram ki, artıq bir ildən sonra burada hər şey yepyeni olacaq!”

Aleksandr Çeban reportajının sonunda yazır ki, turizm nöqteyi-nəzərindən Ağdam və Qarabağ hərbi-tarixi kontekstdən saxlanılmalı, tarixinin müxtəlif dövrlərini göstərməlidir: “Region 90-cı illərin əvvəllərindən həyat işartıları görünməyən bir yer olub, dağıdılıb və talan edilib, özü də döyüşlər vaxtı deyil. Lakin burada bir çox tarixi binalar yaxşı vəziyyətdə olmasa da, ayaqda qala bilib. Mən hazırkı mənzərəni gələcək planlarla qarışdırmaq istəməzdim, ancaq növbəti postlarımda Ağdamın hazırda necə göründüyünü mütləq göstərəcəm. İnanıram ki, artıq bir ildən sonra burada hər şey yepyeni olacaq!”

Rövşən RƏSULOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə