“Azərbaycan ordusu qalib ordudur” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi, əslində, ölkəmizin müstəqilliyinin tarixidir”. Bunu UTOHGMİB-nın sədri, hərbi ekspert Emin Həsənli SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb: “Böyük sərkərdələr yetirən Azərbaycan xalqının çox yaxşı bir deyimi var: “Ordun varsa, yurdun var”. Azərbaycan ordusu qalib ordudur. Yəni Azərbaycan ordusu 21-ci əsrin son savaşını qalibiyyətlə aparmış bir ordudur. Bir sözlə, ordumuz müasir, peşəkar ordudur. Döyüşən orduda xidmət edən hərbi qulluqçularımız həm peşəkardır, həm vətənpərvərdir. 44 günlük Vətən müharibəsində şəhid olan insanlarımıza Allah rəhmət eləsin, yaralılarımıza can sağlığı versin. Ordunun yaranma günü hər birimiz üçün önəmlidir. Ona görə ki, müstəqilliyi və təhlükəsizliyi qoruyan silahlı qüvvələrdir. Azərbaycan ordusu ilə Azərbaycan xalqı fəxr edir, qürur duyur və bu ordu daima Azərbaycanın müstəqilliyinin keşiyində duracaq. Hər bir tapşırığı layiqincə yerinə yetirməyə qadir bir ordumuz var. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə