Regionun gələcək inkişafına imkanlar yaradan Şuşa Bəyannaməsi

Prezident İlham Əliyev: “Bəyannamə yaxşı bir əməkdaşlıq sənədi olmaqla yanaşı, gələcək münasibətlər üçün zəmanətdir”

Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplomatik siyasətinin reallığıdır. Məhz İkinci Vətən Müharibəsinin 44 gün ərzində 30 il işğalçı Ermənistandan azad olunan torpaqlarımız müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın dövlət başçısına olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, həmçinin Pakistan, Əfqanıstan, ŞKTC, Bosniya və Hersoqovina, qonşu Gürcüstan, Ukrayna, İsrail, Macarıstan, Moldova, İran, qismən dəstək verən ölkələrdən Malayziya, Mərakeş, Səudiyyə Ərəbistanı, Özbəkistan, Qətər, Qazaxıstan, İndoneziya, Misir Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək olmaqla dost ölkə olduqlarını, istənilən separatçılıq və ya silahlı üsyan addımlarını qınadığını bildiriblər.

Ən əsası isə işğaldan azad olunmuş torpaqlarımızda böyük quruculuq işlərinə Azərbaycana əsl dost olan ölkələrin dəvət olunmasıdır. Dövlət başçımızın dediyi kimi: “Bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik”.

Şuşa Bəyannaməsi – Bir millət, iki ürək – Azərbaycan Türkiyə qardaşlığının reallığı

Ən əsası isə, işğaldan azad olunmuş torpaqlarımızın bərpa və quruculuq işlərində ən böyük dəstəyi qardaş Türkiyə dövləti verib və bu gün də Azərbaycanın yanında olmaqla “Bir millət, iki dövlət” meydanda da özünü açıq şəkildə göstərdi və göstərməkdədir. Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər iki ölkə üçün tarixi əhəmiyyət daşıyacaq müttəfiqlik münasibətləri haqqında iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərində yeni bir dövrə qapı açacağını söyləmək mümkündür. Bu çərçivədə liderlərin imzaladığı Şuşa Bəyannaməsi olduqca diqqətəlayiq hadisə olmaqla, həm də Azərbaycan ilə Türkiyə münasibətlərinin yeni yol xəttini təyin edən sənəddir. İmza mərasimi zamanı tarixi əhəmiyyətli məqamlardan biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada baş konsulluğun açılacağını bildirməsi oldu. Bu bəyanat bir daha bütün dünyaya Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu və qardaş Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə verdiyi əhəmiyyəti açıq şəkildə elan etdi.

Zəngəzur dəhlizi ölkəmizin strateji əhəmiyyətini artıracaq

İmzalanma mərasimində Azərbaycan Prezidenti Şuşa Bəyannaməsinin əhəmiyyətini dolğun və lakonik şəkildə yüksək dəyərləndirərək bildiridi ki, bu tarixi sənəd gələcək münasibətlər üçün zəmanətdir: “Bəyannamə yaxşı bir əməkdaşlıq sənədi olmaqla yanaşı gələcək münasibətlər üçün zəmanətdir”. Prezident müdafiə sahəsindəki əlaqələrə və Zəngəzur dəhlizinə də diqqət çəkərək, bu dəhlizin mütləq tətbiq olunacağını vurğulayıb və bu, həm də Ermənistanda 10 noyabr bəyannaməsinin icrasına etiraz edən siyasi qüvvələrə, revanşistlərə ciddi mesaj idi.

Həmçinin, dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, “Şərq-Qərb” nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Bütövlükdə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşılığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq. Bir sözlə, Şuşa Bəyannaməsinin imzalanması nəinki iki ölkənin, bütövlükdə regionun tarixində özünəməxsus yer tutacaq.

Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq. Qələbə Zəfəri ilə - Qarabağ Azərbaycandır! Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”

Rəcəb Tayyib Ərdoğan: “Şuşa Bəyannaməsi yeni dövrdə Türkiyə-Azərbaycan münasibətləri üçün yol xəritəsini müəyyənləşdirir”

“Qardaşım İlham Əliyevlə bir az əvvəl keçirdiyimiz görüşdə münasibətlərimizi təkrar dəyərləndirmək imkanımız oldu”- deyən Rəcəb Tayyib Ərdoğan deyib ki, TANAP layihəsi ilə Türkiyə üzərindən keçən Azərbaycan təbii qazı Avropa bazarlarındakı yerini alıb: “Dəyərli qardaşımın da ifadə etdiyi kimi, “tək millət, iki dövlət”in təməlində yüksəltdiyimiz münasibətlərimizi daha da yüksək səviyyəyə aparacaq yeni bir tarixi addım atdıq. Bu münasibətləri bundan sonrakı dönəmdə daha da gücləndirəcəyik və yolumuza davam edəcəyik”.

Türkiyə Prezidenti diqqətə çatdırıb ki, bu gün imzalanan Şuşa Bəyannaməsi ilə münasibətlərin yeni dönəmdəki yol xəritəsi müəyyən edilib: “Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi bir çox məsələləri əhatə edir. Bundan sonra gələcəkdə bir çox addımları atarkən burada artıq sadəcə iki ölkəni deyil, bütün bölgəni əhatə edən bir qətiyyət əksini tapacaq».

Prezident İlham Əliyev: “Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır”

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa bəyannaməsinin Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırdığını deyib: “Bu gün tarixi gündür. Türkiyə Prezidentini Qarabağ torpağında salamlayırıq. Əziz Qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var”.

Dövlətimizin başçısı deyib: “Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır”.

Türkiyə Prezidenti bölgədə təsiri olan hər kəsi Azərbaycanın Zəfərini qəbul etməyə və gələcəyə baxmağa çağırıb

Türkiyə Prezidenti çıxışı zamanı bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmaq çağırışını edib. Rəcəb Tayyib Ərdoğan deyib: “Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Altılı platforma dedik. Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun”.

Türkiyə Prezidenti sözünü davam edərək deyib: “Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək”.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə